Lənkəran sakini: "Həyat yoldaşımın iki ayağı da şikəstdir, pensiya vermirlər"

Lənkəran sakini:

03-05-2021 01:30 / Bu xəbər 3929 dəfə oxundu

"İki ildir ki, bizi süründürürlər, amma ortada nəticə yoxdur. Körpələrim evdə acından ölür, yoldaşımın vəziyyəti isə göz önündədir".

Bu sözləri Arqument.az-a Lənkranın Vilvan kənd sakini Həmidə Gənciyeva deyir.

O deyir ki, həyat yoldaşı Zaur Gənciyev 2019-cu ilin noyabrında Masallı rayonu ərazisində avto qəza keçirib. 

Gənciyevanın sözlərinə görə, qəzadan sonra həyat yoldaşı əmək qabiliyyətini tamamilə itirib, iki ayağı şikəst qalıb: "Qəzadan sonra onu Masallı Rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Ondan sonra da ölkədə müxtəlif xəstəxana və klinikalarda əməliyyat olunsa da, nəinki addım atmaq, heç ayaq üstə sərbəst dayana da bilmir. Onu travmatologiyaya apardıq, oradan bizi Bakı Sağlamlıq Mərkəzinə göndərdilər. Həmin klinikada Seymur həkim var, damar cərrahıdır. Əməliyyat etdi, amma nəticə olmadı. Daha sonra həmin xəstəxanada Sənan həkim dedi ki, mən əməliyyat edib xəstəni sağaldaram, amma ödənişin məbləği yüksək olduğundan gücümüz çatmadı.Oradan da kor peşman qayıtdıq. Masallıdan Babək həkim Zauru 6 ay "İlizarov" aparatına qoşdu. MRT-yə apardıqdan sonra məlum oldu ki, Babək həkim xəstəyə səhv müalicə tətbiq edib, amma səhvini boynuna almadı".

"Yoldaşımın vəziyyəti getdikcə ağırlaşırdı. Belə qərara gəldik ki, tərifi yerə-göyə sığmayan hospitallara üz tutaq. "Medera" Hospitalda travmatoloq Ceyhun İsmayılov Zauru bağ əməliyyatı etdi. O qədər pul tökməimizə baxmayaraq, yoldaşımı bir az da yarıcan etdilər. Günlərlə qızdırması düşmədi, vəziyyəti daha da ağırlaşdı. Bizə dedilər ki, guya koronavirusa yoluxub. Amma sonradan bildik ki, ayağına çirk yığılıb. Beləliklə, bizə dedilər ki, bağ əməliyyatı tutmadı. Göz görə-görə yoldaşımı şikəst etdilər", - Həmidə Gənciyeva belə deyir. 
 
Vətəndaş deyir ki, həyat yoldaşının ayaqları quru ağacdan fərqlənmir, amma dövlət qurumları da qapılarını onların üzünə bağlayıb.

Onun sözlərinə görə, müxtəlif dövlət qurumlarına birbaşa müraciət etsə də, ünvanladığı məktublar ya cavabsız, ya da nəticəsiz qalır. 

Gənciyeva şikəst və yataqda olan həyat yoldaşına pensiya da ala bilmir. Buna görə dəfələrlə xəstəxanaların qapısını döysə də, baxan olmayıb, heç səhiyyə və əmək və əhalinin sosial müdafiəsi nazirlikləri də onun müraciətlərinə cavab verməyiblər: "Yoldaşım iki ildir ki, əlil arabasındadır, amma Lənkəran Mərkəzu Xəstəxanası ona penasiya üçün sənəd vermir. Keçən il yayda Səhiyyə Nazirliyinin qarşısına getsəm də, dedilər ki, pandemiyadır, səni qəbul edə bilmərik .Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də eyni cavabı verdi. Heydər Əliyev Fondundan isə bizi Travmatologiya İnstitutuna yönləndirdilər. Bəh-bəhlə qarşıladılar, dedilər ki, İlqar həkimi Moskvadan xalqa layiqli xidmət etmək üçün gətirmişik, özü də professordur. Bütün bunlara baxmayaraq həmin adam bizi qəbul etmədi. Yalnız Qələndər Canbaxşiyev adlı həkim bizimlə görüşdü, heç görüşməsə, ondan yaxşı idi. Bizi mədəni surətdə qovdu və dedi ki, bu ayağı kim əməliyyat edibsə, gedin onun yanına". 

"Mən də Azərbaycan vətəndaşıyam niyə heç kim bizimlə maraqlanmır? Nə vaxta kimi bu belə də davam edəcək? Hər yerdən əlimi üzüb prezidentə, Mehriban xanıma və TƏBİB-ə məktub yazdım. TƏBİB-dən cavab gəldi ki, bizlik deyil. Ən sonda Mehriban xanımın göstərişiylə bizi Altay həkimin yanına göndərdilər. Altay həkim də baxıb dedi ki, həkimlər sizi düzgün əməliyyat etməyiblər. Bizdə sənə aid protez yoxdur, çünki ayağında infeksiya olub, bağ əməliyyatı isə vaxtında edilməyib. Yəni bağlar artıq yoxdur, endoprotezi isə bağ saxlayır. Bir endoprotez var, ömrü az olduğundan, sadəcə, onkoloji xəstələrə yararlıdır. Onun da qiyməti isə 25-30.000 civarındadır. Ona da gücümüz çatmır", - Həmidə Gənciyeva deyir.

Gənciyevlər dəfələrlə Lənkəran Mərkəzi Xəstəxanasına müraciət ediblər, amma pensiya məsələsi "düyün"ə düşüb. Lənkəran Mərkəzi Xəstəxanasında onlara deyiblər ki, sənədlr Bakıya göndərilib. 

İki az yaşlı körpəsi ilə dövlət qayğısından kənarda qalan Həmidə Gənciyeva deyir ki, həyat yoldaşının fizioterapiyaya ehtiyacı olsa da, hazırda ailənin müalicəyə maddi ımkanı yoxdur: "Əgər pensiya versəydilər, heç olmasa Zauru fizio-terapiyaya apara bilərdik. Yoldaşımın vəziyyəti ağırdı. Mənim iki körpəm var, 260 manat maaş alıram, onun 130 manatı kreditə gedir, 130 manatla da evi dolandırmağa çalışıram. Fizioterapiyaya ehtiyacı var, amma mən onu heç yerə apara bilmirəm".
 
Səkinəxanım