Lənkəranda "DOST"-un maaş kartları vəzifəlilərin qohumlarına paylanılıb - YENİLƏNİB

Lənkəranda

02-05-2020 02:11 / Bu xəbər 1586 dəfə oxundu

Lənkəranda "DOST" Mərkəzinin maaş kartlarının vəzifəli şəxslərin qohumlarının adlarına yazılması barədə daha bir məlumat yayılıb. 
 
Qlobal.az xəbər verir ki, məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb. 
 
Lənkəran şəhər İcra Hakimiyyətinin başçısının Taleh Qaraşovun Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin oğlu, "LƏNKƏRAN CİTY TRAVEL” MMC-nin təsisçisi Babək Xıdırlının adına maaş kartı açdırdığını qeyd edən jurnalist daha bir ilginc fakta toxunub: "Sosial işçi kimi adına maaş kartı açılanlardan biri də rayonun Kənarmeşə kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Xanbaba oğlu Babayevdir. Elvin Babayev Taleh Qaraşovun 1-ci müavini Babayev Möhübbət Hacıbaba oğlunun qardaşı, 1954-cü il təvəllüdlü Xanbaba Babayevin oğludur".

O bildirib ki, adı "DOST" maaşı alanlar siyahısında olanlardan biri də keçmiş deputat Hadı Rəcəblinin yaxın qohumu Rəcəbov Şamil Cəsail oğludur.

"Hadı Rəcəblinin qardaşı İqbal Rəcəbov Lənkəran şəhərinin maliyyə idarəsinin rəisidir. İqbal Rəcəbovun qızı Firuzə Rəcəbli Lənkəran şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqudur", - jurnalist bildirib. 
 

Qlobal.az xəbər verir ki, bu ilin fevral ayında Lənkəran kənd 74 saylı Seçki Dairəsinin sədri Rufiyev Əlövsət Rufi oğlu ötən ilin oktyabrından "DOST" Mərkəzi MMC-də fəhlə kimi çalışması ilə bağlı xəbər dərc etsə də, Lənkəran İcra Hakimiyyəti mövzuya münasibət bildirməyib. 
 
Lənkəran İcra Hakimiyyəti "DOST”-un maaş kartlarının Lənkəranda vəzifəli şəxslərin qohumlarına paylanılması ilə bağlı mətbuatda yayılan xəbərə aydınlıq gətirib. 
 
Qlobal.az-ın elektron poçtuna göndərilən məktubda deyilir: "Sosial şəbəkələrdə yayımlanan "DOST İş Mərkəzi” MMC-də "sosial işçi” kimi işə götürülmüş Lənkəran Şəhər İcra başçısının birinci müavini Babayev Möhübbət Hacıbaba oğlunun qardaşı oğlu kimi qeyd olunan rayonun Kənarmeşə kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Xanbaba oğlu Babayev və keçmiş deputat Hadı Rəcəblinin yaxın qohumu kimi göstərilən Rəcəbov Şamil Cəsail oğlu barələrində bildiririk ki, yayılan məlumatlar tamamilə əsassızdır. Möhübbət Babayevin Xanbaba adında qardaşı yoxdur və ümumiyyətlə Elvin Xanbaba oğlu Babayevlə heç bir qohumluq əlaqəsində deyil. Liman şəhər sakini Rəcəbov Şamil Cəsail oğlu isə Hadi Rəcəblinin yaxın qohumu deyil. Hər iki vətəndaşın 2020-ci ilin yanvar ayında verdikləri ərizələrə əsasən "DOST İş Mərkəzi” MMC ilə bağlanmış muddətli əmək müqavilələrinə xitam verilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti sifarişçi qismində aztəminatlı ailələrdən olan, işləməyə zəruri ehtiyacı olan hər bir şəxsin işə cəlb olunması üçün müvafiq tədbirlər görür. Həqiqəti əks etdirməyən məlumatların yayımlanması şəhər İcra hakimiyyətinin işgüzar nüfüzüna xələl gətrmək məqsədi daşıyır".