Lənkəranda şair Aysel Səfərlinin imza günü keçirilib
19-10-2021 17:41 / Bu xəbər 1039 dəfə oxundu
Oktyabrın 17-də gənc şair Aysel Xanlarqızı Səfərlinin doğulub boya-başa çatdığı Lənkəran şəhərində "Darıxan şeirlər” və "Karantin boşluğu” adlı yeni şeirlər kitabının imza günü keçirilib.
Bu barədə Müstəqil.Az xəbər yayıb.
Lənkəran Zona Yazıçılar Birliyinin sədri Qafar Cəfərlinin təşəbbüsü ilə keçirilən tədbirdə şəhərin bir sıra ziyalıları, müəllifin müəllimləri, qələm dostları və Bakıdan gələn həmkarları da iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qafar Cəfərli ilk sözü Xalq şairi Sabir Rüstəmxanlıya verib.
Sabir Rüstəmxanlı Aysel Səfərlinin şeirlərini yaxından izlədiyini deyib.
O qeyd edib ki, müəllifin "Karantin boşluğu” kitabına ön sözü də özü yazıb.
Sonra şair-qəzəl ustası Xatirə Xatun Aysel Səfərlinin yaradıcılığı haqqında məruzə ilə çıxış edib.
Daha sonra isə şair Ziyafət bir zamanlar başçılıq etdiyi, məktəb yaşlı uşaqlardan ibarət yaratdığı ilk ədəbi məclis olan "Ziya” ədəbi məclisində Ayselin başlayan ilk, kövrək addımları haqqında söz açıb.
Lənkəran şəhər Mədəniyyət Mərkəzinin rəhbəri, yazıçı Hafiz Mirzə, Şair Əhməd Haqsevər, gənc şair Ziya Dilsuz, Elmlər doktoru Kamran Kazımov, tarixçi Ramiz Əlizadə, şair Bəxtiyar Əliyar, Lənkəranın tanınmış, mərhum şairi Həbib Səfərovun oğlu Məmməd Səfərov, Beynəlxalq dərəcəli şahmatçı İdrak Dadaşov, tanınmış ziyalı Fəxrəddin Canıyev, VHP-nin sədr müavini Arif İsmayılbəyli, tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova, şair Qorxmaz Kadusi , həkim Şəfahət Həsənov, Münasib Nuri, şair Mübariz Süleymanlı, şair Ağamir Cavad, Tural Arifoğlu, Bakıdan gələn qonaqlardan şair-tərcüməçi Rəbiqə Nazimqızı, qiraətçi, yazar Ülviyyə Niyazqızı və Müşfiqə Baladdinqızı, həkim-şair Oqtay Şəfioğlu, jurnalist, foto müxbir Arzu Murad da tədbirdə çıxış ediblər.
Tədbirdə həmçinin müəllifin atasının dostu Kərbəlayi Allahverdi duyğu dolu çıxışı ilə dinləyiciləri kövrəldib.
Tədbirin sonunda şair Aysel Xanlarqızı 18 il bundan öncə çıxdığı doğma Lənkəranın onu necə böyük bir sevgiylə qucaqladığı üçün keçirdiyi sonsuz xoşbəxtlik hissini ən gözəl sözlərlə belə ifadə edə bilməyəcəyini dilə gətirib.
Tədbirin təşkilatçılarına – başda hörmətli Qafar Cəfərli və Xatirə Xatun olmaqla əməyi keçən, bu özəl gündə onun yanında olan hər kəsə sonsuz təşəkkürlərini bildirib.