Liberalizmin rus və türk optikasından Azərbaycan

Liberalizmin rus və türk optikasından Azərbaycan

26-07-2020 16:56 / Bu xəbər 1473 dəfə oxundu

Elmir Mirzəyev
 
Son baş verən hadisələrlə bağlı Rusiya mediasını mümkün qədər izləməməyə çalışıram. Üzrlü sayın, bilmirəm, bəlkə yaşdandır, yaxud başqa məsələdir, artıq əsəblərimə hakim ola bilmirəm.

Lakin yaxın dostlardan biri "Exo Moskvı” radiosunda rus liberal jurnalistləri arasından seçilən Sergey Parxomenkonun «Суть событий» ("Hadisələrin mahiyyəti”) verilişini dinləmək üçün yollayanda vaz keçə bilmədim. Liberalyönümlü bu jurnalist "hadisələrin mahiyyətinin” lap əvvəlində azərbaycanlılarla ermənilər arasında Moskvada yaşanan iğtişaşları əsas gətirib haqqımızda sözün hərfi mənasında ağzına gələnləri danışdı.

Onun gəvəzəliklərini bura köçürmək fikrim yoxdur, maraqlananlar radionun saytına daxil olub dinləyə-oxuya bilərlər. Qısaca onu deyim ki, adam Rusiyadakı səfirimiz Polad Bülbüloğlunu çox ağır təhqir etdi, dedi ki, diplomata layiq olmayan tərzdə çıxış edib (söhbət səfirin 14 iyulda, elə həmin "Exo Moskvı” radiosuna verdiyi müsahibədən gedir) – eks mədəniyyət nazirinə heç bir sayğım olmasa da qeyd etməliyəm ki, bu, ağ yalandır, əksinə, səfirin orada aparıcı Maksim Kurnikovun laqeyd-istehzalı baxışları altında bəyan etdikləri məhz diplomatik və balanslı bir çıxış idi.

İndi bəzi dostlar deyə bilər ki, bu səfirin diplomatiya sahəsində ixtisaslaşmamış olduğunu hamı bilir-filan – əsla! Yəni əsla inanmıram və dünyasında inanmaram ki, onun yerinə kimsə olsaydı, həmin şəxsin çxışı başqa cür qəbul ediləcəkdi. Bunu unudun. Qısaca onu deyim ki, həmin o liberal stolun arxasında bizə yer yoxdur və nida işarəsi.

Verilişdə azərbaycanlılarla ermənilər arasında başlanmış iğtişaşların kökünü araşdırmaq, bu vəhşiliyi Los-Angeles və Brüsseldə kimlərin başlatdığını konstatasiya etmək, eyni zamanda dünyadakı Azərbaycan və erməni diasporalarının bir qrup üzvünün zorakılığa son qoymaq barədə etdiyi müştərək çağırışı xatırlatmaq əvəzinə Parxomenko Bülbüloğlunu buraxıb, işğalçı Ermənistanı ağızdolusu tərifləməyə keçdi, arada rus (təbii ki, paralel olaraq erməni) propaqandasının görkəmli üzvü Marqarita Simonyanı da yamanladı, dedi ki, "onun ermənilərə (!) heç bir aidiyyatı yoxdur”.

Xatirimdə 32 il əvvəl baş verənlər bir daha canlandı. 1988-dən qarşımızda artıq sözün hər mənasında mobilizə edilmiş qatı və qarı düşmən durmuşdu. Biz, eynən "Görüş” filmindəki kimi kolxoz-sovxozda pambıq-filan uğrunda sosialist əməyi yarışları keçirən zaman ermənilər müharibəyə ideoloji-informativ, həm müttəfiqlər, eyni zamanda silah-sursat və hərbi kadrlar baxımından artıq tam hazır idi. Gələcək müharibəyə hazırlanmış rus ordusunun kadr zabitlərindən başqa bura bütün dünyadan yığılıb gələn erməni terrorçuları daxil idi – ixtisaslaşmış terrorçu düşərgələrində məşqlər keçmiş bu professional başkəsənlərin əksəri ərəb ölkələrindən – Suriya, Fələstin, Livan, İordaniya və s. (bunlardan ibarət 200 nəfərlik xüsusi bir "Arabo” (yəni ki, ərəblər) batalyonu vardı ki, 1992-ci ilin iyulunda Ağdam yaxınlığında imha edildilər) – gəlsə də, böyük bir dəstəsi "azad dünyadan” – Fransa və ABŞ-ın müxtəlif şəhərlərindən, elə həmin Los-Angeles və Kaliforniyadan bizim torpaqlara yollanmışdı. Bu anlamda onların müharibədən əvvəl necə bir müttəfiqlərə arxalandığını o zaman sadəlövh bizlər təsəvvür belə edə bilməzdik. Xəbərimiz yox idi, Fransada bunlar nə qədər güclü imişlər ki, terrorçu, orada uzun müddətli həbsə məhkum edilmiş Monte Melkonyan məhz konfliktin yarandığı ərəfələrdə, 1989-cu ildə qəflətən həbsdən azad edilir və tezliklə Qarabağda peyda olur – onun kimilər yüzlərlə idi, biz isə milli ordu yaradıcılığına 1991-ci ilin dekabrında qərar verdik – və orada yığdığı dəstələri məşq etdirir. Əlbəttə, indi də bunu istisna etmək olmaz ki, artıq təhlükə fiti çalınıb, bütün dünyadan terrorçu dəstələrini yenidən Qarabağa yığırlar, şübhəsiz ki, elədir.

Həmin zaman, yəni "Perestroyka” dövründə Moskvada böyük proseslər gedirdi, rus liberalları və demokratlar "xalq uğrunda” boğazlarını yırtırdılar. İnternetin mövcud olmadığı o dövrdə SSRİ-nin paytaxtında haqqımızda nələr dediklərini qəzet və jurnallar, TV və radio vasitəsilə eşidəndə matımız quruyurdu. O zamankı liberalların D.Saxarov və ya Y.Afanasyev kimi erməni heyranı zırpıları bir tərəfə, zatən B.Yeltsinin bütün ətrafı müstəsna olaraq ermənipərəstlərdən (və ermənilərdən) ibarət idi, hətta rus liberallarının Qarabağ separatçılarına yardımı üçün xüsusi bir "КРИК” (Комитет российской интеллигенции "Карабах”, rusca bunun abbreviaturası "Haray” anlamı verir) komitəsi yaradılmışdı. Rusiya lliberallarının o zaman xüsusi etiqad edilən "allahələri” də vardı, hazırda hər ikisi ölmüş Q.Starovoytova və V.Novodvorskaya – hər ikisinin "Ermənistan çox kiçicik bir məkanda yerləşib, onun ərazisi onsuz da hər tərəfdən türk-müsəlmanlarla əhatə edilib, Qarabağ da verilsə (yəni ki, onlarındır, işdi-şayəd – bizə verilsə!) onda bu, ermənilərin tam məhvinə gətirə bilər” kimi fikirlərini şəxsən dinləmişəm.

Андрей Сахаров

O zaman sadəlövh bizlərin heç ağlına da gəlmirdi ki, bütün bu tipli fikirlər əslində alman nasional-sosializm təbliğatının bünövrə ideyalarından olan Lebensraum (alm. "yaşam məkanı”) ideyasına əsaslanır. Nasist Partiyasının rəsmi ideologiyasının bir hissəsi olan Lebensraum konsepsiyası təməl ideya kimi Almaniyanın ərazisinin və alman xalqının yaşam məkanının ətrafdakı yaşayan başqa xalqların əraziləri hesabına (həmin xalqlar da ya kökündən məhv edilməli, ya da qula çevrilməli idilər) genişləndirilməsini zəruri bir geosiyasi hədəfə çevirirdi. Rus liberallarının da Qarabağ və ümumiyyətlə bizim barəmizdə fikirləri də eynilə faşistlərin başqa xalqlar haqqında düşündükləri idi, bizə elə faşistlərin gözü ilə Untermensch (nasizmin başqa bir baza anlayışı – Nietzsche’nin fövqəlinsanına antonim olan alt insan) kimi baxan bu adamların bircəciyinin dilindən bircə dəfə olsun, heç olmazsa, neytral münasibəti nə eşitdim, nə gördüm. 1988-dən başlamış rus liberallarının erməni heyranlığı və "Qarabağ” vay-şüvəni elə indiyə kimi davam etməkdədir.

Bütün bunlar 3-5 gün deyil, 6-7 ay deyil, heç 10-15 il də deyil, 32 ildir davam edir və şübhəsiz ki, beləcə də davam edəcək. O zaman belə çıxır ki, işdir birdən rus liberalları yenidən hakimiyyətə gəlsələr, onda vay bizim halımıza, eləmi?

Özümüz də əlayıq, gənclərin xatirində olmaz, odur ki, qısaca bəhs edim, feyzyab olsunlar – o zaman, 1989-cu ilin mayında Moskvada SSRİ Xalq Deputatlarının I Qurultayı çağırıldı. Ermənilər orada meydan sulayırdı, Ermənistandan olan daşnak dəstəsində daha kimlər yox idi, onlardan başqa Ümumittifaq miqyasında seçilən ermənilər də (Henrix İgityan hətta o zaman tələblərini rəhbərliyə çatdırmaq üçün aclıq da elan etmişdi) bizim olmayan mövqelərimizi yerlə-yeksan edirdi.

Bunun müqabilində Vəzirov partokrat bürokratları, tarixçi Püstəxanım Əzizbəyovanı, bir də Anar, Mirzə İbrahimov kimi ofisioz ziyalıları və fikir bildirmək bir kənara, rus dilini ümumiyyətlə anlamayan yekə bir pambıqçı-zərbəçi dəstəsini yığıb aparmışdı ora. Bunlara bir başa salan da yox idi ki, ay qardaş, sənə qurban, 30-50-ci illər deyil, «Свинарка и пастух» kinosunun zamanı çoxdan keçib, ermənilərin daşnak akademik-professor demaqoqlarının, əclaf rus liberallarının qarşısında duruş gətirməyə qadir olmamaları cəhənnəm, ən azından heç olmazsa güldürməyin bizi camaata. İş o yerə gəlib çatmışdı ki, deputatımız Püstəxanım Əzizbəyova o Qurultaydan sonra gəlib AzTV-də isti-isti xəbər verirdi ki, "ermənilərin antisovet deputatlarının yanında bizim deputatlar həqiqi xalqı təmsil edirdi, orada bir yaxşı pambıqçı qız vardı, nə qədər gözəl qız idi o, heç nə başa düşmürdü rusca, amma "Karabax” sözünü eşidən kimi üstümüzə qaçırdı ki, Püstə xanım, bizdən danışırlar, bizdən”.

Sovet və postsovet tarixində müstəsna izlər buraxmış həmin Qurultayda bir çox gələcək siyasətçilər, fraksiyalardan doğan partiyalar və ideologiyalar formalaşdı, sovet əhalisi son 70 il ərzində tamamilə yeni söz, yeni ritorika eşitdi. Baltikyanı ölkələr məhz həmin Qurultayın 1990-cı ilin mart sessiyasında rəsmi olaraq Sovet İttifaqından ayrıldıqlarını bəyan etdilər, Gürcüstanla Ukrayna da bu mövzularda bəyanatlar vermişdi, ermənilər dediyim kimi yeganə dərdləri olan Qarabağ mövzusunda rus liberalların dəstəyi ilə sağdan girir, soldan çıxırdılar. Əsas dəstəsi partokrat bürokratiya ilə zərbəçi-pambıqçılardan ibarət olan bizim deputatlarla Orta Asiyanın deputat qrupunu isə oradakı çoxluq istehza ilə "Monqol-tatar Ordası” adlandırmışdı.

Əlbəttə ki, həmin deputat qrupunda bizim mövqeyimizi layiqincə səsləndirən bəzi nadir işıqlı istisnalar da vardı, bunların sırasında ilk növbədə akademik, eks-dövlət katibi Tofiq İsmayılov, keçmiş "26-lar” rayonunun birinci katibi olan Vəli Məmmədov, Şuşa şəhərinın keçmiş birinci katibi Vaqif Cəfərovun adını çəkmək olar və çox müəmmalıdır ki, məhz bu şəxslər 20 noyabr terraktında həlak oldular. Bir daha təkrar edim ki, bu insanlar 32 nəfərlik qrupdan istisnalar idi.

 

Bu məsələlər o zaman Qarabağ müharibəsinin müdhiş gedişatında şübhəsiz ki, öz rolunu oynadı. Yeltsin və onun ətrafı müxtəlif səbəblərdən istər Mütəllibova, istər Elçibəyə, istərsə də Heydər Əliyevin özünə kifayət qədər mənfi münasibət bəsləyirdi və "rus liberalizminin qızıl dövrü” bizim üçün çox dərin faciələrlə yekunlaşdı. Rus liberallarının anti-Azərbaycan ritorikası hətta ərazilərimizin işğalından və ermənilərin arzularından da qat-qat çoxuna nail olmasından sonra da azalmadı, hətta artan dinamika ilə davam etdi.

Burada bəzi dostlar sual edə bilər ki, yaxşı, liberallar pisdirsə, onda bəs qalanları kimdir, şovinistlərmi, Rusiyanın hazırkı dövlət başçısının korrupsion-oliqarxik ətrafımı, yoxsa daha kimlər? Bunun çox rahat cavabı var, bəli, dostlar, haqlısınız, rus cəmiyyətində "mühafizəkar” (əslində həqiqətən şovinistlər) deyilən kəsim kifayət qədər böyükdür, lakin onlar böyük bəşəri, ali dəyərlərə xitab etmir, insan hüquqlarından dəm vurmur, liberal-demokratik dəyərlər, vicdan və söz azadlığı mantrasını təkrar etmir, düşündüklərini açıq-aşkar deyir, bunun özü işin yarısıdır.

Kimsəyə sirr deyil ki, hazırkı rus hakimiyyəti oliqarxik dayaqlar üzərində dayanır, korrupsiya dövlətin idarəetmə mexnizminin orqanik bir hissəsidir və onların ən ali dəyərləri yalnız maraqlardır. Buna cavab olaraq demək gərəkdir ki, bəli, bizim üçün prinsipsiz, heç bir idealları olmayan oliqarxik bu sistem Azərbaycana çox dərin və səmimi nifrətlə bələnmiş Yeltsinin liberal ətrafının (rus siyasi səhnəsini az-çox izləyənlər bilir ki, hazırkı rus liberalları ondan heç də fərqlənmir, bəlkə daha da pisdir) apardığı siyasətdən qat-qat yaxşıdır – maraqlar üzərindən danışıqlar aparmaq ideallar üzərində nələrisə uzlaşdırmaqdan qat-qat asandır.

Doğrudur, 2008-ci ildə Gürcüstanda olan "Beşgünlük müharibə”dən sonra məlum oldu ki, Rusiyanın dövlət başçısının geosiyasi maraqları digər sırf iqtisadi məsələləri üstələyə də bilər, və hazırda həmin imperialistik dövrün zirvəsi yaşanır. Lakin bunlar sırf rus siyasətinin aspektləri deyil, dünyada baş verən qlobal dəyişikliklərin izləridir. Və imperializmin bu simaları ilə – istər Putin, ya Trump, Erdoğan, Si Tsinpin olsun, yaxud Johnson və s. – bunlarla danışmaq qat-qat asan olacaq, nəinki hansısa məchul anlayışları arqument gətirib sənin ölkənə az qala Casus belli elan edənlərlə. Bu gün əgər bütün qanunlara tüpürülübsə, BMT-nin qərarlarını rus liberallarına xatırladanda zəhərli istehza ilə qarşılaşırsansa, o zaman fikri-zikri yalnız neft borusu və başqa maraqlar olan oliqarxik sistem nədən pis olsun ki?

İllər öncə Əli Əkbər "Mauser” verilişində "Liberalizmin ölümü” haqda danışmışdı, lakin bizim kütlə üçün belə mövzular hansısa rəqqasənin alt paltarının rəngi qədər maraqlı ola bilməz, odur ki, bir daha deyək: ay camaat, bu Liberalizm ki, var (həm qəliz idi, həm də ki, vacib), artıq ölüb – birdəfəlik biləsiniz.

WhatsApp Image 2020-07-26 at 01.25.25Mövzu ilə maraqlananlar üçün ən yeni ədəbiyyat qismində alman sosioloqu və kültür tənqidçisi Andreas Reckwitz tərəfindən 2017-ci ildə qələmə alınmış "Xəyalların sonu. Son dövrlərdə siyasət, iqtisadiyyat və mədəniyyət” ("Das Ende der Illusionen. Politik, Ökonomie und Kultur in der Spätmoderne”) araşdırmasını tövsiyə edərdim.

Dünyada hazırda imperializm tüğyan edir, məcazi timsahlar, dinozavrlar, qorillalarla dolu ətrafımıza bircə nəzər atmaq kifayətdir ki, onların artıq köhnəlmiş mantralar səsləndirmədiyini, yalnız və yalnız maraqlar üzərində duran Realpolitik-i nəzərə aldıqlarını görək. Lakin bir çox hallarda bu yanaşma həmin o aldadıcı, gözqamaşdırıcı mənfur liberalların (əslində faşist) ritorikasından xeyli yaxşıdır bizim üçün. Çünki hər şey çox konkretləşib, bəzən isə çox sadə anlamlara gəlib. Məsələni çox uzatmayaraq qeyd edək ki, bu dediklərimiz eynilə türk liberallarına da aiddir. Liberal türk çevrəsində inanılmaz bir erməni heyranlığı var ki, bu da zarafat-filan deyil, tam həqiqətdir. Çağdaş gənclik Türkiyə siyasəti mövzusuna daha yaxşı bələd olduğu üçün yəqin ki, nə demək istədiyimi rahat anlayar.

Yaxşı xatirimdədir, Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illər idi, Türkiyədə rəsmi səfərdə olarkən hansısa (açıq-aşkar liberalyönümlü) jurnalist ona sual verdi ki, "Sizcə nədən biz Azərbaycana görə bizim qonşumuz olan Ermənistan ilə düşmən olmalıyıq?” Həyatında allah bilir nələr-nələr görmüş KQB generalı və Politbüro üzvünü belə heyrət bürüdü, bir neçə saniyə nə cavab verəcəyini düşünüb ona qarşılıqlı sual ilə cavab verdi: "Siz türkmüsünüz?”

Şübhəsiz ki, subyektiv fikir olacaq, lakin çox uzun düşüncələrimin nəticəsi kimi əminliklə deyə bilərəm ki, dünyada rus liberalından bizim üçün daha təhlükəli olsa-olsa, bəlkə elə türk liberalı ola bilər.

Acı bir həqiqət və gerçəklik, təəssüf ki, belədir.

Mənbə: Azlogos