Liftlərlə bağlı rəsmi ittiham: pullar mənimsənilib, materiallar satılıb...

Liftlərlə bağlı rəsmi ittiham: pullar mənimsənilib, materiallar satılıb...

12-12-2019 11:37 / Bu xəbər 913 dəfə oxundu

2013-2015-ci illərdə 1 milyon 835 min manat vəsaitin bir hissəsi mənimsənilib

"Baklift-2” İxtisaslaşmış İstehsalat Birliyinin keçmiş rəhbəri, həbsdə olan Ruslan Dilanovun məhkəməsi başlayıb. 

O, liftlərin dəyişdirilməsi, təmiri məqsədilə ayrılan 1.8 milyon manat vəsaiti mənimsəməkdə, materialları satmaqda ittiham olunur. 

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadı etmə, ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Dekabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmə prosesində prokuror ittiham aktını elan edib. 

İttihama əsasən, 2013-2015-ci illərdə 71 liftin yenidən quraşdırılması və təmiri üçün ayrılan 1 milyon 835 min manat vəsaitin bir hissəsi mənimsənilib. Həmçinin yeni liftlərin quraşdırılması, təmiri məqsədilə idarəyə verilən mal-materiallar satılıb. Lakin sənədlərdə onların təyinatı üzrə istifadə olunduğu göstərilib.

R.Dilanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bu üzdən məhkəmə zərərçəkmiş tərəfi, şahidləri dindirəndən sonra R.Dilanovun ifadəsini dinləmək barədə qərar qəbul edib.

Bu iş üzrə zərərçəkmiş qismində "Baklift” tanınıb.

Meydan.tv