Limanın İmanı - Ramin Deko

Limanın İmanı - Ramin Deko

18-08-2017 14:46 / Bu xəbər 1401 dəfə oxundu

Ramin Deko

İman dayı. Bizim uşaqların sevimlisi... Məhəlləmizdəki uşaqlar üç nəfəri yaxşı tanıyırdı: Yekədiş Ronaldo, güclü zərbələri olan Karlos və İman dayı. İlk ikisi futbolçu idi. Hamımızda onların formalarını almışdıq, elə İman dayıdan... 

İndiki pulla heç nədir, o zaman üçün böyük məbləğ idi. İman dayını ona görə çox istəyirdik ki, indi zibillik yuvasına çevrilən məktəbin önündə dünya boyda bir mağazası vardı və hər şey satırdı. Nisyə də verirdi bizə. 

Evdəkilərdən xəbərsiz gedib nə istəsək alırdıq. O hətta "papa pulunu verəcək”, "atanın xəbəri var”  kimi yalanımızı da bilirdi, amma üzümüzə vurmurdu. İmkan düşdükcə əliəyrilik də edirdik, qələmdən, kitabçadan oğurlayırdıq...

Hər dəfəsində tuturdu və hər dəfəsində danlayıb, bizi doluxsundurub yola salırdı, amma oğurladığımız əşyanı da qoltuğumuza verib geri qaytarırdı. Heç zaman bizdən şikayət etmirdi. Bircə mənfi xüsusiyyəti vardı, dərs zamanı gələn şagirdlərə heç nə satmırdı. "Dərsdən qaçmısınız”, - deyib qovurdu. O zaman bu hərəkətinə görə ondan bəzən incik düşürdük. 

İman dayı – uşaqlığımızın həm də simvolu idi. Məktəbin həyətində top-top oynayanda səsin eşidirdik. Həmişə mbahisə edirdi, az qalırdı savaşsın. Hökumətdən, korrupsiyadan, vətəndaşların əzilməsindən hamıya danışırdı. İlk dəfə Elçibəy sözünü ondan eşitmişəm. Məktəbimizin kitabxanasında təmir gedirdi, köhnə, vərəqləri saralmış kitabları saf-çürük edirdlər. 

"Maraqsız” olanları zibilliyə atırdılar. Gəldi, əyilib kitabları əlləriylə o tərəf bu tərəfə verdi, içindən bir kitab götürüb deyinə-deyinə getdi. Qara üzlü, saqqalı bir kişi idi. O zaman qədər Elçibəyin nə adını eşitmişdik, nə də şəklini görmüşdük. Arxasınca yüyürdük. Dünya boyda mağazasına gəlib ən görməli yerdə kitabı qoydu: "Balalar, bu tariximizdi, sevsək də, sevməsək də hörmət etməliyik”, - deyib anbara getdi.
Xeyli gözlədik, geri qayıtmadı, dükandan istədiyimizi götürə bilərdik, görməyəcəkdi, ilk dəfə olaraq oğruluğumuzu tutmayacaqdı. Etmədik, heç nə götürmədik getdik... 

Bir az böyüdük. 10-cu sinifdə oxuyurduq, o isə qocalmamışdı, elə əvvəlki kimi cavan idi, yalnız saçları ağarmışdı. Yenə dalaşırdı, mübahisə edirdi. Bu dəfə İsa Qəmbərə görə... Prezidentliyə namizədliyini vermişdi İsa Qəmbər, onu müdafiə edirdi, təbliğatını aparırdı hər yerdə - çayxanada, polislərin yanında, icra nümayəndələrinin gözü qarşısında. İsa Qəmbərin şəkli olan təqvimləri, kitabçaları paylayırdı; bu vəzifəsi idi, bunu açıq deyirdi və qorxmurdu. Təqvimi və kitabçanı ondan alıb sevinə-sevinə gəldim evə. Fərəhlə atama göstərdim, danladı məni. Bunları gizlətməyimi əmr etdi: "Tutub aparalar”, – bu sözü elə sərt şəkildə söylədi ki, qorxumdan ağlamaq istəyirdim. Amma İman dayı nədənsə qorxmurdu.

O gün İman dayını yenə gördüm. Hə, bu dəfə qocalmışdı. Üzündəki ağ tüklər qırışları gizlədib, saçları seyrəlib, amma beli bükülməyib. Yenə gümrahdı. Amma daha əvvəlki kimi dalaşqan, mübahisə edən deyil. Bəlkə, yorulub, bəlkə də...

Bizə dünya boyda görünən mağazası kiçilib. Piştaxtalar da seyrəkdi, görünüşü də dəyişib. İtirdiklərinin sayı-hesabı yoxdu. Amma dəyişməyən təkcə üzündəki təbəssümdü. Bir də qələmlər, kitabçalar. Onları da yeniləmir. Anbarda qalanları düzüb, təzə, göz oxşayan qələmlər, şəkilli kitabçalar satmır. Hətta karyerasını bitirmiş Ronaldonun formaları da asılqanlardadır...