Livanda güclü partlayış: çox sayda ölən var (VİDEO)

Livanda güclü partlayış: çox sayda ölən var (VİDEO)

05-08-2020 01:30 / Bu xəbər 2900 dəfə oxundu

Avqustun 4-də Livanın paytaxtı Beyrutda baş vermiş çox güclü partlayış nəticəsində onlarca insanın həlak olduğu, yüzlərlə insanın xəsarət aldığı xəbər verilir.

Şəhər qubernatoru bu partlayışı nüvə partlayışı ilə müqayisə edib. O bildirib ki, partlayışın səsi 200 kilometr aralıda olan Kipr adasında eşidilib.

Partlayış Bakı vaxtı ilə təqribən saat 18 radələrində baş verib. Partlayış dalğası diametri 10 kilometr olan ərazidə binaları dağıntıya məruz qoyub.

Bu dağıntıların şəhərin yarısını əhatə etdiyi xəbər verilir.
 
Bu da xəbər verilir ki, Beyrutun xəstəxanalarında yaralı sayının çoxluğuna görə gərginlik yaranıb.

Livan səhiyyə naziri Hamad Hasanın dediyinə görə söhbət yüzlərlə yaralıdan gedir.

Rəsmi məlumata görə ölənlərin sayı 25 nəfərə çatıb. Bu rəqəmin yüksələcəyi gözlənilir.

Livanın baş naziri Hasan Diab bəyan edib ki, avqustun 5-i partlayışda həlak olanlar üçün matəm günü olacaq.

Müxtəlif versiyalar

AzadlıqRadiosu xəbər verir ki, faciənin səbəbi müsadirə olunmuş silahların saxlandığı anbarda baş vermiş partlayış ola bilərdi. Bundan əvvəl partlayışın pirotexnika anbarında baş verdiyi bildirilirdi.

Bunun ardınca partlayışın Livan Hizbullahının sursat anbarında baş verdiyinə dair xəbərlər də yayılıb. Lakin Hizbullah nümayəndələri bildiriblər ki, bu xəbərlər həqiqətə uyğun deyil.

Hizbuillahı terrorçu təşkilat hesab edən İsrailin təhlükəsizlik xidmətləri bildiriblər ki, onların ölkəsi Beyruta zərbə endirməyib. Bu barədə məlumatı habelə İsrailin xarici işlər naziri Gaby Ashkenazi də təsdiqləyib.

Partlayışın mümkün siyasi izləri

BBC və bir sıra başqa xəbər agentlikləri qeyd edirlər ki, partlayışın ərəfəsində şəhərdə böyük gərginlik yaşanırdı.

BMT tribunalı bu cümə günü 2005-ci ildə bomba partlayışı ilə öldürülmüş baş nazir Rafik Haririnin işi üzrə hökmü elan etməlidir.

Haririnin ölümündə şübhəli bilinən qüvvələrin arasında şiə Hizbullahın da adı çəkilir. Haririnin özü sünni Müstəqbəl partiyasının lideri idi.

Vəziyyəti qəlizləşdirən budur ki, partlayışda Kataib xristian partiyasının baş katibi Nazar Nadzharian da həlak olub.

Kataib Hizbullahın siyasi rəqibidir və bu iki partiya arasında qarşıdurma əvvəllər ölkədə siyasi böhranlar yaradıb.

***

Livanın NNA dövlət xəbər agentliyi və təhlükəsizlik xidmətlərindəki iki mənbə bildirirlər ki, Beyrut dəniz limanında partlayıcı maddələr saxlanan anbarda güclü partlayış baş verib.
 
Beyrutda Qazaxıstan səfirliyi də dağıldı

Bu anbarlarda məhz hansı partlayıcıların saxlandığı məlum deyil. Rəsmilər və səhiyyə nümayəndələri partlayışdan ölənlərin on nəfərdən az olmadığını bildirirlər.

Dəniz limanında və ona bitişik ərazidə böyük dağıntılar olub. Bəzi küçələrdə binalar uçub və avtomobillər aşıb.

Şəhərdə nəqliyyatın hərəkəti dayanıb və telefon rabitəsi kəsilib.

Hadisənin videosundan iki güclü partlayışın baş verdiyi anlaşılır. Əslində ikinci partlayışı birinci partlayışın göbələkvari tüstüsünü çəkən kameralar qeyd edib.

CNN-nin Beyrutdakı müxbiri deyib ki, o indiyədək bir çox hərbi münaqişələri işıqlandırıb, amma bu gücdə partlayışın ilk dəfədir şahidi olur.

Pəncərə şüşələrinin qırıntıları kilometrlərlə məsafəyə səpələnib. Şahidlər bildirirlər ki, partlayış böyük zəlzələni xatırladırdı.

Yanğınsöndürənlər partlayış yerində

Livanın paytaxtı Beyrut yarımadada yerləşir və ölkənin Aralıq dənizindəki ən böyük portudur.

Şəhər əhalisinin sayı 300 minlə 2 milyon arasında təxmin edilir.

Son 90 ildə şəhərdə əhalinin siyahıya alınması aparılmayıb.