Livanda yüzlərlə peycer partlayıb: 11 ölü, 4 mindən çox yaralı var

Livanda yüzlərlə peycer partlayıb: 11 ölü, 4 mindən çox yaralı var

18-09-2024 12:50 / Bu xəbər 753 dəfə oxundu

400 yaralının ağır vəziyyətdə olduğu açıqlanıb

Sentyabrın 17-də Livanda eyni vaxtda yüzlərlə rabitə cihazı olan peycerlərin partlaması nəticəsində ölənlərin sayı 11-ə çatıb, 4 mindən çox adamın yaralandığı bildirilir.

Livanın Səhiyyə Nazirliyi 400 yaralının ağır vəziyyətdə olduğunu açıqlayıb.

Xarici nəşrlər İranın Livandakı səfiri Müctəba Əmaninin də ağır yaralandığını yazır: "Əmani daşıdığı peycerin partlaması nəticəsində bir gözünü itirib, digər gözü isə ağır yaralanıb”.

"Reuters” mənbələrinə istinadən xəbər verir ki, İsrailin kəşfiyyat xidməti "Mossad”, "Hizbullah” tərəfindən sifariş edilən və Tayvanda istehsal edilən 5 min peycerə partlayıcı maddə yerləşdirə bilərdi.

Livanın təhlükəsizlik sistemindəki mənbə peycerlərin Tayvanın "Gold Apollo” şirkəti tərəfindən istehsal edildiyini bildirib. Lakin şirkət özü bu məlumatı təkzib edib və əlavə edib ki, qurğular onun brendindən istifadə hüququna malik olan Avropa şirkəti tərəfindən istehsal olunub.

"Gold Apollo” isə AR-924 modelinin BAC tərəfindən istehsal edilərək satıldığını bildirib.

"Biz yalnız brend ticarət nişanı icazəsi veririk və bu məhsulun dizaynında və ya istehsalında heç bir iştirakımız yoxdur”, – bəyanatda deyilir.

"Hizbullah” hərbçiləri partlayışlarla bağlı şərh verməkdən imtina edən İsraildən qisas alacağı haqda bəyanat yayıb.

Digər təhlükəsizlik mənbəsi "Reuters”ə bildirib ki, yeni peycerlərdə üç qrama qədər partlayıcı gizlədilib və onlar aylardır Hizbullah tərəfindən "aşkar edilməyib”.