Ölkə başçısına müraciət: "Oğlumuz şərlənərək həbs olunub"

Ölkə başçısına müraciət:

20-01-2022 16:22 / Bu xəbər 797 dəfə oxundu

Bakı sakini Əli Axundov və Minurə Axundova ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova, ədliyyə naziri Fikrət Məmmədova və Ombudsman Şəbinə xanım Əliyevaya müraciət edib. 

Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası küç. ev 16-da yaşayan Axundovlar oğulları Rəhman Axundovun şərlənərək həbs edildiyini iddia edirlər. 

Ölkə başçısına göndərilən müraciətdə qeyd olunur ki, Rəhman Axundov Xəzər Rayon Polis İdarəsi tərəfindən əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilib: "Cənab Prezident, şikayətimiz oğlumuz Rəhman Axundovun Xəzər Rayon Polis İdarəsi tərəfindən tam qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilərək həbs olunmasındandır. Oğlumuz Axundov Rəhman Əli oğlu 30.07.2021-ci il saat 23 radələrində ailəsi ilə birgə yaşadığı mənzildə olan zaman dostu Rac Hüseynov onlara gəlib. O, Rəhman Axundovdan günü 25 manat olmaqla icarə müqaviləsi əsasında Ağayev Ağa Malik oğlu adlı şəxsdən götürüb idarə etdiyi "Toyota Prius" markalı, 99 XP-783 dövlət qeydiyyat nişanlı avtomaşınını ailəsini evinə aparmaq adı ilə bir saatlığa ona verilməsini xahiş edib.Oğlumuz Rəhman Axundov da aralarında olan münasibətə görə etiraz edə bilməyib və razılıq verəndən sonra Rac Hüseynov həmin maşını götürülüb aparıb".

Ailə deyir ki, əsas problem də bundan sonra baş verib: "Maşını götürüb aparandan sonra - 31.07.2021-ci il gecə saatlarında Rac Hüseynov Buzovna yolunda həmin maşını idarə edərkən tutulub və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis bölməsinə gətirilib. Oğlumuz Rəhman Axundov həmin gecə səhər saat 07 radələrinə kimi Rac Hüseynovun istifadəsində olan mobil telefona dəfələrlə zənglər etsə də, sonuncu onun telefon zənglərinə cavab verməyib. 31.07.2021-ci il səhər saat 07 radələrində yenidən Rac Hüseynovun telefonuna zəng edərkən Xəzər Rayon Polis İdarəsinin 2 saylı Polis bölməsinin əməliyyat müvəkkili Orxan Həsənov oğlumuz Rəhman Axundova dostu Rac Hüseynovun bir nəfər qadınla birgə 31.07.2021-ci ildə gecə Buzovna yolunda tutulub 2-ci Polis bölməsinə gətirildiyini deyib. Əməliyyat müvəkkili oğluma deyib ki, Rac Hüseynov və onunla birlikdə olan qadın, həmçinin maşın hazırda 2-ci Polis bölməsindədir".

"Oğlumuz Rəhman Axundov Orxan Həsənova həmin maşını icarəyə götürdüyünü və gündəlik maşın sahibinə 25 manat icarəhaqqı veridiyini, maşınını gəlib götürmək istədiyini deyib. Orxan Həsənov ona maşınını gəlib götürə biləcəyini deyəndən sonra 31.07.2021-ci il saat təxminən 15 radələrinda oğlumuz Rəhman Axundov maşın sahibi Ağayev Ağa Malik oğlu və sonuncunun yanında çalışan Heydərov Turan Niqamət oğlu adlı şəxslərlə birlikdə Ağa Ağayevə məxsus "Rencrovef"markalı, 99-OT-909 dövlət qeydiyyat nişanlı avtomobillə 2-ci polis şöbəsinə gəlib. Bu faktları Rəhman Axundovla birgə Ağa Ağayev və Turan Heydərov da tam təsdiq edirlər. Bu barədə onlar Xəzər Rayon Prokurorluğunda və Xəzər Rayon Polis İdarəsində verdikləri izahat və ifadələrində də göstəriblər. Eyni zamanda, oğlumuz Rəhman Axundovun 2-ci Polis bölməsində nə vaxt, kimlərlə gəlməsi və hansı maşında gəlməsini 2-ci Polis bölməsinin qarşısında quraşdırılmış kamera görüntüləri də tam təsdiq edir. Polis şöbəsinə gələndən sonra üstünə baxış keçirilən zaman üstündən heç bir narkotik vasitə və psixotrop maddə aşkar edilmədiyi halda, əməliyyatçı Orxan Həsənov bizdən pul qopartmaq məqsədi ilə oğlumuz Rəhman Axundovu Ağayev Ağa Malik oğlunun gözləri qarşısında qollarına qandal vuraraq saxlayıb və ona qarşı zorakılıq hərəkətləri etməyə başlayıb. Oğlumuz tutulub saxlanandan sonra bir daha buraxılmayıb", - Axundovların ölkə başçısına ünvanladığı məktubda belə qeyd olunur. 

Ailə bildirir ki, əməliyyatçı Orxan Həsənov onlardan 20 min manat pul tələb edib: "Oğlumuz Rəhman Axundov tutulub saxlanandan sonra Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməliyyatçısı Orxan Həsənov və həmin şöbənin rəisi Mirbağır Bağırov heç bir cinayət əməli törətmədiyi halda, onu azad etmək üçün bizdən 20.000 (iyirmi min ) manat məbləğində rüşvət tələb etdi. Tələb etdikləri 20.000 (iyirmi min) manat rüşvəti vermədiyimizə görə oğlumuz Rəhman Axundov 31.07.2021-ci ildə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulub və 02.08.2021-ci ildə isə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliiyyətinə cəlb edilərək həbs olunub. Onu da qeyd edək ki, oğlumuzun 2-ci polis şöbəsi tərəfindən qanunsuz və əsassız tutulmasının əsas səbəbi isə onun həmin şöbənin rəisi Mirbağır Bağırovun yaxın qohumu Şəhriyar Mürsəlzadə ilə aralarında olan pul məsələsi olub. Belə ki, Şəhriyar Mürsəlzadənin oğlumuz Rəhman Axundova maşına görə 18.000 manat borcu olub. Həmin borcun 6000 manatını verib, 12.000 manatını isə borclu qalıb. Yerdə qalan 12.000 manatı vermədiyinə görə oğlumuz Rəhman Axundovla Şəhriyar Mürsəlzadə arasında münaqişə olub. Şəhriyar Mürsəlzadə aralarında olan münaqişə barədə Mirbağır Bağırova bildirib və onun vasitəsilə oğlumuz Rəhman Axundovdan qisas alacağını dəfələrlə üzünə deyib". 

Ölkə başçısına və aidiyyəti qurumlara müraciət edən valideynlər deyirlər ki, oğulları qaondarma ittihamla həbd edilib: "Oğlumuz Rəhman Axundova verilmiş saxta və qondarma ittihamda isə qeyd olunub ki, guya o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən 4,312 qram çəkidə-külli miqdarda psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq 0,844 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi "Rahat" marketin yaxınlığına daşıyıb. 31.07.2021-ci il tarixdə isə Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin yerdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd siqaretin gümüşü kağız bükümlərində təmiz çəkisi 0,844 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd gümüşü siqaret kağızının bükümündə külli miqdarada təmiz çəkisi 4,312 qram olan ağ kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb". 

"Oğlumuz Rəhman Axundova verilmiş ittihamda bu barədə yazılanlar tamam ağ yalandır. Verilmiş ittihamda qeyd olunan faktların heç biri həqiqətəuyğun deyil. Həmin ittiham tamam saxta və qondarma fakt və sübutlara əsaslanır. Oğlumuz Rəhman Axundov tam qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. 31.07.2021-ci ildə tutulub saxlanıldıqdan sonra oğlumuz Rəhman Axundov 2-ci polis şöbəsinin əməliyyatçı Orxan Həsənov və həmin şöbənin rəisi Mirbağır Bağırov tərəfindən çox ciddi qanunsuzluqlara məruz qalmış, bu iki şəxs tərəfindən dəfələrlə vəhşicəsinə döyülmüş, işgəncələrə, fiziki və psixoloji təzyiq və təsirləmə məruz qalmış, küçə söyüşləri ilə söyülüb təhqir edilərək şərəf və ləyaqəti ən pis formada alşaldılmış, ailə üzvlərinin həbs edilməsi ilə hədələnib qorxudulmuş qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb etmək üçün əməliyyatçı Orxan Həsənov tərəfindən onun cibinə narkotik və psixotrop maddə qoyulmuş və bu iki şəxs oğlum Rəhmandan həmin narkotik və psixotrop maddənin ona məxsus olmasını boynuna götürməyə onu məcbur etmişlər", - belə deyir Axundovlar ailəsi. 

Onlar işgəncə zamanı Rəhman Axundovun ağır xəsarətlər aldığını da qeyd ediblər: "Oğlumuz Rəhman Axundov döyülməsi və işgəncələrə məruz qalması nəticəsində çox ciddi bədən xəsarətləri - hər iki qolunun bilək hissəsindən,sinə nahiyyəsindən, sol qulundan,sol əlinin iç hissəsindən,başının ənsə nahiyyəsindən,qasıq nahiyyəsindən, sol ayağının diz nahiyyəsindən, hər iki böyrəyindən və bədəninin digər nahiyyələrindən müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əməliyyatçı Orxan Həsənov eyni zamanda dövlət hesabına oğlumuz Rəhman Axundova təyin edilmiş vəkilə vermək adı ilə bizdən 500 manat pul istəmiş və bu adla bizi aldadıb özü üçün bizdən 400 (dörd yüz) manat məbləğində pul alıb. Vəkilə isə həmin puldan bir manat da olsa, verməyib".

"Oğlumuz Rəhman Axundovun tam qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilib həbs olunması, ona qarşı edilmiş bütün qanunsuzluqlar cinayət işinin düzgün aparılmaması və sair məsələlərlə bağlı indiyə kimi biz dəfələrlə şikayət ərizələri ilə Sizə, Xəzər rayon prokuroruna, Xəzər Rayon Polis İdarəsinin rəisinə, daxili işlər nazirinə, Baş prokurora, İnsan Hüquqları üzrə Müvəkkilə müraciətlər etmiş, dəfələrlə Xəzər Rayon Prokurorluğunda, Bakı Şəhər Prokurorluğunda və Baş Prokurorluqda qəbullarda olmuş, bütün qanunsuzluqlar barəsində məlumatlar vermişik. Etdiyimiz şikayətlər əsasında Xəzər rayon prokurorunun böyük köməkçisi Elman Mikayılov tərəfindən də araşdırma aparılıb. Bizə bildiriblər ki, etdiyimiz şikayətlər əsasında aparılan araşdırmalar oğlumuz Rəhman Axundovun tam qanunsuz və əsassız cinayət məsuliyyətinə cəlb edildiyi müəyyən edildiyinə görə qısa vaxtda bəraət verilməklə həbsdən azad ediləcək. Sonuncu dəfə bu sözlər bizə 23.11.2021-ci ildə Bakı Şəhər və Xəzər Rayon Prokurorluğunda qəbullarda olan zaman bir daha deyildi və 26.11.2021-ci ildə oğlumuz Rəhmanın həbsdən azad ediləcəyi bildirildi. Lakin 26.11.2021-ci ildə oğlumuz Rəhman Axundov həbsdən azad edilməyəndən sonra yenidən təkrar Xəzər Rayon və Bakı Şəhər Prokurorluqlarında qəbullarda olan zaman bizə bildirdilər ki, Baş prokurorun 1-ci müavini Elçin Məmmədov icazə vermədiyinə görə oğlunuz barəsində olan cinayət işinə xitam verə bilmirik. Bu səbəbdən də oğlumuz Rəhman Axundov barəsində olan cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək .2021-ci ilin dekabr ayının sonunda oğlumuz Rəhman Axundov barəsində olan saxta və qondarma cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib", - deyə şikayətdə qeyd olunur. 

Şikayətçilər ölkə başçısına yazıblar ki, əməliyyatçı Orxan Həsənov və 2-ci polis şöbəsinin rəisi Mirbağır Bağırov qanunsuz işlərlə məşğul olurlar: "Onlar əlbir olub 2-ci polis şöbəsinə çağırılmış şəxslərdən istədikləri rüşvəti ala bilmədikdə öz xidməti vəzifələrindən və səlahiyyətlərdən sui-istifadə edib istədiyi adamı tutur və tam qanunsuz və əsassız cinayət məsuliyyətinə cəlb edirlər. Bu cür qanunsuz və cinayət xarakterli hərəkətləri ilə onlar bir sıra ailələri başsız qoyur, onları bədbəxt edirlər. Bu cür iş prinsipi əməliyyatçı Orxan Həsənov və rəis Mirbağır Bağırovun gündəlik  iş prinsipidir. Onlar oğlumuz Rəhman Axundova qarşı etdikləri qanunsuz və cinayət xarakterli hərəkətlərlə oğlumuzu, ailəsini və valideynləri kimi bizi bədbəxt etmiş ailəsini və bizi başsız qoyublar. Bizim hər ikimiz yaşlı, xəstə və 2-ci qrup əlil insanlar olmaqla oğlumuz Rəhman Axundovun himayəsində idik. Onun qanunsuz tutulması və həbs edilməsi bizə ölçüyəgəlməz dərəcədə mənəvi zərbə vurub. Əməliyyatçı Orxan Həsənov və 2-ci polis şöbəsinin rəisi Mirbağır Bağırov Xəzər rayonunda və 2-ci polis şöbəsində çox özbaşınalıqlar və qanunsuzluqlar edirlər. Əməliyyatçı Orxan Həsənov etdiyi qanunsuz hərəkətlərə görə Sabunçu Rayon Polis İdarəsindən işdən çıxarılaraq Xəzər Rayon Polis İdarəsinə göndərilib". 

"Bu şikayət ərizəsini Sizlərə təkrarən yazmaqla xahişimiz odur ki, oğlumuz Rəhman Axundov barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilərək onun cinayət məsuliyyətindən azad edilməsi, polis şöbəsinin rəisi Mirbağır Bağırov və həmin şöbənin əməliyyatçısı Orxan Həsənov barəsində ən ciddi tədbirlər görülməsini və onların oğlumuz Rəhman Axundova qarşı etdikləri qanunsuz hərəkətlərə görə qısa vaxtda cinayət məsuliyyətinə cəlb edilərək həbs olunmalarını təmin edəsiniz. Bu iki adam polis adına qara ləkədir", - deyə şikayətçilər vurğulayıblar.