Ölkədəki məhkəmələr Əli Kərimlinin internet şikayətinə baxmaqdan imtina etdi

Ölkədəki məhkəmələr Əli Kərimlinin internet şikayətinə baxmaqdan imtina etdi

12-01-2021 23:15 / Bu xəbər 627 dəfə oxundu

Partiya sədri Avropa Məhkəməsinə şikayət edəcək

Bakı Apelyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (AXCP) Əli Kərimli və həyat yoldaşı Samara Seyidovanın şikayətini təmin etməyib. 

Şərafət Məmmədovanın sədrlik etdiyi hakimlər heyəti AXCP sədri və həyat yoldaşının həm mobil telefonlarında, həm də evdə rabitə və internetin məhdudlaşdırılması ilə bağlı şikayətə baxılmasını mümkünsüz sayıb.

Səbail Rayon Məhkəməsi də Ə.Kərimli və S.Seyidovanın şikayətlərini icraata götürməkdən imtina edərək, onların narazılığına səbəb olan halları araşdırmaqdan imtina etmişdi. Apelyasiya məhkəməsi də həmin qərardadı qüvvədə saxlayıb.

Ə.Kərimli şikayətində rabitə xidmətlərinin məhdudlaşdırılması ilə yanaşı, özü və ailə üzvlərinin, yaşadığı mənzilin daim hüquq-mühafizə orqanlarının nəzarəti altında olması, mənzilinə gəlib-gedənlərin güdülməsi və s. hallardan da bəhs edib. 

Ona görə də cavabdeh qismində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Azercell” və evdə internet xidməti göstərən "Azqtel” MMC-dən əlavə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti Xüsusi Dövlət Mühafizə Xidmətini də qoyub.

Ə.Kərimli və həyat yoldaşı Səbail Rayon Məhkəməsindən əvvəl Nəsimi Rayon Məhkəməsinə də eyni əsasla şikayət etmişdi. Bu məhkəmədə də hakim Natəvan Tağıyeva şikayətə baxılmasını mümkün saymamışdı.

"Heç bir ciddi və hüquqi əsas olmadan şikayətə baxmaqdan imtina olunur. Əsaslardan biri kimi dövlət orqanlarından şikayətlərə inzibati məhkəmələrin baxdığını göstərirlər. Bu işdə cavabdeh qismində qoyulanlar təkcə dövlət orqanları deyil, həm də özəl təşkilatlardır. Dövlət orqanları və özəl qurumların birgə hərəkəti nəticəsində baş verən hüquq pozuntularından söhbət gedir. Qanun deyir ki, bu halda şikayətə rayon məhkəməsində baxıla bilər. Açıq-aşkar əsassız bəhanələrlə şikayətə baxmaqdan imtina olunur. Apelyasiya məhkəməsi ölkədaxili son hüquqi müdafiə vasitəsi sayılır. Növbəti addım Avropa Məhkəməsinə şikayət etmək olacaq”, - AXCP mətbuat xidmətindən Meydan TV-yə bildirilib.

AXCP sədri bildirir ki, 2020-ci il aprelin 13-dən həm özünün, həm də həyat yoldaşının mobil telefonlarında və evdə rabitə xidmətləri dayandırılıb. Ötən 8 ay ərzində xidmət arabir bir neçə saatlıq bərpa olunsa da, sonra yenidən kəsilib.

Ə.Kərimli şikayətinə baxılmamasını məhkəməyə çatımlıq və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirir. AXCP sədri özü və ailə üzvlərinin rabitə xidmətlərindən məhrum edilməsini şəxsi həyata müdaxilə, ayrı-seçkilik, ifadə azadlığının pozulması hesab edir. Onun sözlərinə görə, telefon və internet əlaqələrinin məhdudlaşdırılması siyasi sifarişlə həyata keçirilir və məqsəd onu təcrid etməkdir. Ə.Kərimli vurğulayıb ki, bu cür məhdudlaşdırmalar evdə olan məktəbli övladının təhsilinə də mənfi təsir göstərib.

Hökumət rəsmiləri isə bu barədə deyilənləri qəbul etmir. YAP-çı deputat Siyavuş Novruzov bugünlərdə deyib ki, Ə.Kərimli pulunu ödəmədiyinə görə internet verilməsi dayandırılıb.