“Lombard Məlahət” jurnalisti həbs etdirmək istəyir

“Lombard Məlahət” jurnalisti həbs etdirmək istəyir

18-10-2019 18:07 / Bu xəbər 781 dəfə oxundu

Son zamanlar müxtəlif inzibati qurumların və məhkəmə orqanlarının təzyiqi altında fəaliyyət göstərən Criminal.az saytının təhbəri Anar Məmmədova qarşı daha bir məhkəmə iddiası qaldırılıb.

İddiaçı bu dəfə ölkədə "Lombard Məlahət” kimi tanınan "Lombard N:1”in sahibi Məlahət Moşu qızı Qurbanovadır. 

Belə ki, Məlahət Qurbanova Anar Məmmədovu həbs etdirmək üçün Yasamal rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırıb.

İddiada göstərib ki, A.Məmmədov şəxsi-qərəzlik məqsədi ilə onun işgüzar nüfuzuna və imicinə ləkə gətirən, şərəfvə ləyaqətinə toxunan, cəmiyyət arasında nüfuzdan salan böhtan xarakterli məlumatı Criminal.az saytında guya "Lombard Məlahət” tanınmağı barədə böhtan və təhqiredici məlumat yayıb.

İddiaçı şikayətində göstərib ki, özü heç bir lombard fəaliyyəti ilə məşğul deyil, belə bir fəaliyyət növü ilə məşğul olmaq üçün qeydiyyatda da deyil. 

"Anar Məmmədov həmin yazısında "Məlahət” MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsində xəlvəti olaraq qanunsuz çıxarış almış Ələkbərov Fizulini müdafiə etmək və bununla da, məhkəmədə baxılan həmin mülki iş üzrə qərar qəbul edilməsinə təsir etmək məqsədi güdüb. 

"Lombard Məlahət” sözünün mənə aid olmaması barədə təkzib verməsinə, atdığı böhtana və imicimə vurduğu ziyan və şərəf-ləyaqətimi təhqir etdiyinə görə ona xəbərdarlıq məktubu da göndərmişəm. Lakin Anar Məmmədov məndən üzr istəməyib və yazdığı "Lombard Məlahət” sözünün mənim fəaliyyətimə aid olmadığını da təkzib edən yazı verməyib. 

Ona görə də, Anar Məmmədovun Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair ittihamedici qərar çıxarasınız”-deyə M.Qurbanova iddiasında qeyd edib. İddia ilə bağlı bu gün Yasamal rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə hazırlıq iclası keçirilib.

Cavabdeh Anar Məmmədov iddia ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Hakim hazırlıq iclasını oktyabrın 23-ü saat 12.00-a təyin edib. A.Məmmədov bildirdi ki, Criminal.az saytında M.Qurbanova ilə keçmiş nazir Fizuli Ələkbərovla aralarında olan məhkəmə haqda yazı dərc olunub. Yazıda M.Qurbanovanın da mövqeyi yer alıb. 

Baş redaktorun sözlərinə görə, M.Qurbanova iddiasında heç bir lombard fəaliyyəti ilə məşğul olmadığını bildirsə də, "Lombard N:1”in saytında həmin təşkilatın rəhbəri kimi həmin xanımın adı göstərilib. Digər tərəfdən "Lombard Məlahət” sözündə heç bir təhqirdən söhbət gedə bilməz, bu formada təqdimat onun sırf fəaliyyəti ilə bağlıdır. 

"Məlahət Qurbanovanın iddiası tam absurddur. Əksinə, Məlahət Qurbanova iddiası ilə mənə qarşı böhtana yol verib. 

Eyni zamanda, Məlahət xanımın bu addımı mənim əsassız məhkəməyə çəkilməyimə və susdurulmağıma hesablanıb. Bunun özü qanunsuzluqdur. Əsassız məhkəməyə vermə də əlavə məsuliyyət yaradır. 

Vəkilllərimlə məsləhətləşdikdən sonra iddiasında mənə qarşı yol verdiyi böhtana görə məhkəmə davası açacam. Digər tərəfdən, görünür, Məlahət Qurbanovanın böhtan və təhqir mənaları haqda məlumatı olduqca məhduddur. 

Məsələn Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov haqda "Baş bankir”, fövqəladə hallar naziri Kəmaləddin Heydərov haqda "fövqəl nazir”, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev haqda "baş gömrükçü” kimi ifadələr işlədilir. Bu ifadələr böhtan və təhqir hesab edilə bilməz”.

M.Qurbanovanın lombard fəaliyyəti ilə məşğul olması haqda "Lombard N:1”in saytında da yerləşdirilib. Həmin saytdakı məlumatı da təqdim edirik: