“Lotu Quli” azadlığa buraxıldı – Türkiyəyə gedəcəyi bildirilir

“Lotu Quli” azadlığa buraxıldı – Türkiyəyə  gedəcəyi bildirilir

24-10-2017 21:38 / Bu xəbər 2931 dəfə oxundu

Uzun müddətdir həbsdə yatan kriminal avtoritet Nadir Səlifov ("Lotu Quli”) azadlığa buraxılıb.

Bu barədə Musavat.com-a N.Səlifova yaxın olan mənbə xəbər verib.

Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətdiyinə görə bir neçə maddə ilə ittiham olunub.

 Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. "Quli” gürcü dilində "ürək” deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. "Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla ("Otar”) yaxın dost olub.

"Otar”ın 2003-cü il martın 21-də Moskvadakı "Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra "Lənkəranski”yə "oğru” adı verən "Nardaranlı Mirseymur” da qətlə yetirilib ki, bunu da indiyədək "Quli”nin qisas cavabı hesab edənlər var. 

İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı "Abşeron” restoranında baş vermiş atışmada da "Quli” və "Lənkəranski” tərəfdarları arasında itkilər olub. 

Gürcüstan doğumlu azərbaycanlı "qanuni oğru”lar və kriminallar bu davada əsasən "Quli”ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının "xaç atası” sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da ("Ded Xasan”) alıblar.

"Quli”nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.

Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən "Quli”nin vəkillərinin sözlərinə görə, o həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, "Quli” həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib. 

2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açılıb.

"Basta”nın yaydığı məlumata görə, Nadir Səlifov azadlığa çıxdıqdan sonra Türkiyəyə köçəcək. Mənbə əlavə edib ki, həbs müddəti bitdiyi üçün azadlığa çıxan Nadir Salayevin ötən gün Penitensiar Xidmətin nəzarətindən qaça bilən məhbuslarla hər hansı bir əlaqəsi olmayıb.