Ülvi Həsənli: "Məhbusları çarmıxa çəkib döyür, dəhlizlərdəki "reşotka"lardan asırlar"
31-07-2024 21:40 / Bu xəbər 810 dəfə oxundu
"Təcridxananın yüksək rütbəli əməkdaşları işgəncələri Ombudsmanın təcridxana divarlarına yapışdırdığı azərbaycan və ingilis dillərində "İşgəncəyə yox!” şüarlarının altında verir”
Bu yazıda sizə 1 saylı Bakı İstintaq Təcridxanası istintaq yox, işgəncə təcridxanası olmağından bəhs edəcəyəm.
Əvvəlcə onu qeyd edim ki, işgəncələrlə bağlı dəfələrlə Penitensiar Xidmətin rəhbərliyinə, təcridxana rəhbərliyinə, Ombudsmana müraciət etsək də, ciddi tədbir görülmədi. Ondan sonra qərara gəldim ki, şahidi olduğum, eşitdiyim işgəncə və qeyri-insani rəftar hallarının qeydiyyatını aparım və 6 aylıq kiçik bir hesabat hazırlayım.
2023-cü il noyabrın 20-də həbs olundum. Noyabrın 22-dən xalq arasında "Kürdəxanı həbsxanası” kimi tanınan Bakı İstintaq Təcridxanasında saxlanılırıq. İlk həftələrdə şikayətlərlə bağlı tez-tez məhkəmələrə getdiyimizdən hadisələrdən çox da məlumatlı deyildim. Dekabrın 20-dən sonra sistemli işgəncə hallarını eşitməyə başladım. Bu ilin yanvarından işgəncə faktlarını saymağa başladım.
Əvvəlcə işgəncələrin sadəcə səslərini eşidirdim: sillə, təpik, yumruq, dubinka, söyüş, təhqir. Sonra isə qeyri-insani rəftar və işgəncə hallarını öz gözlərimlə görməyə başladım: döymək (üzdə, bədəndə ciddi xəsarətlər), məhbusu qandalla korpuslarda dəmir barmaqlıqlar olan arakəsmələrdən asmaq (yuxarıdan asmaq, ortadan qandallamaq, lap aşağıdan bağlamaq), günlərlə beton döşəmə üstündə yatızdırmaq, məhbusu yerdən bir əlini çarpayının baş tərəfindəki, digərini isə aşağı tərəfdəki ayağına qandallayıb gecə 12 saat saxlamaq, məhbusu başı aşağı əllərini və ayaqlarını dəmir barmaqlıqlardan qandalla asmaq və dubinka ilə döymək, dustağı yerə yıxaraq üstünə çıxıb döymək, tapdalamaq, əlil, xəstə olduğunu deyən adamları döymək, saç-saqqalı qırxmaq, söyüş, təhqir, hədələmək...
Məhbuslara işgəncə adətən səhər saat 9-10 arası verilir. Hansısa qaydanı pozduğuna görə, yaxud da cinayət törətməkdə şübhəli bilinərək saxlanılan məhbusları etiraz edib haqqını tələb etdiyinə görə axşam və ya səhər gətirib korpuslardakı "kars”lara salır, "reşotka” arakəsmələrə qandallayırlar. Səhər təxminən saat 10-da isə müavinlər gəlib həmin məhbusları döyməklə, hədələməklə, təhqir etməklə cəzalandırmağa başlayırlar.
İşgəncələr Penitensiar Xidmətin idarəçilik normasına çevrilib. Təsəvvür edin, səhər oyanıb yemək yeməyə, yaxud kitab oxumağa başlayırsan, bir də görürsən qışqırtı, işgəncə səsləri də başlayır. Bu yolla həm dustağı cəzalandırırlar, həm də digər məhbusların gününü zəhər edib onlara da dolayısı ilə "dərs verirlər”.
Etiraz edirsən, Ombudsmanın divarlara vurduğu "İsgəncəyə yox!” şüarını qışqırırsan, müavinlər gəlib təəccüblə soruşurlar ki, "Nə məsələdir?” Mübahisə, etiraz, narazılıq... Sonra sakitlik yaranır. Üç-beş gün fasilə verilir, ondan sonra eyni ssenari yenidən təkrarlanır.
1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovla müavinləri zorakılıq hallarına haqq qazandırmaq üçün deyirlər ki, döyülənlər problemli məhbuslardır. Guya onları döyməsələr, təcridxana idarəolunmaz hala gələr. İdarəçilikdə səriştəsizliklərini bununla ört-basdır etməyə çalışırlar.
Martın 13-də Penitensiar Xidmətdən Rövşən adlı əməliyyatçı-polkovnik gəlmişdi. 1976-cı il təvəllüdlü bu şəxs xidmət rəisi general Mirsaleh Seyidova birbaşa ona məruzə etdiyini və onun tapşırığı ilə görüşə gəldiyini dedi. Söhbətimiz beş saata yaxın davam etdi. Onun bir saatını işgəncələrdən danışdıq. Mən deyirdim, olmaz, işgəncə cinayətdir, o isə işgəncə, qeyri-insan rəftar hallarına haqq qazandırırdı. Bu, o demək idi ki, Mirsaleh Seyidov da bu işgəncələrdən xəbərdardır və o da məhbuslara verilən işgəncələri müdafiə edir. Rəhbərlik istəməsə, ciddi nəzarət etsə, dustaqlara sistemli işğəncə verməyə hansı zabitin, yaxud həbsxana işçisinin cəsarəti çatar?
Hər dəfə etiraz edəndə həbsxana rəhbərliyi işgəncənin, döyülmənin, söyüşün, təhqirin legitim və haqlı tədbir olduğunu israrla təkrarlayırlar. Bütün koridorlarda Ombudsmanın 916 qaynar xətti və Azərbaycan və ingilis dillərində "İşgəncəyə yox!” ("No to torture!”) şüarları vurulub. Məhbuslara işgəncələr isə elə bu plakatların altında verilir. Hər həftə, bəzən də ardıcıl hər gün işgəncələr davam edir. Bəzən bir nəfər, bəzən də 10-15 nəfər birdən döyülür.
Üç mərtəbədən ibarət səkkiz korpusun hər birində qanunsuz karserlər düzəldiblər. Birinci mərtəbələrdə bu karserlər 28 saylı kameralardır. Mənim saxlandığım 8-ci korpusun 28-ci kamerası isə düz bizim kamera ilə üz-üzədir. Gecələr döyüləcək dustaqları gətirib ora bağlayırlar, səhər isə rəis müavinləri – əsasən də polkovnik-leytenant Ceyhun Hacıyev və kapitan Cavid Güləliyev həmin məhbusları cəzalandırmağa başlayırlar.
Kapitan Güləliyev yenicə birinci müavin təyin olunub. O, buna qədər nəzarət-rejim şöbəsinin rəisi idi. Görünən odur ki, 30 yaşlarında olan Güləliyev karyera pillələrini çox sürətlə qalxır.
Səhər 10-un yarısı idi. Yenə dəhlizdə qışqırıq, səs-küy qalxdı. Cavid Güləliyev kapitan olduğunu deyən İlkin Babayev adlı bir məhbusu döyürdü. Eşitdiyim dialoq belə idi:
İlkin Babayev:
- Xahiş edirəm, vurma. Ayaq üstə dayana bilmirəm.
Cavid Güləliyev:
- Mən elə döyə-döyə, vura-vura birinci müavin olmuşam.
İlkin Babayev:
- Dayana bilmirəm! Sən də kapitansan, mən də kapitanam. Vurma! Tanıyıram səni, Etibar Pirverdiyevin bacısı oğlusan.
Cavid Güləliyev:
- Kişinin bacısı oğluyam da, (söyüşlə) filankəsin bacısı oğlu deyiləm ki!
Yenə döyülmə, söyüş, təhqir...
Bəli, bu, həmin Etibar Pirverdiyevdir ki 2018-ci ildə "Azərenerji”nin prezidenti olanda hər yerdə işıqlar sönüb ölkə qaranlığa qərq olandan sonra vəzifəsindən qovuldu. Onda dayısı ölkəni zülmətə qərq etmişdi, indi də bacısı oğlu Bakı İstintaq Təcridxanasını işgəncəyə qərq edib.
Bir dəfə də Elnur İsmayılovun müavini Ceyhun Hacıyev məhbuslardan birini yıxıb ayağının altına döyürdü. Müavin cüssəli adamdır, 2 metr boyu var. Çəkisi də 110-120 kq olar. Məhbus isə onun bir ayağı boyda idi. Sırada isə 7-8 nəfər döyülmə növbəsini gözləyirdi. Nəzarətçilər tələm-tələsik məni kameraya qaytardılar ki, baş verənləri görməyim.
Aprelin 10-da Orxan adlı məhbusu gecə gətirib bizim korpusun dəmir barmaqlıqlarına qandalladılar. Blogger olduğunu deyən Orxan bildirdi ki, kamerada vəziyyət acınacaqlıdır, əl-üz yuyan belə yoxdur. Buna etiraz edib haqqını tələb edəndə gətirib "reşotka”ya bağlayıblar. Orxan səhərə qədər orada qaldı. Səhər isə Ceyhun Hacıyev onu ənənəvi qaydada döyüb cəzalandırdı.
Oxşar hadisə mayın 23-də də baş verdi. Avtomobil qəzasına görə həbs olunan bir nəfəri korpusa qandalladılar. O da qışqırır, zarıyırdı. Bu tipli cəzalar ikitərəflidir. Həm "reşotka”ya vurulan məhbus, həm də korpusda saxlanılan digər 100-150 məhbus səs-küylə, gecə vaxtı qışqırtılarla cəzalandırılırlar. Hətta ikinci mərtəbədə saxlanılan siyasi məhbuslar deyir ki, qışqırtı, sillə-təpik, işgəncə səsləri onların saxlandıqları kameralarda da eşidilir.
Mayın sonu idi. Axşamtərəfi yenə karsa bir məhbus gətirdilər. Məhbusun üzünün sol tərəfi tamamilə gömgöy göyərərək şişmiş, qan tuluğu içində idi. Bu, Abdullayev soyadlı, 25-30 yaşlarında, idmançı görünüşlü, 95-100 kilo çəkisi olan məhbus idi. Onu bizim korpusdakı karsda çarmıxa çəkilmiş şəkildə döşəmənin üzərində çarpayının ayaqlarına qandalladılar və 12-13 saat səhərə qədər o vəziyyətdə saxladılar.
Həbsxanada məşhur işgəncə verənlərdən biri də Pərviz Quliyev adlı gizirdir. O, 4-cü korpus, 1-ci mərtəbənin "starşina”sıdır. Onun xüsusi işgəncə forması var. Pərviz dustaqları dəmir barmaqlıqlardan başı aşağı, ayaqları və əllərini qandalla bağlayıb tərs formada çarmıxa çəkir, sonra da dubinka ilə döyür.
Qayıdaq korpuslardan karsların qanunsuz olması məsələsinə.
Yeni təyin olunmuş ədliyyə naziri Fərid Turab oğlu Əhmədov mayın 10-da təcridxanaya gəldi. Onun gəlişinə bir neçə gün qalmış ciddi hazırlıq, təmir-rəngləmə işləri getdi. Bu işlər çərçivəsində həmin karserlərin dəmir barmaqlıqlı qapılarının üstünə digər kameralarda olduğu kimi bağlı, nəfəsliyi olan qapı vurdular. Qapıların üstünə isə "Anbar” yazdılar. Yəni, Penitensiar Xidmətin rəhbərliyi yeni naziri bu şəkildə aldadıb.
Yəni, 28 saylı kameralardakı karslar qanunsuz olaraq özbaşına şəkildə yaradılıb. Korpuslardakı bütün 28-ci kameralar həqiqətən də qanuni karser idisə, niyə yeni nazir təcridxanaya gələndə onların qapısı bağlanıb üstünə "anbar” yazıldı? Bütün bu qanunsuzluqlar və özbaşınalıqlarla bağlı ciddi araşdırmalar aparılmalı, cavabdeh şəxslər cəzalandırılmalı, sistemli işgəncələrin qarşısı alınmalıdır.
"Kürdəxanı” təcridxanasının işgəncə kralları bunlardır:
Ceyhun Hacıyev (polkovnik-leytenant)
Cavid Güləliyev (kapitan)
Pərviz Quliyev (gizir)
2024-cü ilin ilk altı ayı ərzində 58 işgəncə və qeyri-insani rəftar halı qeydə almışam. Bunlar hələ ki, təkcə mənim saya bildiyim, şahidi olduğum hallardır. İndi təsəvvür edin, müvəqqəti saxlanma təcridxanalarında və həbsxanalarda işgəncə və pis rəftarın miqyası hara çatır. Çünki bu hallar təkcə mənim saxlanıldığım 8-ci korpusda yox, digər korpuslarda və mərtəbələrdə də baş verir.
Ülvi Həsənli, "Abzas Media"nın direktoru