Ülvi Həsənlinin Penitensiar Xidmətə qarşı apellyasiya şikayəti də rədd edilib

Ülvi Həsənlinin Penitensiar Xidmətə qarşı apellyasiya şikayəti də rədd edilib

16-11-2024 00:49 / Bu xəbər 627 dəfə oxundu

Son bir ildə məhkəmələr "Abzas Media" əməkdaşlarının yüzlərlə vəsatət və şikayətinə 5-7 dəqiqəlik formal iclaslarda baxaraq hamısını rədd edib

Noyabrın 15-də "Abzas Media"nın direktoru, bu iş üzrə həbs olunan Ülvi Həsənlinin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasına və Penitensiar Xidmətə qarşı apellyasiya şikayətinə baxılıb.

Hakim Zamin İbrahimovun sədrliyilə keçirilən prosesdə Penitensiar Xidmətdən və 1 saylı Bakı İstintaq Təcridxanasından heç kim iştirak etməyib. 

Ülvi Həsənli məhkəmədə çıxış edərək bildirib ki, hazırda saxlanıldığı təcridxanada dözülməz vəziyyət yaranıb və minlərlə məhbus bu şəraitdə tutulur. O, özü və digər məhbuslarla bağlı olan bir neçə halı sadalayıb: 

"Azyaşlı körpəmlə görüşməyə icazə vermirlər. Şüşə arxasından belə həyat yoldaşımla danışanda içəridə 5-6 nəfər nəzarətçi yanımızda dayanıb danışığımızı dinləyir. Telefon danışıqlarımın hamısı dinlənilir, vəkillə isə ümumiyyətlə danışmağa icazə vermirlər. Yay aylarında dözülməz isti oldu, biz nə qədər dedik ki, "qarmoşka"nı açın, açmadılar", - deyə o bildirib. 

Ülvi Həsənli deyib ki, bütün baş verənləri ictimailəşdirdikdən sonra Penitensiar Xidmətin Naib adlı əməkdaşı onu belindən vuraraq xəsarət yetirib. Həyatı ilə bağlı təhdidlərlə üzləşib. Ancaq Həsənli yenə əvvəl də söz açdığı məsələləri qaldırıb və təcridxanada baş verənləri bir daha xatırladıb. 

"Təcridxanada su gündə 2 dəfə fasilələrlə verilir və buna görə çox çətin vəziyyət yaranır. Saxlanıldığımız korpusda məhbuslara işgəncə verirlər və biz onların qışqırtısını, iniltisini eşidirik", - Həsənli əlavə edib. 

Penitensiar Xidmət isə bu məsələlərlə bağlı "Abzas Media"nın ayrı-ayrılıqda bir neçə sualını cavabsız qoyub. Bununla belə qurumdan adətən bildirlir ki, həbs olunmuş şəxslərin maraq və qanuni mənafeləri qorunur.