Ülviyyə Babasoy çağırış edir: "Vüsalə Verdiyeva intihar edib, yoxsa öldürülüb?.."

Ülviyyə Babasoy çağırış edir:

30-12-2024 00:44 / Bu xəbər 398 dəfə oxundu

"1 həftədən çoxdur ki, Bərdədəki qadın cinayətlərinin düzgün araşdırılmaması psixologiyamı alt-üst etmişdi. Təyyarənin vurulması və xeyli insanın ölməsi də bu vəziyyəti daha betər etdi. Elə bil, Azərbaycan ancaq bədbəxtlik gətirmək üçün yaranıb, ancaq dərd-kədər olur, xilas ola bilmirik bu bədbəxtlikdən. Həyatını itirənlərin yaxınlarına səbr, yaralılara şəfa, ölənlərə rəhmət oxumaqdan başqa əlimizdən heç nə gəlmir, təəssüf ki..."

Bunu Bərdə Qadın Klubunun rəhbəri Ülviyyə Babasoy yazıb. 

O, rayonda baş verən qadın qətillərinə və cinayətlərə diqqət çəkib. 

Vəziyyətin acınacaqlı olduğunu deyən Babasoy cinayətlərin üstünün örtülməsindən narahatdır: "Bərdənin Otuzikilər kəndindən aylar öncə bir müəllim Rəna Kərimova yandırılmışdı. Ehtimal edilir ki, əri tərəfindən yandırılıb, ancaq ərinin "dəlilik" kağızı var deyə necəsə ondan yan keçib məsələ. Hadisəyə intihar diaqnozu qoyuldu. Biz cinayətin ədalətli araşdırılmasına çalışdıq, ancaq maddi məsələyə görə, qohumları işin üstünə getmədilər. Beləcə bu məsələ də bağlandı və daha bir qadın cinayətinin üzəri örtüldü".

Ülviyyə Babasoy deyir ki, digər bir hadisə müəllimin müəmmalı ölümüdür: "Bir neçə gün öncə isə Bərdə şəhərinin məktəblərinin birindən müəllim Vüsalə Arif qızı Verdiyeva intihar edib və ya öldürülüb. Bu cinayətə səbəb olanlar azadlıqda rahatca gəzirlər. Yəqin ki, digərləri kimi, bu məsələ də ədalətli araşdırma olmadan bağlanacaq... Elə bil, ölkə lənətlənib, insanlarımız vəhşiləşib, barbarlıq etməkdən zövq alırlar. Öldürmək və ya ölümə sövq etmək, adi bir şey olub azərbaycanlılar üçün..."

"Ədalətli ölkə istəyirik, cinayətkarların rüşvətsiz, daydaysız məsuliyyətə cəlb olunmasını istəyirik, sivil qayda-qanunların işlək olduğu bir ölkə istəyirik. Onu da bizə çox görürlər ki, bu ölkədə, üstəlik də, haqqının tapdalanmaması üçün çalışdığımız cəmiyyət də bu barbarizmə, qanunsuzluğa, cəzasızlığa, cinayətkarlığa haqq qazandırır, dəstək olur..." - fəal qeyd edib. 
 
Rəsmi qurumlar hələ ki Bərdə Qadın Klubunun rəhbəri Ülviyyə Babasoyun çağırışlna rekasiya verməyiblər.