Macarıstan və Türkiyə NATO-dan qovula bilər
28-03-2022 11:33 / Bu xəbər 2662 dəfə oxundu
Xaqani Cəfərli
Siyasi şərhçi
Macarıstan və Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmaması bu iki ölkənin NATO-dan, Macarıstanın eyni zamanda Avropa Birliyindən qovulması ilə bağlı müzakirələrə yol açıb.
Dünyanın 80-ə yaxın ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulduğu halda ABŞ-ın NATO-dakı iki müttəfqinin, Macarıstan və Türkiyənin Rusiya ilə əvvəlki münasibətləri saxlamaq cəhdi Brüssel, Vaşinqton və Avropa paytaxtlarında əsəbilik yaradır.
ABŞ prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanın NATO sammitində təkbətək görüş istəyini də bu səbəblə rədd edib.
Macarıstanda aprel ayının 3-də parlament seçkiləri keçiriləcək. Əgər hakim partiya Fidesz (Magyar Polgári Szövetség) iqtidarını qoruya bilsə və sanksiyalara qoşulmamaq siyasətini davam etdirsə, o zaman Macarıstanın AB və və NATO-dakı üzvlüyün dayandırılması gündəmə gələcək.
Polşanın hakim partiyasının lideri Yaroslav Kaçinski bildirib ki, seçkidən sonra nə olacağı gözləyəcəyik. "Sonra bu qiymətləndirmə yekunlaşa bilər”.
Çexiyanın müdafiə naziri Yana Çernoxova isə gələn həftə Macarıstanda keçiriləcək müdafiə nazirlərinin görüşündə iştirak etməyəcəyini açıqlayıb. Xanım nazir Macarıstana səfərdən imtinasını macar siyasətçilər üçün ucuz rus neftinin ukraynalıların tökülən qanından daha üstün olması ilə izah edib.
Almaniya kansleri Olaf Şolts və Hollandiya baş naziri Mark Rütte Türkiyəyə səfərləri zamanı Ankaranı Avropa və Rusiya arasında seçim etməyə çağırıblar.
Ərdoğanla görüşdə hər iki lider sanksiyalara qoşulmayacağı halda Türkiyəyə qarşı iqtisadi qadağalar tətbiq olunacağını bildiriblər.
Heç şübhəsiz, qadağaların tətbiqi əsasən Qərb ölkələri ilə bağlı olan Türkiyə iqtisadiyyatı üçün fəlakətli olacaq.
Vaşinqton Rusiya ilə qarşıdurmanın indiki anında NATO-da fikir ayrılığı və parçalanma olmasının görünməsini istəmir. Buna görə də Macarıstan və Türkiyə ilə bağlı məsələni qabartmır. Ancaq mövqelərini dəyişməyəcəkləri halda Ukraynanın işğal təhlükəsi aradan qalxdıqdan dərhal sonra ABŞ Macarıstan və Türkiyənin NATO-dan qovulmasını gündəmə gətirəcək.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Arqument.az-ın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.












