Macarıstan 40 azərbaycanlı tələbənin təhsilini maliyyələşdirməkdən imtina etdi

Macarıstan 40 azərbaycanlı tələbənin təhsilini maliyyələşdirməkdən imtina etdi

10-08-2017 10:49 / Bu xəbər 79 dəfə oxundu

Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstan hökuməti arasındakı müvafiq anlaşmaya görə, Tempus Fondu (Fond 1996-cı ildə Macarıstan hökuməti tərəfindən yaradılıb və Avropa İttifaqı ilə əməkdaşlıq edir) ölkəmizdən 200 nəfər tələbənin Macarıstanın müxtəlif universitetlərində təhsilini maliyyələşdirməli və təqaüdlə təmin etməli idi. Lakin həmin fond son anda müsabiqədən və imtahanlardan keçmiş, Macarıstan universitetləri tərəfindən qəbul olunmuş 200 uşaqdan 40-nın təhsil xərclərini maliyyələşdirməkdən imtina edib.

Bu barədə jurnalist Azər Sarıoğlu məlumat yayıb. 

Onun sözlərinə görə, həmin vaxt artıq Qərb universitetlərinə və digər fondlara müraciət və imtahan müddəti bitmiş olub: "Saymazlığın dərəcəsinə baxın ki, Fondun rəhbərliyi bu barədə abituriyentlərə, izahatları bir tərəfə, xəbər belə verməyib, Azərbaycan Təhsil Nazirliyinə ümumi xarakterli məktub yazmaqla kifayətlənib. Həmin 40 uşaq da qalıb ortalıqda. Ağzılarını açanda isə etikadan, bəşəri dəyərlərdən danışırlar. Təhsil Nazirliyi heç bir kömək etmək iqtidarında deyil. Nazirlik məktub yazsa da saya salmırlar. Bir sözlə, Macarıstan hökuməti bizə qarşı açıq hörmətsizlik nümayiş etdirir".

A.Sarıoğlu üzünü hüquqşünaslara tutaraq bu məsələdə onlara hüquqi yardım göstərmələrini, həmçinin mediadan məsələni diqqətdə saxlamağı xahiş edir.