Makron BMT-dəki çıxışı zamanı Ermənistanı müdafiə edib

Makron BMT-dəki çıxışı zamanı Ermənistanı müdafiə edib

26-09-2024 15:54 / Bu xəbər 617 dəfə oxundu

"Fransa Azərbaycan tərəfindən olan təzyiqlər qarşısında Ermənistanın yanındadır”

Fransa Prezidenti Emmanuel Makron sentyabrın 25-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında çıxışı zamanı Azərbaycanla davam edən gərginlik fonunda Ermənistana güclü dəstəyini ifadə edib.

Emmanuel Makron deyib ki, Fransa Azərbaycan tərəfindən olan təzyiq və ərazi problemləri qarşısında Ermənistanın yanında möhkəm dayanır.

Fransa Prezidenti beynəlxalq ictimaiyyəti uğurlu sülh danışıqlarının təmin olunmasına və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunmasına fəal şəkildə qatılmağa çağırıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi Emmanuel Makronun dediklərinə reaksiya verib.

Nazirlik Fransanı sülh prosesini pozan qərəzli, ermənipərəst mövqedə olmaqda ittiham edib.

XİN-in Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Makronun Ermənistanı sülhsevər qurban kimi təqdim etməsi Azərbaycana qarşı qərəzdir.

Onun sözlərinə görə, Fransa Prezidenti Yerevanın uzun müddət Azərbaycan ərazilərini işğal etməsini, həmçinin təxminən bir milyon azərbaycanlının kütləvi köçürülməsini görməzdən gəlir: "Azərbaycanı təzyiq göstərməkdə ittiham edən Fransanın mövqeyi təkcə qərəzli deyil, həm də regional sabitlik üçün zərərlidir. Ermənistanı silahlandıran və görünür, revanşist meylləri təşviq edən Fransanın, Azərbaycanın Ermənistana təzyiq göstərdiyini iddia etməsi qəbuledilməzdir”.

"Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası və erməni qüvvələri tərəfindən törədilən cinayətlər Fransanın bu məsələ ilə bağlı xarici siyasətinin nə qədər ədalətsiz olduğunu göstərir", – deyən Ayxan Hacızadə əlavə edib ki, Fransanın xarici siyasəti dünyanın bir çox yerlərində uğursuzluğa düçar olub: "Biz tələb edirik ki, o, Cənubi Qafqazda destabilizasiyaedici fəaliyyətlərinə son qoysun”.