Makron İlham Əliyevi Fransanın iştirakı ilə dialoqa çağırdı

Makron İlham Əliyevi Fransanın iştirakı ilə dialoqa çağırdı

03-06-2021 13:06 / Bu xəbər 895 dəfə oxundu

"Fransa yüksək səviyyəli bir dialoq qurmaq üçün bütün öhdəliklərini davam etdirəcək"

"Dağlıq Qarabağda ölümcül döyüşlərə son qoyan 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatdan altı ay sonra yerlərdə davamlı sülhə şərait yaratmaq üçün dərin işləri davam etdirmək lazımdır. Bu, xüsusilə Ermənistan və Azərbaycan arasındakı sərhədin sülh yolu ilə delimitasiyasını və hərbi əsirlərin öz yaxınlarına qovuşa bilmələrini nəzərdə tutur. Bölgənin bütün irsinin müxtəlifliyi ilə qorunması da vacibdir. Bu baxımdan, UNESCO-nun təklif etdiyi missiyanın təşkilini asanlaşdırmağınızı tövsiyə edirəm".

Bu fikirlər Fransanın Prezidenti Emmanuel Makronun Azərbaycanın dövlət başçısı İlham Əliyevə iyunun 2-də göndərdiyi məktubda əksini tapıb.

İki ölkə münasibətlərinə toxunan Fransa dövlət başçısı bildirib ki, diplomatik münasibətlərin qurulmasının otuzuncu ildönümü yaxınlaşdıqca möhkəm və uzun müddət davam edən ikitərəfli münasibətlərimiz xeyli gücləndi: "Cari il yanvarın 14-də son telefon danışığımız zamanı ikitərəfli münasibətlərimizə yeni bir nəfəs vermək istədik. Məhz eyni açıqlıq və səmimi ruhda cari il yanvarın 25-də Bakıya səfər etmiş Dövlət katibi Jan-Batist Lömuanı qəbul etdiniz. İkitərəfli münasibətlərin keyfiyyətinə şəxsi bağlılığınızı bilirəm. Sizinlə bunu bölüşür və arzu edirəm ki, birlikdə, xüsusən iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində böyük inkişaf potensialından istifadə edə bilək. Azərbaycan-Fransız Universitetinin timsalında və ya son dövrlərdə müsbət inkişaf əldə edən Fransa İnkişaf Agentliyi ilə ikitərəfli layihələrimiz dostluğumuzu gündəlik möhkəmləndirməyə və gələcəyə inamla baxmağa imkan verən nailiyyətlərdir. Biz bu ambisiyanı davam etdirməliyik".

E.Makron məktubunu bu sözlərlə bitirib: "Sizi əmin edirəm ki, Fransa himayəsi altında yüksək səviyyəli bir dialoq qurmaq üçün Minsk qrupunun həmsədri kimi bütün öhdəliklərini davam etdirəcək və ölkənizlə Ermənistan arasında ədalətli, davamlı sülh və ortaq rifah mənbəyi əldə edilə bilər".

İyunun 1-də Fransa dövlət başçısı E.Makron Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla Parisdə görüşərkən bildirib ki, Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməlidir.

O qeyd edib ki, həm Paşinyanla danışıqlarda, həm də ictimaiyyət qarşısında dəfələrlə Ermənistan və Azərbaycan arasındakı sərhədin delimitasiyası yalnız danışıqlar yolu ilə həyata keçirilməlidir.

Makron, eyni zamanda, əvvəlki hadisələrin nəticələrini nəzərə alaraq bütün hərbi əsirlərin azadlığa buraxılmasının lazım olduğunu deyib: "Bundan əlavə Qarabağ və ətrafındakı mədəniyyət abidələrinin (həm xristian, həm də müsəlman) qorunması vacibdir".