Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?
17-08-2024 23:27 / Bu xəbər 757 dəfə oxundu
Bir neçə il əvvəl "Lotu Quli” kimi tanınan "Qanuni oğru” Nadir Səlifovun qətlə yetirildiyi hotellə bağlı iddialar yenidən gündəmə gəlib.
Məlumata görə, Nadir Səlifovun öldürüldüyü "Alva Donna Exclusive Hotel Spa” adlı turistik təsis VI çağırış Milli Məclisin deputatı, 71 saylı Cəlilabad şəhər seçki dairəsindən növbədənkənar parlament seçkilərində deputatlığa namizəd Malik Həsənova məxsusdur.
İddia edilir ki, Malik Həsənov Nadir Səlifovun öldürüldüyü hoteli satıb.
Adıçəkilən otel Antalyanın Serik rayonunda Boğazkent məhəlləsində yerləşir.
Antalyanın ən elit və böyük təsislərindən olan otelin bir nəfər üçün tək gecəlik qiyməti 232.26 AZN-dir.
Məlumatlara görə, əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olan "Alva Donna Qrup” 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən "Vertex İnvestment Limited” şirkətinə satılıb.
Yerli mediada məlumat yayılıb ki, adıçəkilən şirkət daha sonra "Alva Donna Group” şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib.
Məlumata görə, Sərxan Babayev Malik Həsənovun qeyri-rəsmi ortağıdır. Məlumatlarda S.Babayevin adı çəkilsə də, hotelin arxasındakı əsas fiqur Malik Həsənovdur.
Bildirilir ki, Malik Həsənov Sərxan Babayevə himayədarlıq edir. Onların hər ikisinin eyni qrupdan olduqları qeyd edilir.
Qulinin Türkiyədə qətli kriminal aləmdə şok effekti yaratmışdı.
Quli 2020-ci ilin avqustun 19-da Türkiyənin Antalya şəhərində baş nahiyəsinə açılan güllə ilə öldürülmüşdü.(Yenicag.az)