Manatı 40 faiz ucuzlaşma gözləyir? - ekspert rəyi

Manatı 40 faiz ucuzlaşma gözləyir?   - ekspert rəyi

17-01-2015 01:36 / Bu xəbər 2113 dəfə oxundu

Bildiyiniz kimi, bu gün Azərbaycan Mərkəzi Bankı məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçidiyini bəyan edib. Məzənnə siyasətinin ABŞ dolları və Avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcək. Ekspertlər ölkənin baş bankının atdığı addımı necə qiymətləndirilər?
 
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, əvvəlcədən təklif olunurdu ki, iki valyutaya uyğun olaraq manatın məzənnəsi müəyyənləşdirilsin. Burada səbətə indiki halda dollar və avronun daxil olması məqsədəuyğun idi. Məhz görünür ki, Mərkəzi Bank manata olan təzyiqlərdən irəli gələrək bu addımı atıb: “Həmçinin, Mərkəzi Bank valyuta ehtiyatlarının əriyib sıradan çıxmasının qarşısını almaq məqsədi ilə bu sistemə keçib. Ümumiyyətlə, bu addımı manatın ucuzlaşmasına start kimi qiymətləndirmək olar. Əgər bu siyasətə keçilirsə, bu o deməkdir ki, manatı avroya uyğunlaşdırmaq lazımdır. Prezidentin də çıxışında qeyd edildiyi kimi təxminən 1 manat 1 avroya uyğunlaşdırılmalıdır. Belə olacaqsa təxminən 1 manat 1, 13 dollara qədər düşəcək. Burada təxminən 10 faiz ucuzlaşmadan söhbət gedir”.

 
R. Həsənovun sözlərinə görə, bu, hazırda hökumətin çəkindiyi ən qorxulu məqamlardan biridir. Hazırkı çətin bir dövrdə vətəndaşlar arasında manata qarşı ciddi inamsızlığın yaranmasından doğan ajiotajdır: “Bunları nəzərə alaraq mərhələli şəkildə maliyyə bazarlarında manevr edərək, manatın məzənnəsinin kəmiyyət yumşaldılması prosesi həyata keçiriləcək. Bu proses ola bilsin ki, Avropa oyunlarından sonra daha da dərinləşsin. Lakin mümkündür ki, Avropa oyunlarına qədər ümumiyyətlə, indiki status-kvonu hökumət qoruyub saxlasın. Bu günə qədər hökumətin mövqeyindən hiss olunan odur ki, manatın stabil saxlanması və məzənnəsinin möhkəm olması iqtisadi və siyasi bir prioritet hesab olunurdu. Artıq bu gün qərar verilibsə, bu o deməkdir ki, artıq prosesə start verildi”.

 
Ekspert Mərkəzi Bankın son illər manatın məzənnəsinin möhkəmləndirilməsi istiqamətində atdığı addımları məqbul hesab etmir. İqtisadçı fikrini belə əsaslandırır: “Bu əslində çoxdan həyata keçirilməli olan bir proses idi. İndiki dövrdə çox məntiqsiz bir məsələdir ki, manat süni şəkildə və ya hansısa bir səbəblərdən möhkəmləndirilsin. Əksinə, biz görürük ki, dünya iqtisadiyyatında ciddi mövqeyi olan ölkələr, hətta Avropa Birliyi kimi bir qurum və yaxud da Yaponiya kimi iqtisadiyyatı güclü olan bir dövlət öz valyutalarını dəyərdən salaraq ucuzlaşdırmaq istiqamətində addımlar atırlar. Belə olan təqdirdə düşünürəm ki, Mərkəzi Bank bu qərarın verilməsində gecikib. Amma yenə də qərar qəbul edildi. Proses başlamalıdır.” R. Həsənov hesab edir ki, Mərkəzi Bank valyuta sistemini dəyişərək üzən valyuta sisteminə keçərsə, vəziyyət daha kəskin şəkildə dəyişə bilər. Məhz buna görə də ölkənin baş bankı bazara nəzarəti itirməyi düşünmür: “Necə ki, Rusiya Mərkəzi Bankı bu addımı atdı və ötən ilin dekabrında ciddi bir təhlükə ilə üzləşdi və yenidən bazara maliyyə müdaxiləsi etmək məcburiyyətində qaldı. Mərkəzi Bankın belə bir imkanı yoxdur. Əgər belə bir addım atarsa, Azərbaycan manatının 40 faizə qədər ucuzlaşması artıq bir zərurətə çevriləcək. Manatın arxasında dayanan neft ciddi şəkildə dəyərini itirib. Yaranmış ajiotaj da manata təzyiqləri daha da artıracaq. Bir sıra hallarda Mərkəzi Bank nəzarəti də itirməməyə məcburdur. Əgər bazarın öhdəsinə buraxarsa, çox ciddi problemlər yarana bilər. Manat kifayət qədər möhkəmləndirilib və hətta neftin baha vaxtlarında belə manatın məzənnəsinin möhkəmləndirilməsinə ehtiyac yox idi”.

 
İqtisadçı ekspert artıq valyuta bazarında vətəndaşlar arasına ajiotaj yarandığını qeyd edib. Bu isə vətəndaşların manata olan inamsızlığından irəli gəlir: “Artıq müşahidə edirik ki, vətəndaşlar manatla olan əmanətlərini geri çəkərək dollarla dəyişərək yenidən banka yatırırlar. Və yaxud əlində ehtiyat şəklində saxladığı manat var idisə, bu insanlar artıq bu ehtiyatı ciddi şəkildə dollara çevirməyə səy göstərirlər. Bu o deməkdir ki, ilk həmlədə manatın məzənnəsinin yumşaldılması həmləsində vətəndaşlar son 10 ildə manatın bahalaşması istiqamətində yığdıqları manat kütləsini bazara daxil edəcəklər".

 
Bu isə bazarda dollara tələbatı ciddi şəkildə artacaqdır ki, nəticədə ABŞ valyutasının bahalaşması prosesi daha da sürətlənə bilər. Belə hal isə Mərkəzi Bank üçün arzuolunan deyil: “Müdaxilə alətini məhz ona görə Mərkəzi Bank öz əlində saxlayır. Böyük ehtimalla bazara dolların az şəkildə buraxılması və ya əmanətlərin manat şəklində müəyyən həddə qəbul edilməsi və ya manatla olan əmanətlərin vətəndaşların geri çəkməyi halında məhdudiyyət tətbiq ediləcək. Məsələn, Rusiyada olduğu kimi. 10 gün müddətində Rusiya Mərkəzi Bankının qərarı ilə əmanətlər geri qaytarılmadı. Eyni zamanda, Mərkəzi Bank daxili bazarda xarici valyutanın azaldılmasına ciddi şəkildə nəzarət edərsə, müəyyən qədər prosesi yumşalda bilər”.

Qaynar.info