"Manatın real məzənnəsi ucuzlaşıb" - Elman Rüstəmov

01-08-2019 11:50 / Bu xəbər 1556 dəfə oxundu

Altı ay ərzində manatın real məzənnəsi 1.2 faiz ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, bunu  Azərbaycan Milli Bankının rəhbəri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bütövlükdə manatın məzənnəsi sabitdir və sabit olaraq qalır:

"Xarici balansın müsbət olması, ixracın şaxələndirilməsi istiqamətində görülən işlər, valyuta təklifinin genişlənməsi və bazarda müsbət gözləntilər daxili valyuta bazarında əhəmiyyətli profisit yaradıb. Bütövlükdə bu gün Mərkəzi Bankın sterilizasiyası ilə birlikdə daxili valyuta bazarında 1 milyard ABŞ dollarından çox profisit mövcuddur. Bu isə bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir". (İqtisadiyyata pul buraxılması iqtisadi artıma səbəb olsa da, bu, müəyyən həddi keçdikdən sonra inflyasiya yaranır. Məhz inflyasiya yaradan bu kütlənin bazardan təmizlənməsinə sterilizasiya prosesi deyilir-red.)

E.Rüstəmovun deməsinə görə, məzənnə sabit olsa da, onlar Azərbaycanın ticarət tərəfdaşları ilə xarici rəqabət qabiliyyətini izləyirlər: "Altı ay ərzində manatın real məzənnəsi 1.2 faiz ucuzlaşıb".