“Manatın ucuzlaşması ciddi böhrana səbəb olacaq" - EKSPERTLƏR

“Manatın ucuzlaşması ciddi böhrana səbəb olacaq"   - EKSPERTLƏR

21-01-2015 14:24 / Bu xəbər 1416 dəfə oxundu

“Mərkəzi Bankın verdiyi gözlənilməz qərar əhali arasında çaxnaşma yaratdı. 

Çünki bank iddia edirdi ki, onun valyuta ehtiyatları manatın məzənnəsinin saxlanmasına və onun tədricən, yumşaq şəkildə aşağı salınmasına imkan verir. Son günlər Mərkəzi Bank tərəfindən digər banklara “insanların istədiyi qədər valyuta verin, heç bir problem yaratmayın” göstərişini verməsi əhalidə inam yaratmışdı. Ancaq birdən-birə manatın məzənnəsinin kəskin şəkildə aşağı salınması onu  göstərir ki, Mərkəzi Bank kəskin devolvasiyaya gedib”.

Bunu modern.az-a açıqlamasında iqtisadçı-ekspert Azər Mehtiyev manatın məzənnəsinin kəskin şəkildə aşağı salınmasını şərh edərkən deyib.

O, hökümət nümayəndələrini qeyri-ciddi bəyanat verməkdə günahlandırıb: “Təbii ki, hökümət qurumlarının öz bəyanatlarına qeyri-ciddi yanaşmaları və 2-3 gün ərzində verdikləri bəyənatları heç bir xəbərdarlıq etmədən dəyişmələri insanlar arasındakı panik durumu daha da artırır və  hökumətin iqtisadi siyasətinə inamı sarsıdır. Biz ekspertlər hər dəfə ölkə iqtisadiyyatının neftdən asılığının azaldılmasını təklif edirdik, lakin buna əhəmiyyət verən olmadı”.

Onun sözlərinə görə, hökumət indi yox, ötən ilin sonlarından tədricən manatın məzənnəsinin aşağı salınmasına getməli idi: “Neçə gündür hökumət nümayəndələri açıqlamalar verirdi ki, kəskin devolvasiya olmayacaq, əhali heç nə itirməyəcək. Bəs nə oldu?! Biz ajiotajı yatırtmaq üçün şərhlər verirdik. Amma Mərkəzi Bankın heç bir xəbərdarlıq olmadan belə bir addım atması panik vəziyyəti daha da pisləşdirdi. Çünki vətəndaşlarda olan inama zərbə vuruldu.

Düşününəm ki, Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə tükəndiyindən prosesi səngitmək üçün bu addımı atdı. Bütün hallarda, hazırda yaranmış vəziyyət əhali arasında hökumət və onun bəyanatlarına inamın kəskin şəkildə azalmasına səbəb oldu”.

“Rusiyada yaşananan böhran Azərbaycand ada baş verə bilərmi“ sualına cavab olaraq ekspert bildirib ki, Rusiyada yaşanan böhran olduğu kimi təkrar oluna bilməz: “Çünki Rusiyanın Avropadan asılılığı çoxdur, bizdə isə bu yoxdur. Rusiyaya tətbiq edilən sanksiyaların Azərbaycana tətbiqindən söhbət gedə bilməz. Lakin son dərəcə neftdən asılı olmağımız vəziyyəti ağırlaşdırır. Ölkənin valyuta ehtiyatları ajiotajı yatırtmağa kömək ola bilərdi. Amma kəskin devolvasiya həm psixoloji , həm də iqtisadi baxımdan göstərdi ki, hökumətə bel bağlamaq olmaz.

Hökumət əhalinin manatdan imtina etməsi üçün buna getdi. Bu isə ciddi inflyasiyaya gətirib çıxaracaq”.

Digər ekspert Otay Haqverdiyev də vəziyyətin pisə doöru dəyişəcəyini vurğulayıb: “Qiymətlər kəskin şəkildə artırılacaq. Əgər indiyə qədər onu stabil saxlaya bilib, indi bundan imtina etdilərsə, düşünürəm ki, Rusiyadakı proseslər bizdə də müşahidə olunacaq. Tam həmin şəkildə olmasa da mütləq böhran yaşanacaq. 1 dollar 1 manat 5 qəpik oldusa, bu artıq böhrana gedən addım deməkdir”.

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib. Məlumata əsasən, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib.

Arqument.Az