Masallı sakini Vilayət Eyvazova müraciət etdi: "Polis oğruları tapmır"

Masallı sakini Vilayət Eyvazova müraciət etdi:

14-06-2020 20:57 / Bu xəbər 2436 dəfə oxundu

Masallının Böyük Kolatan kənd sakini Mətləb Cəfərov Daxili işlər naziri Vilayət Eyvazova Masallı Rayon Polis İdarəsinin fəaliyyətindən şikayət edib.

Bu barədə Arqument.az-a Mətləb Cəfərov məlumat verib.

Cəfərov nazirə ünvanladığı müraciətdə qeyd edib ki, evindən baş vermiş oğurluq hadisəsinin üstündən 4 ay vaxt keçsə də, polis hələ də oğruları tapmayıb. 

O, nazirdən bu məsələni nəzarətə götürməyi xahiş edir: "Cənab nazir, fevralın 19-da saat 20:00-da evimdə oğurluq hadisəsi baş verib. Uzun əziyyətlə mal-mülkümü satıb oğum üçün ev tikməyə yığdığım 60 min manat pul və evimdə ailə üzvlərimə məxsus, 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Hadisə barədə polisə də məlumat verdim, evimdə müşahidə kamerası olduğu üçün oğrular müşahidə kamerasına da düşüblər. Amma buna baxmayaraq, hadisədən bir neçə ay keçsə də,oğurlar tapılmır".

Mətləb Cəfərov deyir ki, dəfələrlə polis idarəsində və müstəntiq Şahbala Salmanovun qəbulunda olsa da, heç bir nəticə yoxdur: "Mənə deyirlər ki, tapa bilmirik. Hətta əsaslandırmağa çalışırlar ki, rayonun Qəriblər kəndində də analoji hal baş verib, amma oğruları tapa bilməyiblər. Mən müşahidə kamerasının görüntülərini də polisə təqdim edmişəm. Cənab nazir, xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayasınız və evimdə baş verən bu quldurluq hadisəsinin obyektiv araşdırılmasına qərar verəsiniz. Əminəm ki, sizin tapşırığınızdan sonra mənə bəlli olmayan səbəbdən işə soyuq yanaşan yerli polis idarəsi özündə məsuliyyət hiss edəcək".

 Masallı Rayon Polis İdarəsinin müstəntiqi Şahbala Salmanov Arqument.az-a bildirib ki, oğurluq hadisəsi ilə bağlı cinayət işi açılıb və araşdırma gedir: "Mən Mətləb Cəfərovla da görüşmüşəm, ona da demişəm, hazırda araşdırma gedir". 

Qeyd edək ki, hadisə barədə Arqument.az iyunun 3-də də məlumat yayıb. Oğurluq hadisəsinin müşahidə kamerasına düşən görüntüsünü təqdim edirik: