Mayın 28-də saxlanılan fəallar cərimələnib

Mayın 28-də saxlanılan fəallar cərimələnib

30-05-2019 18:16 / Bu xəbər 942 dəfə oxundu

Mayın 28-də Milli Şuranın Xalq Cümhuriyyətinin 101-ci ildönümü ilə bağlı Novxanı kəndində keçirdiyi tədbirdə saxlanıb, həmin gündə buraxılanların hamısı hakim önünə çıxarılıb.

Onların məsələsinə bu gün, mayın 30-da Abşeron Rayon Məhkəməsində baxılır.

Hələlik, onlardan birinin prosesi başa çatıb. Onlardan Bəxtiyar Hüseynov İnzibati Xətalar Məcəlləsinin (İXM) 513.2-ci maddəsi ilə ittiham olunaraq 300 manat cərimə edilib.

Qurumun Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu məhkəmədən öncə demişdi ki, mayın 28-də o da daxil 8 nəfər Abşeron Rayon Polis İdarəsinə gətirilib və bir neçə saat sonra buraxılıblar: "Amma "sərbəst buraxılıb" deyiləndə, elə başa düşmək lazım deyil ki, məsələ bununla da bitib. Bu saxlanmaları polis idarəsində protokollaşdırırdılar, məhkəmələrə çağırışlar da ola bilər...".

28 may Azərbaycanda Respublika Günü kimi qeyd edilir. Qeyri-iş günüdür. İki gün öncə, mayın 28-də Müsavat Partiyası və Milli Şura ayrı-ayrılıqda Bakının Novxanı kəndində, Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə anım mərasimi keçiriblər. Həmin anım mərasimlərində də polislə gərginlik yaşanıb. Müsavat Partiyasının dörd fəalının saxlanıb, buraxıldığı açıqlanıb. Amma onlar məhkəməyə gətirilməyib. Həmin gün Milli Şuranın tədbirində də səkkiz nəfərin saxlanıb, buraxıldığı deyilirdi.

Müxalifət baş verənləri Respublika Günü hakimiyyətin sərbəst toplaşmaq azadlığına müdaxiləsi kimi izah edib. Onların fikrincə, hakimiyyət bayramda da vətəndaşların adi siyasi haqlarına dözümsüzlük nümayiş etdirir.

Bütün bu deyilənlərlə bağlı, hələlik, rəsmi qurumların münasibətini almaq mümkün olmayıb. Rəsmilər, bir qayda olaraq, ölkədə bütün fundamental azadlıqların qorunduğunu vurğulayırlar.
 
AzadliqRadiosu