Müdafiə Nazirliyi: "Rəhim Yaqublu müayinə üçün yenidən tibb müəssisəsinə göndəriləcək”

Müdafiə Nazirliyi:

19-08-2020 02:44 / Bu xəbər 2196 dəfə oxundu

"Əgər Rəhimin dizi əməliyyat olunmasa, gələcəkdə axsayacaq və bu problemi aradan qaldırmaq mümkünsüz olacaq”.

Bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi öz "facebook” hesabında yazıb. 

O, hərbi xidmətdə olan qardaşı Rəhim Yaqubluya lazımi tibbi xidmət göstərilmədiyini bildirib. 

2017-ci ildə futbol oynayarkən dizindən xəsarət alan Rəhim Yaqublu bu ilin yanvarında hərbi xidmətə gedib. 

Dizindəki problemə rəğmən hərbi xidmətə aparılan Rəhim Yaqublu fevral ayında ağrılar hiss etdiyi, sıra hazırlığında sıra addımı ata bilmədiyi üçün hərbi hissənin tibb bölməsinə müraciət edib. 

Nigar Həzinin sözlərinə görə, Rəhim Yaqublu o vaxtdan bəri bir neçə dəfə hərbi hissənin hospitalına göndərilib: "Orada onun dizini müayinə etmək üçün heç bir tibbi avadanlıq olmayıb. Vizual müayinə ilə "dizində heç nə yoxdur" deyib geri göndərdilər”. 

Nigar Həzi qeyd edib ki, uzun dirənişdən sonra keçən ay Mərkəzi Hospitala gətirilən Rəhim Yaqublunu orada Hərbi Komissarlıq MRT (Maqnit Rezonans Tomoqrafiya) edib. 

Tomoqrafiyanın nəticəsində onun heç bir müalicəyə ehtiyacı olmadığı bildirilərək geri göndərilib.

Nigar Həzinin sözlərinə görə, MRT nəticələriylə tanış olan həkimlər birmənalı olaraq onun təcili əməliyyat olunmasının vacibliyini vurğulayıblar. 
"Dizindəki ağrılar səngimədiyinə görə Rəhim yenə tibbi hissəyə müraciət etsə də, onu Mərkəzi Hospitala gətirmirlər. Ondan sonra hər dəfə başqalarını gətirsələr də, onu gətirmədilər”, - Nigar Həzi əlavə edib.

Onun fikrincə, Rəhim Yaqublunun dizi əməliyyat olunmasa, gələcəkdə axsayacaq və bu problemi aradan qaldırmaq mümkünsüz olacaq.

Nigar Həzi ailə üzvlərinə görə narahatlığını ifadə edib: "Tofiq Yaqublunu həbs etdilər, ancaq ürəkləri soyumadı. İndi də oğlunu şikəst qoymaq istəyirlər”. 

Müdafiə Nazirliyindən isə bildirilib ki, müddətli həqiqi hərbi xidmətdə olan əsgər Rəhim Yaqublu hazırda normal şəraitdə xidmətini davam etdirir və onun xidmətlə bağlı heç bir narazılığı yoxdur: "Rəhim Yaqublu cari ilin fevral, aprel və iyul aylarında bir neçə dəfə hərbi hospitalda hərbi həkim-travmatoloqlar tərəfindən müayinə olunub. Diaqnozlar əsasında bu travmanın xidmətə maneə yaratmadığına, hər hansı əməliyyata ehtiyac olmadığına dair əsgərin tibb kitabçasında müvafiq qeydlər aparılıb. Bununla belə, əsgər R.Yaqublu müayinə olunması üçün yenidən hərbi tibb müəssisəsinə göndəriləcək”. 

Şəbnəm Adil