Məcburi köçkünlər Nazirlər Kabinetini məhkəməyə veriblər: "Müavinəti kəsiblər, necə dolanaq?"

Məcburi köçkünlər Nazirlər Kabinetini məhkəməyə veriblər:

02-10-2019 16:31 / Bu xəbər 939 dəfə oxundu

Azərbaycanda 29 nəfər məcburi köçkün birləşərək Nazirlər Kabinetini məhkəməyə verib.

Bu barədə Azadlıq Radiosu xəbər verib.

Xəbərdə deyilir ki, məcburi köçkünlər  iş tapa bilmədiklərini, pensiya yaşına da çatmadıqları üçün dolana bilmədiklərini vurğulayırlar. Məhkəmədən də istədikləri odur ki, Nazirlər Kabinetinin üzərinə onların işlə təmin olunmasından ötrü tədbir görmək öhdəliyi qoyulsun.

Məcburi köçkünlər bu tələblərinə hüquqi əsas kimi, Nazirlər Kabinetinin "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 181 saylı, 10 may 1994-cü il tarixli qərarı göstəriblər. Qərarın 1-ci bəndində Nazirlər Kabineti icra hakimiyyəti orqanlarına büdcədən maliyyələşən müəssisə və təşkilatlarda işləmiş məcburi köçkünlərin təcili işlə təmin edilməsi üçün tədbirlər görmələrini tapşırıb. Sonradan həmin qərarın müddəti bir neçə dəfə uzadılıb.

Məcburi köçkünlərin istinad etdiyi başqa bir hüquqi sənəd isə yenə də Nazirlər Kabinetinin "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında" 132 saylı, 17 mart 2016-cı il tarixli qərarıdır.

Məcburi köçkünlər deyir ki, bu qərarlarda icra hakimiyyəti orqanlarına tapşırıqlar verilsə də, onlar bu günə qədər işlə təmin olunmayıblar. Üstəlik, dövlətin onlara verdiyi aylıq müavinət də kəsilib. Nəticədə çox ağır durumda yaşayırlar.

Məcburi köçkünlər bir ildir ki, bu tələblə məhkəmə yollarındadırlar. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi onların Nazirlər Kabinetinə qarşı iddiasına baxmaqdan imtina edib – iddia mümkün sayılmayıb. Bu qərardaddan apellyasiya şikayəti veriblər. Amma Bakı Apellyasiya Məhkəməsi də qərardadı qüvvədə saxlayıb. Onlar apellyasiya məhkəməsinin qərarından da Ali Məhkəməyə şikayət veriblər. Bugünlərdə işə baxan Ali Məhkəmə də aşağı instansiya məhkəmələrinin qərarlarını haqlı sayıb – məcburi köçkünlərin kassasiya şikayəti təmin edilməyib.

Amma Ali Məhkəmə öz qərarında məcburi köçkünlərə Konstitusiya Məhkəməsinə üz tutmağı tövsiyə edib. Onların iddia ərizəsində tələblərdən biri də budur ki, məhkəmə "işlə təmin edilməmiş məcburi köçkünlərə orta aylıq əməkhaqqı miqdarında müavinətin verilməsi müddətinin uzadılması" barədə də yeni qərar qəbul etsin: "Bizi işlə təmin etmirlər, müavinəti də kəsiblər, biz necə dolanaq?".

Ali Məhkəmə qərarında yazır ki, bu məsələnin həlli üçün onlar Konstitusiya Məhkəməsinə müraciət etməlidirlər.