Mədəniyyət Nazirliyində müəmmalı "Qarınqulu": 400 min manatı kimlər bölüşdürüb?

Mədəniyyət Nazirliyində müəmmalı

13-05-2022 18:35 / Bu xəbər 4043 dəfə oxundu

Mədəniyyət Nazirliyi tərəfindən hüquqlarının pozulduğunu iddia edən "Balta” animasiyasının prodüseri Nicat Manafov qurumdakı özbaşınalıqlardan narazıdır.

O deyir ki, nazirlik animasiya xidmətləri üzrə "dövlət satınalması” həyata keçirib, amma qanunla bunun üçün tender müsabiqəsi təşkil edilməli olsa da, bu tələb yerinə yetirilməyib. 

Onun sözlərinə görə, nazirlik dədə-baba qaydası, centlmen sazişi ilə bu layihəni həyata keçirməyi "AzanFilm”ə həvalə edib. Sonradan isə onlar bundan imtina edirlər. 

Bu barədə Nicat Manafov "hökm.az" danışıb.

O bildirib ki, şirkətin bundan imtina etməsinin əsas səbəbi ayrılan vəsaitin nazirlik rəsmiləri ilə bölüşdürülməsi tələbi olub. 

"AzanFilm”in imtinasından sonra yeni bir animasiya şirkəti peyda olub və "dövlət sifarişi” ona yönəldilib. Bu məqsədlə 400 min manat vəsait ayrılan şirkətin nə animatoru, nə də animasiya sahəsində ixtisaslaşmış kadrı var: "Üzərinə "ağır yük” qoyulduğunun fərqinə varan "Salnamə” başlayıb elanla animator və animasiya mütəxəssisi axtarışına. Hansı ki bunu nazirlik də həyata keçirə bilərdi. "Dövlət satınalmaları haqqında” Qanuna müvafiq olaraq ona görə tender tələbi qoyulur ki, dövlət vəsaitləri mənimslənilməsin və ortaya normal iş qoyulsun. Beləcə işin bir ucu gəlib çıxır "Qarınqulu” adlı animasiya layihəsinə ayrılan vəsaitin yoxa çıxmasına".

"Ortaya haqlı suallar çıxır: "Qarınqulu” animasiya layihəsinə bu qədər vəsait ayırmağa dəyərdimi və bu cəmiyyətə nə verəcək? Dövlət büdcəsindən 400 min manat vəsait yönəldilən bu layihə niyə tendersiz verilib və Dövlət satınalmaları haqqında” Qanunun tələbləri niyə pozulub? "Salnamə” studiyasının bunu icra edəcək komandası yoxdursa, niyə onun üzərində dayanılıb? Ortada hansı qaranlıq məqamlar olub ki, animasiya studiyası olan "AzanFilm” bu layihədən niyə imtina edib?", - deyə o bildirib. 

N.Manafov deyir ki, bu Mədəniyyət Nazirliyinin fəaliyyətində ilk belə "təcrübə”deyil: "Bu, mədəniyyət cameəsi üçün nə ilkdir, nə də son. Lakin bir məsələ də var ki, rəqabət şəraiti olmadan keyfiyyətli ekran əsərlərinin ərsəyə gəlməsi mümkün deyil. Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media şöbəsinin rəhbəri Rüfət Həsənovun bu layihə ilə əlaqəli mənimlə bir neçə dəfə "kofeşop”da qeyri-rəsmi görüş keçirib. Ona ünvanladığım "Niyə bu layihə tendersiz verilib, niyə başqa animatorlar və şirkətlər dəvət olunmayıb” sualına isə tutarlı cavab ala bilməmişəm. Digər cavabını tapa bilmədiyim sual isə Rüfət Həsənovun bu layihədəki marağıdır”, – deyə prodüser bildirir.

"Rüfət Həsənov bir neçə gün öncə dövlət başçısının sərəncamı ilə yaradılan Azərbaycan Kino Agentliyinin sədri olmaq istiqamətində çalışır və artıq bu məqsədlə müəyyən dairələrlə anlaşıb da", - deyə məlmatda qeyd olunur.

Mədəniyyət Nazirliyinə məsələ ilə bağlı sorğu ilə müraciət edilsə də, Nazirliyin rəsmisi məsələnin mübahisəli olduğu deyərək cavab verə bilməyəcəklərini bildirib.