Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinə qarşı cinayət işi açılıb

Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinə qarşı cinayət işi açılıb

19-07-2022 00:38 / Bu xəbər 1018 dəfə oxundu

Artıq 4 cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib

Mədəniyyət Nazirliyinin müxtəlif rayonlarda yerləşən müəssisələrinin rəhbərlərinə qarşı cinayət işləri başlanıb.

Baş Prokrurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2021-ci il və 2022-ci ilin birinci yarısında Mədəniyyət Nazirliyinin müraciəti əsasında 11 halda araşdırma aparılıb.

Nəticədə Bakı, Bərdə, Şamaxı, Ağcabədi və Kürdəmir rayonları ərazisində yerləşən mədəniyyət müəssisələrinin rəhbər vəzifəli şəxslərinin əsasən dələduzluq, mənimsəmə və israfetmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətmələri faktlarına dair 8 cinayət işi başlanıb.

Artıq 4 cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Bir cinayət işi üzrə dövlətə vurulmuş zərərin ödənilməsi təmin edildiyindən icraata xitam verilib.

Üç cinayət işi üzrə isə hazırda istintaq davam etdirilir.

"Törədilmiş qanunazidd əməllər nəticəsində dövlət büdcəsinə vurulmuş 1 milyon 870 min manat zərərin 917 min manat hissəsinin istintaq dövründə ödənilməsi təmin edilib.

Zərərin qalan hissəsinin ödənilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilməkdədir”, – məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, araşdırma zamanı Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş materiallarda 4 müəssisə ilə bağlı cinayət işinin başlanması üçün kifayət qədər əsaslar müəyyən edilməyib, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair 5 təqdimat göndərilib.

"İki şəxsə münasibətdə qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror tərəfindən xəbərdarlıq elan edilib”.

Mədəniyyət Nazirliyinin məlumatında isə bildirilir ki, iyulun 4-də Regional Mədəniyyət İdarələrində və tabe müəssisələrdə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrinə əsasən ciddi qanun pozuntuları, mənimsəmə halları aşkarlanıb.

Nazirlik idarə və müəssisələrin vəzifəli şəxlərinin qanunsuz əməlləri ilə bağlı aşkarlanmış cinayət əlamətləri olan məlumatları aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərib.