Media Hüququ İnstitutu: "Arsız davranış sərgiləyən bu cinayətkarlar..."
03-11-2021 17:40 / Bu xəbər 1079 dəfə oxundu
Noyabrın 3-ü, səhər saatlarında "Toplum TV"-nin "feysbuk" səhifəsinə haker hücumu baş verib.
Bu barədə "Toplum TV"-nin təsisçisi, media hüququ eksperti Ələsgər Məmmədli məlumat yayıb.
O bildirib ki, naməlum şəxslər bu məqsədlə onun mobil telefonuna haker hücumu edərək "feysbuk" hesabına daxil olublar.
Şəxsi məlumatları, şəxsi yazışmaları ələ keçiriblər.
O qeyd edib ki, hücumun əsas məqsədi "Toplum TV"-nin "feysbuk" səhifəsini ələ keçirmək olub.
Məsələ ilə bağlı Media Hüququ İnstitutu da (MHİ) açıqlama yayıb.
Təşkilat internet televiziyasına qarşı kiberhücumu pisləyib: "Mobil telefona, kompüterə belə apaçıq, maneəsiz soxulmanı telekommunikasiya xidmətləri göstərən qurumların əlbirliyi olmadan etmək çox çətindir. Üstəlik, arsız davranış sərgiləyən bu cinayətkarlar cəzasız qalacaqlarına, qorunma altında olduqlarına tam arxayın olduqlarını göstəriblər. Əks halda hökumətin ölkədə telekommunikasiya güvənliyinə məsul qurumlarının, xüsusi xidmət orqanlarının asanlıqla tapıb üzə çıxara biləcəyi bu cinayəti belə çəkinmədən, meydan oxuyucu tövrlə etməzdilər.
"Toplum TV"-nin "feysbuk" səhifəsinə soxulanlar tanınmış jurnalist Şəmşad Ağanın təqdimatında "Toplumda Debat" verilişinin müxalif AXCP və "Müsavat" partiyalarının rəhbərləri ilə olan canlı müzakirələrinin videoları siliblər. Üstəlik, "Toplum TV"-nin işinə zərər vurmaq üçün onun "feysbuk" səhifəsindən bir neçə min bəyənməni də ləğv ediblər".
MHİ bu hadisəni cinayət aktı hesab edib: "Baş verənlərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271, 272 və 273-cü maddələri ilə nəzərdə tutulan kibercinayət hadisəsi olduğu göz qabağındadır. Həmin Məcəllənin 155 və 156-cı maddələrin qadağan etdiyi əməllərin törədilməsi də açıq-aşkardır. Cinayət işi başlanması, cinayət törədənləri və onlarla əlbir olanları, o cümlədən kommunikasiya qurumlarının məsul şəxslərini aşkar etmək, məsuliyyətə cəlb etmək üçün tam əsaslar vardır. Bu cinayətin hədəf seçdiyi ictimai dəyər sadəcə bir media qurumunun normal işləməsi deyil. Sadəcə bir və ya bir neçə şəxsin şəxsi həyat məlumatlarının qanunsuz ələ keçirilməsinin həmin şəxs üçün törətdiyi fəsadlar, mənəvi-psixoloji sarsıntılar və maddi itkilər deyil. Bunlar öz-özlüyündə böyük zərərlər olsa da, törədilmiş cinayətin yan təsirləridir".
"Baş verən bu qanunsuzluğun birbaşa hədəfi məhz ifadə azadlığı dəyəridir. Hər kəsin öz fikrini sərbəst ifadə etmək hüququnun, hər cür informasiyaları və ideyaları… şifahi və ya yazılı şəkildə, mətbuat və ya bədii ifadə formaları vasitəsilə və yaxud öz seçiminə uyğun olaraq digər üsullarla axtarmaq, almaq və yaymaq hüququnun cinayətkar hərəkətlərlə pozulmasıdır. Cəmiyyətin toplumda baş verənlərlə bağlı fərqli fikir və rəylər eşitmək, müzakirələr aparmaq haqqına, siyasi debatlar azadlığına hücumdur.
Cəmiyyəti, şəxsləri və quruluşları belə cinayətlərdən qorumalı olan hökumətin, onun güvənlik və cinayət axtarışı və təqibi üçün məsul olan qurumlarının işə başlamaları zamanıdır. Ümid edirik ki, bu məsul qurumlar Konstitusiyamızın, qanunlarımızın, insan haqları və azadlıqlarının belə cinayətlərdən qorunduğunu işdə sübut etmək üçün zəruri əməli addımların atılmasını gecikdirməyəcəklər", - açıqlamada bildirilir.












