Medianın, jurnalistin müstəqilliyi nədən önəmlidir?

Medianın, jurnalistin müstəqilliyi nədən önəmlidir?

04-02-2023 12:37 / Bu xəbər 1162 dəfə oxundu

Ələsgər Məmmədli
Media eksperti

Müstəqil mediaya kimsə drektivlə, sifarişlə yazı yazdıra bilməz. 

Müstəqil mediaya kimsə "istiqamət” verə bilməz. Müstəqil media öz azadlığına düşkündür, ələbaxımlı olmağı qəbul etməz. 

Müstəqil jurnalist öz şəxsiyyətinə hörmət edəndir, dürüstdür, tərəfsizdir, qərəzsizdir, adildir, obyektivdir, balanslıdır, işgüzardır. 

Müstəqil jurnalist nəinki sifarişlə yazı yazmaz, hətta sifarişi özünə təhqir hesab edib, bunu ictimailəşdirərək ictimai qınağa çəkər…

Müstəqil jurnalist hüquqa və etikaya hörmət edər, əməl edər. Heç kimin mənafeyinə qəsdən, qərəzli ziyan vurmağı hədəfləməz. 

Faktı olmadan öz yuxularını, "fakt” kimi cəmiyyətə sırımağa qalxmaz. İnsanların nüfuzunu əsassız və qəsdən bir sifarişlə ləkələməz, insanlara çamur atmaz.

Müstəqil jurnalist propoqandaya alət olmaz, yalan xəbər tirajlamaz, "yuxarıdan” gələn əmrlərlə xora qoşulub, qaralama kampaniyasında iştirak etməz, şəxsiyyətini, peşə nüfuzunu qoruyar…

Müstəqil jurnalist "çörək” xətrinə təmiz adamlara böhtan atmaz, minnətli çörək yeməz, yalnız halal əməyinə güvənər. 

Müstəqil jurnalist, haqqında yazdığı şəxsin gözünün içinə baxaraq doğruları söylədiyindən qürür duyar və haqsızlığa, ədalətsizliyə müticə boyun əyməz. Yalnız haqqın və haqlının yanında durar. 

Bəli, mən müstəqil medianı və müstəqil jurnalistikanı dəstəkləmişəm, dəstəkləyirəm və dəstəkləməyə davam edəcəyəm. 

Müstəqil mediaya, müstəqil jurnalistikaya son verməyi hədəf seçən, jurnalistikanı və medianı "ipoteka” altına alan bütün hökumət qərarları, qanunları, icrayi fəaliyyətləri tənqid edəcəyəm, doğruları söyləməyə və göstərməyə davam edəcəyəm. 

Yaxşı olardı ki, sifarişli yazı yazdıran, direktivlər göndərənlər də öz "qələmşorlarına” başa salsın ki, Ələsgər Məmmədli müstəqil medainı, media azadlığını diffamasiyadan qorumağa çalışır, bu istiqamətdə qanun layihələri yazıb, təkliflərlə çıxış edib mütəmadi müstəqil medianı və müstəqil jurnalistləri müdafiə edir, edəcək. 

Mən propoqandistləri, sifarişlə "mirzə”lik edənləri, jurnalistika adının arxasında gizlənib, qarayaxma, böhtan, təhqir, iftira atanları nə dəstəkləyir, nə də adam hesab edirəm - onları canlı olsalar belə...  Onların nə yazıb, danışması da ictimai çəkisi olmadığı qədər əhəmiyyətsiz və önəmsizdir, yəni: it hürür, karvan yürür!