Medvedev: "Rusiya Kiyevin tam təslim olmasını tələb edir"

Medvedev:

12-09-2022 14:46 / Bu xəbər 966 dəfə oxundu

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya Kiyevin tam təslim olmasını tələb edir.

Bu barədə Medveded özünün teleqram-kanalında məlumat yayıb. 

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukrayna əraziləri geri qaytarılmayana qədər Rusiya ilə danışıqlar aparmayacağı bəyanatına cavabında Medvedev deyib ki, Zelenskinin "Rusiyanın irəli sürdüyü ultimatumlar” adlandırdığı məsələ əslində gələcək tələblərin yanında uşaq oyuncağıdır.  

"Hansısa Zelenski deyir ki, ultimatumlar irəli sürənlərlə dialoqa getməyəcək”, – siyasətçi yazıb. 

Onun sözlərinə görə, Ukrayna Prezidenti "ultimatumlar” deyəndə bilir nə nəzərdə tutulur: "Rusiyanın şərtləri ilə Kiyevin tam kapitulyasiyasını".

Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın 11-dəki açıqlamasında bildirib ki, Kiyev beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilindəki əraziləri, o cümlədən ilhaq edilmiş Krım tamamilə azad edilməyincə, Moskva ilə danışıqlar aparmayacaq.

Zelenskinin sözlərinə görə, ərazilərin qaytarılması yolu hər gün daha aydın olur: "Biz dövlətimizin ərazi bütövlüyünün bərpasının konturlarını görürük". 

Prezident deyib ki, Ukrayna "dayanmaq iqtidarında deyil”. 

Zelenski qeyd edib ki, bəzi siyasətçilər və hətta Qərb liderləri "Ukraynanı kiminsə qucağına itələyirlər”, amma o, güzəştə getməyəcək. 

Prezidentin sözlərinə görə, qarşıdakı 3 ay Rusiya ilə müharibədə mühüm mərhələ olacaq və onun fikrincə, bu, ölkə üçün müstəqilliyinin əvvəlki 30 ilindən daha vacib olacaq.

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında son təkbətək danışıqlar martın 29-da İstanbuldakı Dolmabağça sarayında baş tutub.