"Məgər yazıçılıq insana imtiyaz verir ki, onun vətəndaş mövqeyi olmasın?"

03-11-2024 02:05 / Bu xəbər 1575 dəfə oxundu

"Özünü onunla sakitləşdirir ki, rejimin yanında deyil, amma gerçəkləri də çılpaqlığı ilə deməyə cəsarət etmir"

Azərbaycanda yaradıcı şəxslərin ictimai və siyasi proseslərə münasibəti zaman-zaman müzakirə olunub, müxtəlif fikirlər səsləndirilib, hətta bu dartışmalar qarşılıqlı ittihamlara çevirilib. 

Son günlər bu mövzu sosial və onlayn mediada yenidən gündəmə gəlib.

Bu mövzularda şərh yazanların bir qrupu düşünür ki, yaradıcı şəxslər - şair, yazıçı, digər sənət adamları və mədəniyyət xadimlərinin siyasi proseslərdə iştirakı vacib deyil, onlar özlərini ancaq çox sənət sahəsində sınamalıdırlar. 

Bir çoxları isə düşünür ki, yaradıcı şəxslər və sənət adamları da digər vətəndaşlar kimi ictimai proseslərə münasibətini bildirməli, vətəndaş mövqeyi sərgiləməlidirlər. 

Bəs, doğrudan da, yaradıcı şəxslərin vətəndaş mövqeyi olmalıdırmı? 

Bu suallar bağlı şair Səadət Cahangir "Arqument.az"ın "Dərgi" bölməsinin suallarını cavablandırıb: 

- Səadət xanım, siz necə düşünürsünüz, yazıçının vətəndaş mövqeyi olmalıdırmı?

- Məgər yazıçılıq insana imtiyaz verir ki, onun vətəndaş mövqeyi olmasın? Yazıçının nəinki vətəndaş mövqeyi olmalıdır, o həm də bu mövqeyi ilə cəmiyyəti irəli aparanlar arasında olmalıdır. Qələm sahibi, hər şeydən öncə, yaşadığı cəmiyyətin bir fərdidir, bir vətəndaşdır, həm də gerçəkləri başqalarından daha dərin müşahidə edə bilən, anlayan və bədiiləşmiş şəkildə ifadə edə bilən vətəndaş. Onun əlində bir qələmi var, bu qələm ona gördüklərini, bildiklərini, anladıqlarını daha təsirli ifadə etmək üçün əlavə bir imkan yaradır. Yazıçı bir vətəndaş kimi yaşadığı mühitin ağrılarını canında hiss etmirsə, yaratdığı obrazların yaşantılarını içindən keçirə bilmirsə, o, uğurlu yazıçı ola bilməz. Necə deyərlər:

Kəndiri dartılan dar ağacı,
ölümlü kölgəsi 
üstümə tuşlanmış nizə kimi,
söz haqqı! şairlər 
çiynində daşıyar məmləkəti, 
cəsurlar bayraq və silah kimi, 
qorxaqlar cənazə kimi...

- Belə bir fikir var ki, yaradıcı adamlar, ümumiyyətlə, siyasətdə olmamalı və ya siyasətə qarışmamalıdır. Sizcə, doğrudurmu? 

- Məncə, bunu bütün zamanlarda ədəbiyyatla başını girləməyə çalışanlar uydurub. Şübhəsiz, yazıçıya kimsə deyə bilməz ki, əsərlərini "ədəbiyyat partiyalı olmalıdır” tezisinə uyaraq yazsın. Ədəbiyyatın hansısa ideoloji xətti müdafiə etmək öhdəliyi yoxdur. Qələm sahibi şeirini, romanını, hekayəsini istədiyi kimi yazmalıdır. Amma dövrünün çalxantılarını, ağrılı-acılı yaşantılarını yazmaq da gerçək yazıçının borcudur. Məsələn, sovet dövründə Boris Pasternaka Nobel mükafatı niyə verilmişdi? Özü inkar etsə də, hər kəs bu mükafatın antisovet ruhunda yazdığı əsərlərə, əsasən, "Doktor Jivaqo” romanına görə verildiyini bilirdi. Aleksandr Soljenitsinə verilən Nobel mükafatı da həmçinin. Yazıçının özü belə Nobel mükafatını siyasi görüşlərinə görə aldığını deyirdi. Nobel komitəsi bunu inkar etsə də, həqiqət belə idi. İosif Brodskiyə niyə öz vətənində gün vermirdilər və ya İvan Bunin niyə öz vətənindən didərgin düşüb Fransaya mühacirət etmişdi? Nobel mükafatını onlara niyə verdilər? Siyahını xeyli uzatmaq olar. Pablo Nerudamı siyasətdən uzaq idi, Bertold Brextmi, Qarsia Lorkamı, Qabriel Markesmi, zamanında Müsavat Partiyasının üzvü olan Cəfər Cabbarlımı, Hüseyn Cavidmi, Abdulla Şaiqmi, Azərbaycan Demokratik Cümhuriyyətinin Parlament üzvü və katibi olan Əhməd Cavadmı? 

- "Şair-yazıçı ölkədə baş verən neqativlərə, proseslərə "özünəməxsus" formada etiraz edə bilər" deyənlər var. Nədir bu özünəməxsusluq? 

- "Özünəməxsus formada etiraz” dedikdə, yazılan əsərlər nəzərdə tutulur, hər halda. Bu da o anlama gəlir ki, şair etirazını ancaq yazdığı roman, hekayə və ya şeir ilə ifadə edə bilər, siyasi proseslərin içinə girib siyasətlə məşğul olmaq onun işi deyil. Yanlış düşüncədir! Mənə görə, böyük simpatiya bəslədiyim çex dissidenti Vatslav Haveli bunun parlaq örnəyidir. Uğurlu bir yazıçı idi, amma xalqın azadlıq mübarizəsində önə çıxmağın önəmli olduğunu düşündü və bütün həyatını siyasi mübarizəyə həsr etdi. Adını da tarixə həm bir yazıçı, həm də böyük mənəviyyat adamı və bir siyasi xadim olaraq yazdırdı. Kim deyir ki, uğurlu yazıçı uğurlu siyasətçi ola bilməz? Pablo Neruda Çili Senatının senatoru və Çilinin Fransadakı səfiri idi. Bu ona Nobel ədəbiyyat mükafatını almağa mane oldumu? 

- Avtoritar ölkədə yaradıcı insan olmaq nə qədər çətindir? 

- Şübhəsiz ki, çox çətindir.  Biz 70 il sovet sistemində yaşamış, minlərlə ziyalısı və yazarı o sistemin qurbanı olmuş bir ölkənin insanlarıyıq. Bir misal gətirim. Bilirsiniz, Müsavat hökuməti zamanı azad düşüncəli qələm sahiblərinin  cəm olduğu "Yaşıl qələmlər” ədəbi cəmiyyəti vardı. Repressiya illərində onların böyük əksəriyyəti təqiblərə məruz qalaraq məhv edildi ki,  onların arasında, Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq, Salman Mümtaz, Seyid Hüseyn, Tağı Şahbazi, Ömər Faiq Nemanzadə, Əmin Abid, Sultan Məcid Qənizadə kimi görkəmli şəxsiyyətlər də vardı. Azərbaycan Yazıçılar İttifaqının ilk iki sədri də o illərdə repressiya qurbanı olub. Yazıçı Məmməd Kazım Ələkbərli cəmi iki il bu vəzifəni daşıyıb, sonra həbs edilərək 1938-ci ildə 33 yaşında güllələnib. 1936-cı ildə bu vəzifəyə nasir, publisist Seyfulla Şamilov seçilib. 1938-ci ildə Şamilov da qara siyahıya düşərək Sibirə 18 illik sürgünə göndərilib. 

- Amma məcburiyyətdən susanlar da az deyildi və indi də var... 

- Azərbaycanda bənzər bir idarəetmə sistemi olduğuna görə, qorxu mühitinin olduğu da inkar edilə bilməz. Müəyyən imtiyaz və qazanc üçün saraya yaltaqlıq edənləri hamı tanıyır, onların adı bəllidir. Bir zorakı, repressiv rejimin məddahı olan qələm sahibi kənardan nə qədər iyrənc görünürsə, o rejimə qarşı olan, haqqı deyən yazar da qarşı tərəfə o qədər təhlükəli görünür. Təbii, sənin vicdanlı bir qələm sahibi olaraq, sona qədər gerçəkləri çılpaqlığı ilə dilə gətirməyə gücün çatacaqsa, bir çox məhrumiyyətləri də gözə alacaqsan. İşini itirə bilərsən, qara siyahılara düşüb ədəbi aləmdə təklənə bilərsən, təqib oluna bilərsən, həbs oluna bilərsən. Belə bir dilemma qarşısında qalan  qələm sahiblərinin bir çoxu qorxusuna qalib gələ bilmir, susmağa üstünlük verir. Özünü onunla sakitləşdirir ki, mən rejimin yanında deyiləm, amma gerçəkləri də çılpaqlığı ilə deməyə cəsarət etmir. Bizdə belə qələm sahibləri çoxluq təşkil edir, narazıdır, amma açıq etiraz etmək cəsarəti də yoxdur. Mənə görə, bir yazıçı ətrafında baş verən eybəcərliklərə göz yumub, qulaq tıxayıb səssizcə əsərini yaza bilməz, danışmaq onun da borcudur. 

- Son 20-30 ildə Azərbaycan ədəbiyyatını belə xarakterizə etmək olar: mövzu var, mətn yoxdur. Niyə dünyaya çıxacaq mətnlər yaranmır: bu, yaradıcı şəxslərin daxili senzurası ilə bağlıdır, yoxsa başqa səbəblər var, məsələn, ölkədəki siyasi səbəblər... 

- Bunun əsas səbəbini yaradıcı mühitin olmamasında görürəm. Fikir versəniz, görərsiniz ki, eyni uğursuzluq kino, teatr, musiqi, rəssamlıq sahələrinə də aiddir. Ölkədə qarmaqarışıq, əsəbi bir mühit hökm sürür, yaradıcılıq üçün heç bir stimul yoxdur, qiymətləndirmə meyarları itib,  hər şey, o cümlədən yaradıcı insanların dəyəri istedadına görə deyil, ideoloji baxışlarına görə müəyyən olunur. Hakimiyyət qollarını kənara qoyuram, sizcə, indiki halda kimsə cürət edib Azərbaycanda bir istedadlı etirazçı yazarın, bəstəkarın və ya musiqiçinin dünyaya çıxmasına yardım edə bilərmi? İkinci səbəb, dediyiniz daxili senzuradır ki, düşdüyü boğuq mühit istər-istəməz yaradıcı insanları çərçivəyə salır və əl-qolunu bağlayır. Azərbaycanda dünya çapına çıxa biləcək yazarlar varmı? Əlbəttə, var. Amma bütün günü dolanışıq arxasınca düşən bu maddi cəhətdən kasıb  insanların xarici ölkələrdə çap olunmaq üçün heç bir imkanı yoxdur. Onlara mütləq şəkildə dəstək lazımdır. Şərt Nobel mükafatı almaqda deyil, bəlkə də, dünyada Nobel səviyyəsində yazan və ömrü boyu onu ala bilməyən onlarla yazıçı var. Məsələ kiminsə cızmaqaraçı oğlunu, qızını deyil, məhz istedadlı yazarları çərçivədən çıxarıb onların ölkədən kənarda tanınmasına dəstək verməkdir. Bu edilsə, bir gün mükafatlar da gələcək!