Məhbus prezidentə müraciət edib və müddətsiz aclığa başladığını bildirib [səs yazısı]

Məhbus prezidentə müraciət edib və müddətsiz aclığa başladığını bildirib [səs yazısı]

10-06-2019 18:43 / Bu xəbər 996 dəfə oxundu

13 saylı Cəzaçəkmə Müəssisəsinin məhbusu Tağıyev Elxan Əli oğlu prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Bu barədə Abzas-a məhkumun yaxınları məlumat verib və Tağıyev Elxan səs yazısını təqdim ediblər.

Verilən məlumata görə, məhkum iyunun 7-də müddətsiz aclıq aksiyasına başlayıb. Səs yazısı da həmin gün qeydə alınıb.

İ.Tağıyev müraciətində deyir ki, prezidentin məhkəmə-hüquq sistemində islahatlarla bağlı verdiyi sərəncam və fərmanlar bəzi hakimlər tərəfindən icra edilmir

"4 sentyabr 2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə barəmdə çıxarılan qərar o qədər qanunsuzdur ki, 3 gün müddətində mənə təqdim edilməli olan qərarı 79 gün sonra təqdim ediblər. Buna görə də Ali Məhkəməyə şikayət hüququmun qarşısı qanunsuz olaraq alınıb”.

Məhkum bildirir ki, məhkəmə qərarı ona gəlib çatandan sonra yazdığı kassasiya şikayəti isə Ali MƏhkəmənin hakimi Hafiz Nəsibov gecikmə səbəbindən 7 iyun 2019 tarixində icraata qəbul etməyib.

İlham Tağıyev deyir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə yazdığı şikayət məktubları cavabsız qalıb, başqa yaza biləcəyi instansiya yoxdur.

"Cənab prezident, mən bilirəm ki, verdiyim məlumatların hansısa səhv olarsa məsuliyyət daşıyıram. Bütün məsuliyyətimlə dediklərimi sübut etməyə hazıram. Səsim, tələbim sizə yetişənədək müddətsiz aclıq aksiyasına başladığımı bildirirəm. Həmişəki kimi son ümid yerim sizsiniz”.