Məhbusların hüquqi problemləri və həllini gözləyən məsələlər....

Məhbusların hüquqi problemləri və həllini gözləyən məsələlər....

21-08-2023 01:15 / Bu xəbər 632 dəfə oxundu

Elçin Məmməd,
hüquq müdafiəçisi və jurnalist,
keçmiş siyasi məhbus
 
Beynəlxalq İnsan Haqları Təşkilatlarının illik hesabatlarında Azərbaycan insan hüquqlarının ən çox pozulduğu, siyasi zorakılıq hallarının və işgəncələrin baş verdiyi ölkələr sırasında qabaqcıl yer tutur.

 Avropa Şurasının "Məhbusların sayı 2022"​  hesabatında qeyd edilir ki, Azərbaycan məhbus sayına görə Avropa Şurasında 3-cü yerdədir. Məhbus sayının bu qədər çoxluğu onlara sosial-iqtisadi çətinliklərlə yanaşı digər problemlər də yaradır. Azərbaycanda istintaq altında olan şəxslər və cəza çəkən məhbusları daha çox narahat edən məsələlərdən biri də hüquqi sahədə yaranmış problemlərdir. Azərbaycanın mövcud qanunvericiliyində məhbusların hüquqlarına təminat verilsə də, reallıqda bu sahədə xeyli çətinliklər mövcuddur (Cəzaların İcrası Məcəlləsi: maddə 10, 14, 20, 22). Yerli məhbuslarla yanaşı xarici ölkələrin vətəndaşları olan məhkumlar da hüquqi sahədə ciddi problemlərlə üzləşirlər.

2020-ci ilin mart ayında həbs edilmişəm və həbsdə olduğum 3 il müddətində 3 saylı İstintaq Təcridxanası (Şüvələn), 14 saylı cəzaçəkmə müəssisəsi, 16 saylı cəzaçəkmə müəssisəsi və Bakı istintaq Təcridxanasında (Kürdəxanı) saxlanılmışam. Bu müddətdə apardığım müşahidələr nəticəsində məlum olub ki, məhkumlar hüquqi yardımlardan məhrumdurlar və bu sahədə xeyli əziyyət çəkirlər. Belə ki, tutulan şəxslərə əksər hallarda maddi çatışmamazlıq səbəbindən dövlət tərəfindən vəkil təyin edilir. Lakin istintaq dövründə həmin vəkillər işləri məhkəmələrə çatdırmaqda maraqlı olmurlar. Onlar məhkəmə müddətində təqsirləndirilən şəxsi müdafiə etməkdən yayınırlar. Ən yaxşı halda isə formal olaraq proseslərə qatılıb susmaqla vaxt keçirirlər. Həmin vəkillər apellyasiya, kassasiya şikayətlərinin hazırlanmasında və bu instansiyalardakı proseslərdə isə ümumiyyətlə iştirak etmirlər.

Təqsirləndirilən şəxs və ya məhkum ailəsi maddi sıxıntılara baxmayaraq başqa vəkillə ödənişli müqavilə bağlamağa məcbur olurlar. Bu müqavilə də bir məhbus ailəsinə 2-5 min manata başa gəlir. Həmin vəkillər də işlərə biganə qalır və hakimlər, prokurorlar qarşısında sanki "gözü kölgəli” olurlar. 

Bu vəkillər də təqsirləndirilən şəxslər və məhkumların müdafiəsində acizlik nümayiş etdirirlər. Ən yaxşı halda hakimlə korrupsiya əlaqəsinə girərək müəyyən rüşvət müqabilində cəzanın azalmasına və başqa yüngül maddəyə tövsif edilməsinə çalışırlar. Rüşvətin məbləği isə cinayət maddəsinin ağırlığından, maddənin çoxluğundan, maddələrdə nəzərdə tutlan yüngül sanksiyalardan və s. asılı olur. Aztəminatlı ailələrdən olan məhbuslar isə ümumiyyətlə vəkil tuta bilmirlər. Əksər hallarda isə həmin şəxslər ya günahsız yerə həbsdə qalır, ya da daha ağır cəza ilə həbsxana həyatı yaşayırlar.

Əksər ödənişli vəkillər vəsait alsalar da, nə məhkum ailələri ilə, nə də məhkumların özləri ilə görüşürlər. Həbsim müddətində müşahidələrim göstərdi ki, 90 % məhkumun vəkili onlarla həbsxanada görüşmürlər. Vəkillər özlərinindən razı şəkildə, "narahat olma, hər şey həll edilib, həbsxanaya niyə gəlim ki?” ifadələri ilə məhkumları arxayın salırlar. Nəticədə isə, proseslər istənilən məcrada getmir. Ya rüşvət geri qaytarılır, ya da sövdələşdirilən kimi cəza yüngülləşmir, həbsdən azad olma halları baş vermir. Vəsaitin geri qaytarılması prosesi isə ciddi çətinliklə baş verir. Məhkumların məhkəmələrdə müdafiəsi sahəsində problemlər onların cəzaların icrası qaydasında cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, məhkumun cəzadan vaxtından əvvəl azad edilməsi, habelə cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi zamanı da baş verir (Cəzaların İcrası Məcəlləsi: maddə 70, 170). Əksər hallarda yerli məhkəmələrin neqativ qərarlarından yuxarı instansiya məhkəmələrinə müraciət edə bilmirlər.

İstər istintaq təcridxanalarında, istərsə də cəzaçəkmə müəssisələrində məhbuslar ən yaxşı halda müəyyən savadı olan digər məhkumların köməyi ilə ərizə, apellyasiya və kassasiya şikayətləri yazmağa məcbur olurlar. Əksər vaxtlarda isə sənədlər primitiv hazırlanır, şikayət vermə müddəti ötürülür və məhkumlar çətinlik çəkirlər. Məhkəmələr də real əsaslar olmadığından müddətləri bərpa etməkdə maraqlı olmurlar. Ancaq müəyyən rüşvət müqabilində (ən azı 500 manat) şikayət vermək üçün ötürülmüş prosessual müddəti bərpa edə bilirlər. Təbii ki, bunu da hər məhbus edə bilmir. İstintaq təcridxanaları və cəzaçəkmə müəssisələrinin kitabxanalarında ən təzə hüquq ədəbiyyatı isə 2014-cü il tarixinə aiddir. Savadı olmayan məhkumlar heç bu kitablardan da istifadə edə bilmirlər. Əksər hallarda məhbuslar Avropa İnsan Hüquqları Məhkəməsi və BMT-nin İnsan Haqları Komitəsinə şikayətlər verməkdən də məhrumdurlar.

Həbsxanada da hüquq müdafiəçisi kimi fəaliyyətimi davam etdirdim. Məhbus yoldaşlarıma hüquqi yardımlar göstərdim, onlara apellyasiya və kassasiya şikayətləri hazırladım, aidiyyəti idarələrə ərizələrin yazılmasında yaxından iştirak etdim. Hətta mənim yuxarı instansiyalara etdiyim müraciətlər nəticəsində cəzası azaldılan, azadlığa buraxılan, amnistiya aktı tətbiq edilən məhbuslar da var. Şəxsən yazdığım ərizələrlə təkcə son iki ildə saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəndə 44 nəfər məhbusun 3 aydan 1 ilə qədər cəzası azaldılıb.

Məhbusların öz hüquqlarının müdafiəsi ilə bağlı yaşadıqları daha bir çətinlik, məhkəmələrə elektron müraciətlərdir. Belə ki, qanunvercilikdə edilmiş son dəyişikliklərə görə, mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması "Elektron-məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilməlidir (Mülki Prosessual Məcəllə: maddə 10-1.3 və 363.1.5). Bu sistemdə elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməlidir. Lakin cəzaçəkmə müəssisələrində məhbusların internet resurslarından istifadə imkanları yoxdur və ya bu imkanlardan istifadəyə icazə verilmir. Ona görə də məhbuslar məcburiyyət qarşısında məhkəmələrə ərizə və şikayətlərini ənənəvi qaydada göndərirlər.

Həbs müddətində əksər məhbuslar aliment tələbi, boşanma, ünsiyyət hüququ, əmlak tələbləri, kredit borcları və s. mülki mübahisələrlə üzləşirlər. Əksər hallarda müvafiq məhkəmə qərarlarını əldə etsələr də, onlardan verilən şikayətlər qəbul edilmir. Məhkəmələr həmin şikayətləri elektron verilməməsi səbəbindən geri qaytarırlar. Nəticədə məhbuslar ciddi hüquqi problemlərlə üzləşirlər. Məhkəmələr isə belə vəziyyətdə məhbusların həmin elektron sistemdən istifadə etmə imkanlarının olmadığını bildiyi halda sənədləri geri qaytarmaqla onların hüquqlarını əsassız yerə məhdudlaşdırır. Bu da məhbuslara əlavə problemlər yaradır və lazımı prosessual müddətin ötürülməsinə səbəb olur. Həmçinin yığılıb qalan aliment borcları, kreditlər, mülkiyyət problemləri, ailələrin dağılması və s. problemlər məhbuslarda əlavə psixoloji sarsıntılar yaradır. Onlarda islah olunmaq əvəzinə, yenidən cinayət törətmək və qisas almaq hisləri oyadır.

Mövcud problemin aradan qaldırılması üçün hələ həbsxanada olduğum müddətdə məhkəməyə müraciət etmişdim. Məhbusların internet informasiya resurslarından istifadə etməklə məlumat əldə etmək imkanının yaradılması ilə bağlı məhkəmədə iddia qaldırmışdım. 

Ədliyyə Nazirliyi Penitensiar Xidməti və 16 saylı Cəzaçəkmə Müəssisəsini (həbs zamanı saxlanıldığım yer) məhkəməyə vermişdim və məhbusların müəyyən saytlardan nəzarət altında istifadəsini tələb etmişdim. Lakin yerli məhkəmə, apellyasiya və kassasiya instansiyaları iddianı təmin etmədilər. 

Bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayəti verdim. Hesab edirəm ki, məhbuslara bu imkanın yaradılmaması onların məlumat almaq və məhkəməyə çatımlılıq hüququnu kobud şəkildə pozur.

Qaldırdığım məsələ çox aktualdır və həllini gözləyən məsələdir. İstintaq altında olan və məhkum olunmuş şəxslər, onların ailələrinin hüquqi maarifləndirmə sahəsində mövcud olan problemləri aradan qaldırılmalıdır. Bu məqsədlə istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində məhbuslarına hüquqi yardım və maarifləndirmə işləri təşkil edilməlidir. Aztəminatlı ailələrdən olan məhbusların hüquqi sahədə meydana çıxan problemlərinin aradan qaldırılmasında yaxından köməklik göstərilməli və onların məhkəmələrdə müdafiəsi təşkil edilməlidir.

P.S. Yazıda vəkilliklə bağlı qeyd edilən neqativ fikirlər vicdanlı vəkillərə aid edilmir və onların xidmətləri əvəzedilməzdir.

Turan.İA