“Məhəmməd Əminin başına çuval keçirən azərbaycanlı deyil” - Fazil Mustafa

“Məhəmməd Əminin başına çuval keçirən azərbaycanlı deyil” - Fazil Mustafa

05-02-2016 18:20 / Bu xəbər 3687 dəfə oxundu

"Məni dədə-baba qaydası ilə, "Arşın mal alan”da olan kimi evləndiriblər” 

Səmimi söhbət üçün bu dəfə öz fikir, ideya, tezisləri ilə hər zaman fərqlənən millət vəkili Fazil Mustafaya üz tutduq. Millət vəkili ilə parlamentdə görüşdük. Dostları onun barəsində zahirən sakit, qaradinməz, soyuqqanlı görünüşün arxasında əslində çox zəngin, maraqlı insan dayandığnı deyirdilər.

Müsahibəyə millət vəkilinin əsas xobbisindən söz açaraq başladıq:

-Fazil bəy, dostlarınız sizi "futbol dəlisi” adlandırır.

-Dəlisi deməzdim (gülümsəyir). Xobbim tək futbol deyil, basketbolu da yaxşı oynayıram. Bu gün səhər futboldan gəlmişəm, dünən axşam isə üzgüçülükdə idim. Gündə 3-4 dəfə şahmat da oynamağı xoşlayıram. Ərəbistanda şeyx şahmatı haram buyursa da, hesab edirəm ki, oynamaq lazımdır. Çünki insanın düşüncəsini formada saxlamaq, müəyyən dərəcədə siyasi, həyat gedişlərini daha dərindən anlamaq üçün faydalıdır.
Eyni şeyi mütaliə haqqında da demək olar. Gündə ən azı yarım saat, 45 dəqiqə mütaliə etməsəm, rahat yata bilmirəm. Vaxtım az olanda mütaliəni daha çox təyyarəyə saxlayıram. Bunların hamısı dəlilik deyil, amma xobbi sayıla bilər. Həyatının maraqlı keçməsi, həm də özünü zənginləşdirmək üçün boş durmaq olmaz. 

-Şahmatdan söz düşmüşkən, deyilənə görə, Milli Məclisdə boş vaxtınız olan kimi şahmat oynayırsız.

-Əslində Milli Məclisdə çox da boş vaxtımız olmur. Fasilədə vaxt olanda əsasən Qüdrət Həsənquliyevlə oynayıram. Çox vaxt onun ofisinə gedirəm. Digər millət vəkillərindən Tahir Rzayevlə rastlaşanda şahmat oynayırıq. 

-Bəs futbolu hansı millət vəkilləri ilə oynayırsız?

-Əvvəllər hamısı ilə oynayırdım. Sonra onların böyük əksəriyyəti futbolu tərk etdilər. Son vaxtlaradək Adil Əliyevlə tez-tez bir yerdə oynayırdıq. O da işi olmayanda gəlir. Amma mən "Neftçi”nin bazasına daimi gedir, orda əsasən keçmiş futbolçularla oynayıram. 

-Deyirlər, uduzanda komanda yoldaşlarınızın üstünə qışqırırsız. 

-Ümumiyyətlə, tək futbolda deyil, digər idman növlərində də çox çılğın oynayıram. Uduzmağı xoşlamıram deyə komandanın bütün üzvlərindən məsuliyyətli və fədakar oynamasını tələb edirəm. Qalib gələndə rəqib komandaya müəyyən dərəcədə sataşmalarımız, onların zəif olduğu barədə fikirlər səsləndirməyimiz onlar üçün çox üzücü olur. Amma özümüz uduzanda bizə qarşı da eyni halı tətbiq edirlər. 

-Ötən il sizin şeir və tərcümələrinizdən ibarət kitabınız çap olundu. Maraqlıdır, şeirləriniz daha çox hansı mövzudadır?

-Bu mənim 30 il öncə yazdığım şeirlərdir. Yeni şeir yazmıram. Siyasətlə aktiv məşğul olandan şeir və siyasəti bir arada düzgün hesab etmədim. Ümumiyyətlə, siyasətdə duyğusallaşmağı istəmirəm. Həyatda onsuz da insan duyğusaldır, müəyyən kədərli hadisələrə acıyır, sevincli hadisələrə sevinir. Amma siyasətdə bir az daha soyuqqanlı olmaq məcburiyyətindəsən. Şeir bəlkə buna bir az mane olar deyib daha çox oxumaqla, əzbərdən deməklə zövq alıram. 

Amma 30 il əvvəl yazdığım şeirlər müxtəlif mövzularda idi, əsasən əsgərlik həyatında yazdıqlarımdır. Təxminən orta məktəb illərindən şeir yazmağa başlamışam. Hətta şeirlərim "Azərbaycan” jurnalında da çap olunurdu. Orda sevgi, Güney Azərbaycan, vətən, bütövlükdə bir insanın ölümü, həyata baxışı mövzusu var. Yəni, konkret olaraq bir istiqamətdə mövzum olduğunu düşünmürəm. 

-Adətən tanınmışlar haqqında şayiələr uydurulur. Sizin haqqınızda isə belə bir şayiə danışılır ki, gənclikdə bir qıza aşiq olmusuz. Bundan xəbər tutan qızın qardaşları üstünüzə hücuma gəlib. 

-Ümumiyyətlə, mən aşiq olmamışam. Xoşlamışam, kiməsə xoş duyğularım olub, amma məcnunluqla aram olmayıb. Cəmiyyətdən kənara çıxa biləcək bir pozisiyada olmaq, formata düşməyə maraqlı olmamışam, heç vaxt sevməmişəm. Aşiq olmaq həm də cəmiyyət həyatından təcrid olunmaqdır. Bu, mənim üçün bəlkə də yaxşı bir şey olardı, amma onu yaşamamışam. Kiminləsə konkret olaraq belə bir həddə gəlib çıxa biləcək münasibətim olmayıb. 

Sevgi, mənə elə gəlir ki, insanın izah edə bilməyəcəyi bir şeydir. Hətta ailə ilə, yaşadığın qadınla, yaxud da tanıdığın, dostluq etdiyin insanlarla da bunu müəyyənləşdirmək çətindir. Həyat eşqi güclü olan insanlarda insana böyük sevgi olur. Məndə belədir. Ola bilsin ki, onun bir qismi ata-anaya, qadınına, dostuna da köçür. Buna görə də bütöv bir sevgini bir yerə paylamaq deyə bir anlayış yoxdur. Mənə elə gəlir ki, mən öz sevgimi həyatım boyu paylaya bildiyimə görə bir qədər rahatam, bu gün nəyinsə əzabını, sıxıntısını, iztirabını çəkmirəm.

-Aşiq olmadığınızı deyirsiz, ona belə çıxır ki, sevib evlənməmisiz?

-Yox, sevib evlənməmişəm. Ailə həyatım sırf təsadüfə dayanır. Məni dədə-baba qaydası ilə, "Arşın mal alan”da olan kimi evləndiriblər. Ailə həyatı insanı tamamilə dəyişir. Bu qədər ailəyə bağlı insan olacağımı təsəvvür etmirdim. 

-Hərdən sizi "hakimiyyət yönlü deputat” adlandırırlar. Bu, sizi qıcıqlandırmır?

-Qətiyyən xeyr. Mən artıq ideoloji sədləri keçmiş adamam. Deyir, "Əvvəl özünü tanı, sonra elə nəzər elə”. Fazil Mustafa özünü tanıyan adamdır. Həyata baxışımda, dünya görüşümdə xeyli dəyişikliklər olub. Dəyişməyən insan anormal insandır. İnsan oxumalı, öyrənməli, keçmişdə bildiklərinin üstünə əlavələr etməli, yenilənməlidir. Amma mənim insanlara fayda vermək missiyam heç vaxt dəyişməyib. Hər zaman daxilən cəmiyyətin yaxşı yaşaması üçün çalışan insanam. 

Mənim də istədiyim Azərbaycan qurulmayıb. Amma bu, o demək deyil ki, mən ölkədən köçüb getməliyəm. İstədiyim Azərbaycanı qurmaq üçün hansı şərtlər altında olur-olsun onun mübarizəsini aparacam. 

30 il bundan əvvəl bizdə milli duyğular, ölkənin demokratik gələcəyi, bütöv Azərbyacan haqqında xəyallar, sabit təsəvvürlər var idi.  Bügünkü prizmadan bir siyasətçi üçün Azərbayacan modelinə baxışda birinci parametr təhlükəsizliklə, dövlətin qorunması ilə bağlıdır. Demokratiya mənim üçün ikinci mövqeyə keçən amildir. Faktiki olaraq bu gün dövlətin mövcud olub-olmaması riski var. Bu risk isə xaricdə, çevrəmizdə baş verən hadisələr, üzərimizdə hegemonluğu olan dövlətlərin təzyiqi ilə bağlıdır. 

Mənim siyasi fəaliyyətim nə hökümət, nə də müxalifət yönlüdür. Mənim bu gün siyasətə baxışım sırf müstəqil, öz görüşlərini Azərbaycan cəmiyyətinə təbliğ edən bir siyasətçinin mövqeyidir. Bəzən mən hətta açıq-aşkar cəmiyyətin qaydalarına zidd fikirlər səsləndirirəm. Bu səbəbdən İranın, Ərəbistanın cəhalət sürüsü dini baxışlarıma görə, tarixdən anlayışı olmayanlar isə tarixə baxışlarıma görə məni söyür. Bunu normal qəbul edirəm. Çünki siyasətçi olaraq həmin fikirləri deməməliyəm. Bəzən hətta cəmiyyətimizi də kifayət qədər tənqid edirəm. Bu baxımdan demək istəyirəm ki, mənim üçün bunun heç bir mənası yoxdur. Əsas odur ki, cəmiyyətə doğruları deyən şəxs kimi yaddaşda qalaq. 

-Fərqli fikir və ideyalarınızı, tezislərinizi daha çox facebookda paylaşırsız. Bəlkə də sosial şəbəkədən ən çox istifadə edən deputatsız.

-Facebbok əslində döyüş, açıq polemika yeridir. Həm də cəsarət tələb edir. Hamının qarşısına çıxırsan. Bəzən söyüşdüyüm anlar olub. Kimlərsə təhqir edib, təhqirlə cavab vermişəm. Bilmirəm, taleyimə nə yazılıbsa, yaxın çevrəmdəki insanların böyük əksəriyyəti məni intellektual müdafiə etmək yükünü üzərinə götürmür. Kənardan, tanımadığım adamlar məni müdafiə edir. 

-Özünüz də bəzən tanımadığınız adamları müdafiə edirsiz.

-Görəndə ki,  mütərəqqi bir rüşeym var, müdafiə edirəm. Məsələn, Güntay Gəncalpı, 
Elşad Mirini. Hansısa mürtəce fikirlər varsa, ona qarşı gedirəm. 
Bu günlərdə kiminsə türkcə danışması tənqid olunanda dedim ki, əcəb edib danışıb. Hər kim istəsə türkcə danışa bilər, bunu heç kim qadağan edə bilməz. İran şəbəkəsi dərhal çalışdı ki, hansı yollasa böhtan atsın. Və yaxud məktəbləri müdafiə etdim, məni nurçularla əlaqələndirdilər. Bu günlərdə ərəb şeyxini təhlil etdim, dedilər ki, vəhhabilərə qarşı çıxıram və sairə. 

Elə olub ki, debatları, Şah İsmayılla, Babəklə bağlı fikirlərimizi bəyənməyən, bizi təhqir edən insanlar bu günlərdə Rəsulzadə ilə bağlı olan  çıxışımı paylaşıblar. Nə tarixi, nə də başqa məsələləri mexaniki düsturlarla açmaq olmaz. Bu düsturları dağıdanda  görürsən ki, üstünə çox gəlirlər, bu da siyasətçiyə sərf eləmir. Hansısa cinah sənə qarşı olur, reytinq itirirsən. Amma həm də çox sayda insanlar doğru düşüncəsini sabitləşdirirlər. 
Mənim küçəyə çıxmağa, bir milyon adam yığmağa imkanım yoxdur. Amma bu qədər insanı facebookda, sosial şəbəkədə yığa bilirəm. Hansısa fikrimi orda müzakirəyə çıxarda bilirəm. 

-Rəsulzadədən danışdız. Bu gün də Rəsulzadəyə qarşı sayğısızlıq davam edir. Onun doğum günü ərəfəsində Gəncədə büstü olan park bağlanıldı, metronun "28 May” stansiyasında barelyefi sökülərək yerində hansısa tikinti şirkətinin reklamı yerləşdirilidi və sairə. Nə baş verir? Hakimiyyət Rəsulzadədən niyə bu qədər qorxur, ona qısqanclıqla yanaşır?

-Hakimiyyət Rəsulzadədən əslində qorxmur. Bəlkə əvvəlki vaxtlarda sanki bir az Azərbaycan dövlət modelinin şəriki kimi baxırdılar. Lakin indi bu yanaşma yoxdur. İndi ayr-ayrı xırda məmurların öz təşəbbüsləridir. Hakimiyyət qorxsaydı, onun heykəllərini, adını yığışdırar, sərəncam verməzdi. Doğrudur, Rəsulzadənin adını daha çox əbədiləşdirmək olar, daha böyük tədbirlər görmək olar, amma edilmir. Bunu etiraf edək. Amma Rəsulzadənin adını silmək kimi cəhdlər də yoxdur. Mənim də o gün bununla bağlı bir açıqlamam oldu ki, "metronun rəisinə Şaumyanın şəklini göndərmək lazımdır, otağına vursun!”. Məhəmməd Əminin şəklini götürən, başına çuval keçirən azərbaycanlı deyil! Demək, o, istəyir ki, Rəsulzadənin yerinə Şaumyanın şəkli olsun. Türklərin bir sözü var, "adama hörmət etmirsən, məqamına hörmət elə”. Ola bilər, adama hörmət etməzsən, başa düşməzsən, anlaya bilməzsən ki, Rəsulzadə kimdir, amma məqama hörmət elə. 10 minlərlə Şaumyanın portretini çıxardıb göndərməliyik o adamlara ki, asın sinənizdən, evinizdən, dədənizin qəbrinin üstündən. Azərbaycan vətəndaşı olan insan  birdəfəlik bilməlidir ki, bu dövlətin qurucusu Rəsulzadədir. Başqa kəşfə ehtiyac yoxdur ki. Hamının, Əbülfəz Elçibəyin, Heydər Əliyevin, İlham Əliyevin də xidməti var bu dövlətin böyüməsində. Bunu hamı qeyd eləsin. Amma bu dövlətin qurucusu ünvanını daşıyan şəxsiyyətə, həm də həyatını buna həsr etmiş, ailəsini qurban vermiş insana bu cür hörmətsizlik yolverilməzdir.

-Niyə ikinci dəfə hərbi xidmətə getdiz?

-İkinici dəfə 36 yaşımda hərbi xidmətə getdim. Məqsəd məni siyasətdən uzaqlaşdımaq idi.

-Yəni, hüquqi əsası yox idi?

-Heç bir hüquqi əsası yox idi. Gözləyirdilər ki, mən getməkdən imtina edəcəm. Mən də dedim bu, qanunsuzdur, məhkəməyə verəcəm, amma vətəni qorumaq borcumdur, gedib xidmətini edəcəm.

-Nə deyib əsaslandırdılar?

-Dedilər ki, zabit kimi hərbi xidmət keçməyib. Mən əsgər kimi iki il  sovet ordusunda xidmətdə olmuşdum. Sadəcə, o zaman mən bir sıra Xalq Cəhbəsi və müəyyən siyasi konfiqrasiyalara, hakimiyyətin cızdığı planlara mane olurdum. Ona görə də fikirləşirdilər ki, məni mütləq uzaqlaşdırmaq lazımdır ki, o proyektlər həyata keçsin. 

-Ola bilməz ki, özünüzün yazdığınız və ya sevdiyiniz şairlərin şeirlərindən əzbər bilməyəsiz.

-Məsələn, indi Məhəmməd Hadidən çox sevdiyim bir şeiri deyə bilərəm. (M.Hadinin "Ümid səhneyi-tamaşayi-həyatın ruhudur” şeirindən iki bənd deyir).
Bildiyim çox şeir var. Amma öz şeirlərimdən çoxu yaddaşımda qalmayıb artıq. 

-Xanımınıza şeir ilthaf etmisiz?

-Xeyr. Hərdən xanımım da məndən inciyir ki, ona bir dənə də olsun şeir yazmamışam. 

-Heç olmasa şeir oxumusunuzmu?

-Bəli. Amma yazmamışam. Ona deyirəm ki, övladlarıma da şeir yazmamışam, siz mənim yazılmamış şeirlərimsiniz.

-Yəqin ki, təklikdə, xəlvətdə qalanda zümzümə etdiyiniz mahnılar var.

-"Laçın” mahnısını çox sevirəm. Onu dinləyəndə həm sevgi, həm də itirilmiş vətən duyğusunu yaşayırsan. "Burası Muşdur, yolu yoxuşdur,  gedən gəlmiyor, əcəb nə işdir” türk mahnısını da xoşlayıram. Hətta maşınımda da var. Yol gedəndə bir neçə ifada dinləyirəm. Daha çox onu zümzümə edirəm. 

-Bizim üçün bir az zümzümə edə bilərsinizmi?

-Yox, səsim xoşuma gəlmir (gülümsəyir). Məclisdə, dostlarla olanda daha çox şeir deməyi, şeir aurasını xoşlayıram. 

-Müasir ifaçılardan kimləri bəyənirsiz?

-Səsin köhnəliyi olmur. Məsələn, mən sevə-sevə Şövkət Ələkəbərovanı, Oqtay Ağayevi, Alim Qasımovu  dinləyirəm. Flora xanım nəgəndir, o, bütün dövlərin yadda qalan obrazıdır. Bü günün müğənnilərindən Röyanı dinləyirəm, yaxşı səsi var, Elnarə Abdullayevanı və sairə. Amma daha çox klassiklərə qayıdışım çoxdur. Xüsusilə də Şövkət Ələkbərovanı dinləməkdən yorulmuram. 

-Var xalq artisti, bir də var xalqın artisi. Sizcə, hazırda hansı daha çoxdur?

-İkisi də anormal anlayışdır. Artist niyə xalqın artisti olur? Artistlik Allahın verdiyi vergidir. Bu vergini paylaşmalısan. Elm adamı biliyini, zəngin pulunu, din adamı dini bilgilərini, şair duyğularını və nəhayətdə müğənni də səsini paylaşmalıdır. Amma bu gün hər kəs medal, ad yarışına girib. Yaxşı olardı ki, dövlət bu adamlara ad vermək yerinə pul versin, təqaüdləri artırsın ki, bunlar ad deyil nominasiya yarışına çıxsınlar, festivalların laureatı olsunlar. Cəmiyyəti titul xəstəliyindən qurtarmaq çox vacib məsələdir. 

-25 yaşınızada Əbülfəz Elçibəyin müşaviri olmusuz. Onun şəxsiyyətinə olan sevginizdən mərhum oğlunuzun da adını Elçibəy qoymuşduz. Onunla bağlı heç kəsə məlum olmayan hansısa xatirəniz varmı?

-Çox xatirələr var və bunu nə vaxtsa yazmaq lazım olacaq. Əbülfəz bəy mənim yaddaşımda hər şeydən öncə könül, ürək dostu, müəllim, lider kimi qalıb. O, gəlmiş-getmiş, həyatımda rastlaşdığım ən maraqlı adamlardan biri idi. Bəlkə də ən bəsit, sadə görünən bir obrazında, həyata baxışında çox böyük maraq var idi. Bu çox az adamlara nəsib olur. Olduqca maraql insan idi. Yeməyindən tutmuş hansısa məsələyə münasibətinə qədər orjinallığı indiyə qədər yaddaşımda iz qoyub. Ona görə də onun xatirəsini yaşatmaq üçün belə bir addım atdım. İndi Allahın qisməti beləymiş, onun əleyhinə gedə bilmərik...

-Dinpərəstsiz?

-Xeyr. Amma uzun illərdir dinin bütün qaydalarını sabit şəkildə yaşayıram. Yəni, orucumu, namazımı buraxmaram. Həcc ziyarətində də olmuşam. Amma dinə öz orjinal baxışı ilə yanaşan, dini ehkam kimi qəbul etməyən, hər bir məsələdə öz mühakiməmi birinci önə çəkən anlayışa sahibəm.

Musavat.com