Məhkəmə “Abzas Media”nın işi üzrə iki jurnalistin həbs müddətini uzatdı
10-06-2024 16:58 / Bu xəbər 716 dəfə oxundu
İyunun 10-da Bakının Xətai Rayon Məhkəməsində "Abzas Media”nın işi üzrə həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalının həbs müddətinin daha 1 ay - iyulun 13-dək uzadılması ilə bağlı istintaqın təqdimatını təmin edib.
Bu barədə "Amerikanın Səsi"nə onun vəkili Rəsul Cəfərov bildirib.
Vəkilin sözlərinə görə, iclas zamanı müdafiə tərəfi Babalının həbsinin əsassız olduğunu qeyd edib və həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə vəsatət qaldırıb.
Jurnalist qaçaqmalçılıq ittihamlarını bir daha rədd edib, öz işini jurnalistika ilə əlaqələndirib və məhkəmənin diqqətini sağlamlıq problemlərinə yönəldib.
Babalı görmə qabiliyyətinə əsasən üçüncü qrup əlildir.
Bundan əlavə, ayağında qan damarlarının varikozu var.
Lakin hakim İlahə Abbasova jurnalistin həbs müddətini uzadıb.
Müdafiə tərəfi apellyasiya şikayəti verəcək.
Bundan əlavə iyunun 10-da məhkəmə bu iş üzrə digər jurnalist Elnarə Qasımovanın ilkin həbs müddətini daha 2 ay - avqustun 13- dək uzadıb,
Bu barədə onun vəkili Günay İsmayılova bildirib.
Müdafiə tərəfi jurnalistin həbsdə saxlanması üçün maddi və prosessual əsasların olmaması səbəbindən bu qərarla razılaşmır və qərardan şikayət vermək niyyətindədir.
Elnarə Qasımova ittihamı rədd edir və onu jurnalist fəaliyyətilə əlaqələndirir.
"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb.
Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.
Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.
Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.