Məhkəmə Araz Əliyevi həbsdə saxladı
29-12-2023 16:50 / Bu xəbər 938 dəfə oxundu
Bu gün Bakı Apellyasiya Məhkəməsində "Üçüncü Respublika" Platformasının həmtəsisçisi Araz Əliyevin həbsilə bağlı şikayətə baxılıb.
Müdafiə tərəfi apelyasiya şikayətində göstərib ki, Araz Əliyev ona qarşı irəli sürülən hüquq pozuntularını törətməyib, saxlanılarkən özü fiziki təzyiqə məruz qalıb. Amma məhkəmə şikayəti təmin etməyib.
Bu barədə "Arqument.az"a vəkil Nemət Kərimli məlumat verib.
Araz Əliyev dekabrın 23-də saxlanılıb.
Ertəsi gün məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisə tabe olmamaq) maddələrilə 25 sutka həbs cəzasına məhkum edib.
Nemət Kərimlinin sözlərinə görə, saxlanma zamanı zorakılıqla bağlı prokurorluğa şikayət edib. Ancaq hələlik bununla bağlı ondan ifadə alınmayıb.
Vəkil deyib ki, Araz Əliyevin Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanma məntəqəsində rəftardan şikayəti yoxdur.