Məhkəmə Bəhruz Səmədovun vəsatətini təmin etməyib
23-01-2025 19:08 / Bu xəbər 96 dəfə oxundu
Fəal ona qarşı irəli sürülən ittihamı rədd edib
Çexiyanın Karlov Universitetinin doktorantı, dövlətə xəyanətdə ittiham olunan gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması üçün vəkili vəsatət vermişdi.
Vəsatətə Səbail Rayon Məhkəməsində baxılıb.
Qapalı keçirilən məhkəmə prosesində Bəhruz Səmədovun özü də iştirak edib.
Vəsatəti əsaslandıran vəkil Zibeydə Sadıqova bildirib ki, müvəkkilinə qarşı irəli sürülən dövlətə xəyanət ittihamını təsdiqləyəcək heç bir ilkin dəlil-sübut yoxdur. Buna baxmayaraq, o, sübutlar olmadan ağır ittihamla 5 aydır həbsdə saxlanılır.
Bəhruz Səmədovun ailə vəziyyətinin ağırlığına diqqət çəkən vəkil deyib ki, onun ailə üzvlərindən bircə yaşlı nənəsi var.
Onun da səhhətində ciddi problemlər yaranıb, xüsusilə Bəhruzun həbsi 82 yaşlı qadının durumunu ağırlaşdırıb: "Biz istintaqın davam etməsinə etiraz eləmirik. Bəhruz ev dustaqlığına buraxılsın, istintaqın çağırışlarına da vaxtında gələcək. Onun nənəsindən başqa heç kimi yoxdur. Onu həbsdə saxlamadan da istintaq davam etdirilə bilər”.
Bəhruz Səmədov özü də dövlətə xəyanət ittihamının əsassız olduğunu bildirib.
Vəkilinin vəsatətini müdafiə edib. Məhkəmə vəsatəti təmin etməyib.
Vəkil Zibeydə Sadıqova Səbail Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəyini bildirib.
Bəhruz Səmədovu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tutub.
Onun işi üzrə istintaq da bu qurumda aparılır.
Özü də DTX-nın istintaq təcridxanasında saxlanılır.
Bəhruz Səmədov ötən məhkəmə iclaslarından birində gətirilərkən məhkəmə binasının qarşısında "Yaşasın sülh! Yaşasın xalqların qardaşlığı! İttihamların hamısı yalandı…” demişdi.
Gənc politoloq 2024-cü il avqustun 21-də həbs olunub. Ona qarşı qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb.
O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, milliyyətcə erməni olan qızlara məlumat ötürməkdə təqsirləndirilir.
Bəhruz Səmədov isə ittihamı qəbul etmir, yazılanların yalan olduğunu bildirir.
O, həbs qərarı verilən məhkəmədə çıxış edərək bildirib ki, sülhpərvərdir, müharibənin əleyhinədir.
Çıxışları, məqalələri də bu barədədir. Buna görə də susdurmaq üçün saxta ittihamla cəzalandırılır.