Məhkəmə daha bir medianın reyestrlə bağlı şikayətini rədd etdi
26-09-2023 02:28 / Bu xəbər 805 dəfə oxundu
Məhkəmə qanunun Konstitusiya və Konvensiyalara uyğun olub-olmadığına baxmayıb
Məhkəmə Media Reyestrinə qeydiyyata alınmayan medialardan daha birinin – "Gündəm Xəbər” qəzetinin şikayətini rədd edib.
Media hüququ üzrə ekspert Xalid Ağəliyev bildirib ki, qəzet və onun onlayn media resursu reyestrə düşmək üçün müraciət etsə də, tənzimləyici orqan həmin medianın fəaliyyətinin davamlı olmamasını (gündəlik azı 20 kütləvi informasiya yaymaq) əsas göstərərək imtina qərarı qəbul edib.
Həmin qərarın qanuniliyi Bakı İnzibati Məhkəməsində mübahisələndirilib.
Məhkəmə yeni media qanununa istinad edərək şikayəti təmin etməyib.
Deyib ki, qanun 20 xəbər şərti nəzərdə tutubsa, əməl edilməyibsə, deməli, reyestrə qeydiyyatdan imtina qərarı da qanuni olub.
Hüquqçu bildirir ki, əslində çox ağır və anlaşılmaz tələb olsa da, mediaların 20 xəbər problemi yoxdur, əksər medialar qanunda nəzərdə tutulan bu şərtə əməl edir, göstərilən sayda xəbər yayımlayır.
Problem ondadır ki, qanunun həmin xəbərlərin məzmunu ilə bağlı başqa şərtləri də var:
"Göstərilən sayda xəbər medianın özünün olmalı, yaxud özünün deyilsə, başqa medianın informasiyasını abunəlik və ya müqavilə əsasında yaymalıdır. Abunəlik və ya müqavilə olmadıqda başqasının informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini yaya bilər”.
Xalid Ağəliyev deyir ki, "Gündəm Xəbər”in işində də vəziyyət oxşar olub.
20 xəbər tələbi ödənilib, lakin məhkəmə bununla bağlı arqumentləri nəzərə almayıb:
"Məsələn, "Gündəm Xəbər”də jurnalist Heydər Oğuzun Naxçıvanla bağlı çoxsaylı yazıları müəllif yazısı kimi yayılıb. Məhkəmə hesab edib ki, belə yazıların ya 3-də biri yayılmalıdır, ya da müəlliflə müqavilə bağlanmalıdır ki, qanunun tələbləri tam ödənilmiş sayılsın. Bundan başqa, məhkəmə sözügedən qanuni şərtlərin Konstitusiyaya, Azərbaycanın tərəfdar çıxdığı Konvensiyalara uyğun olub-olmaması ilə bağlı şikayətdə qaldırılan mübahisələrin heç birinə münasibət bildirməyib”.
Xalid Ağaliyev.
Foto: Meydan TV
Hüquqşünas bildirib ki, burada tək ümid yuxarı instansiyaların belə işlərə daha ədalətli və əhatəli baxmasıdır.
Daha öncə "dogruxeber.az” saytının da oxşar məzmunlu şikayəti eyni məhkəmə tərəfindən rədd edilib.
Ondan öncə, ilin əvvəlində isə Medianın İnkişafı Agentliyi "24saat.org” MMC-ni media reyestrinə daxil etməkdən imtina edib.
İmtina məktubunda buna əsas olaraq, göstərib ki, saytın fəaliyyəti davamlı deyil.
Agentlik hər saytdan onlayn media resursuna hər gün azı 20 özəl xəbər yerləşdirməyi tələb edir.
İddia olunur ki, "24saat.org” saytı bu tələbə cavab vermir.
2021-ci ilin sonunda Azərbaycanda "Media haqqında” Qanun parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib.
2022-ci ilin fevralında ölkə başçısının təsdiqləməsilə qanun qüvvəyə minib.
Yeni qanun həmçinin media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur.
Reyestrin aparılması qaydaları ölkə başçısının 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib.
Ölkənin müstəqil jurnalistləri və media sahəsinin mütəxəssisləri düşünür ki, "Media haqqında” Qanunun qəbulu, Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığına ziddir.
Beynəlxalq təşkilatlar və o cümlədən, Venesiya Komissiyası da qanunla bağlı mənfi rəy verib, bunu ifadə azadlığına müdaxilə sayıb.