Məhkəmə Əvəz Zeynallının cəza müddətini 2 ay azaldıb
18-12-2024 18:42 / Bu xəbər 220 dəfə oxundu
Dekabrın 18-də Ali Məhkəmədə "Xural TV" internet resursunun təsisçisi Əvəz Zeynallının və "Səda TV" yutub kanalının rəhbəri Elnur Şükürovun kassasiya şikayətinə baxılıb.
"Əvəz Zeynallı bütün ittihamları rədd edib, jurnalist fəaliyyətinə görə təqib olunduğunu bildirib. O xatırladıb ki, artıq bir dəfə rüşvət alma ittihamı ilə həbs edilib, lakin Avropa Məhkəməsi bunu qanunsuz hesab edib", - deyə vəkil Fəxrəddin Mehdiyev "Turan"a bildirib.
Bu gün Ali Məhkəmə Zeynallı barəsində 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasını 2 ay azaldıb.
İşin digər fiqurantı, 4 il müddətinə həbs edilmiş Elnur Şükürovun cəzası 1 il azaldılıb.
***
Əvəz Zeynallı və vəkil Elçin Sadıqov 10 sentyabr 2023-cü il tarixində rüşvət almaqda şübhəli bilinərək saxlanılıblar, sentyabrın 11-də isə məhkəmə hər ikisini həbs edib.
İstintaqın məlumatına görə, Zeynallı Sadıqovun vasitəçiliyi ilə həbsdə olan sahibkar Rasim Məmmədovun haqqında nüfuzdan salan məlumatlar dərc etməmək üçün onun ailəsindən 20 min manat rüşvət alıb.
Sentyabrın 17-də Bakı Apelyasiya Məhkəməsi Sadıqov barəsində işi ayrıca icraata ayıraraq, onu ev dustaqlığına keçirib.
Sonradan Zeynallıya qarşı CM-in 312.1.1-ci maddəsi ilə yeni ittiham (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) irəli sürülüb.
Eyni iş üzrə Elnur Şükürov da həbs olunub.
2024-cü ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsi Zeynallını 9 il, Şükürovu 4 il müddətinə azadlıqdan məhrum edib.
Apreldə Apelyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.