Məhkəmə iki jurnalistin həbs müddətini uzadıb

Məhkəmə iki jurnalistin həbs müddətini uzadıb

21-05-2024 17:19 / Bu xəbər 617 dəfə oxundu

Mayın 21-də Səbail Rayon Məhkəməsi "Kanal 13" İnternet televiziyasının rəhbəri Əziz Orucovun və bu media strukturunun əməkdaşı Şamo Eminovun ilkin həbs müddətini daha 1 ay uzadıb. 

Bu barədə Turan-a jurnalistlərin yaxınları bildiriblər.

Onların sözlərinə görə, məhkəmənin qərarlarından apellyasiya şikayəti veriləcək.

Əziz Orucov 27 noyabr 2023-cü ildə qanunsuz tikintidə ittiham edilərək üç ay müddətinə həbs edilib.

Dekabrın 19-da Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ona qarşı yeni ittiham irəli sürülüb. 

Orucovu 8 ilə qədər həbs cəzası gözləyir.

Əziz Orucov  2017-ci ildə də qanunsuz sahibkarlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

2018-ci ildə Ali Məhkəmə cəzaya yenidən baxaraq ittihamı ləğv etdi.

**"Kanal-13” ilə əməkdaşlıq edən jurnalist-frilanser Şamo Eminov dekabrın 22-də saxlanılıb və "qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən qaçaqmalçılıq" ittihamı (Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ilə üç ay müddətinə həbs edilib.