Məhkəmə jurnalist Hafiz Babalının şikayətini təmin etməyib

Məhkəmə jurnalist Hafiz Babalının şikayətini təmin etməyib

13-05-2024 15:56 / Bu xəbər 601 dəfə oxundu

Mayın 13-də Bakının Xətai Rayon Məhkəməsində "Turan" agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalının "İki sahil" qəzetinə qarşı iddiası üzrə proses başa çatıb. Prosesə Sahibə Hacıyeva sədrlik edib.

Babalının Qafqazinfo.az saytına qarşı analoji iddiası üzrə prosesdən fərqli olaraq, bu prosesdə jurnalistin özü iştirak etməyib və istintaq təcridxanasından video əlaqə ilə qoşulub.

İddia 28 dekabr 2023-cü ildə: "Hafiz Babalının işi üzrə yeni detallar", - məqaləsinin dərc edilməsilə əlaqədar qaldırılıb.

Vəkil Rəsul Cəfərov qeyd edib ki, yazıda araşdırmaçı jurnalist kimi Babalının şərəfinə, ləyaqətinə və işgüzar reputasiyasına xələl gətirən böhtan və təhqiredici məlumatlar var.

Əsasən məqalədə bildirilib: "Babalı qrant layihələrilə əlaqədar xarici təşkilatlar və fondlar ilə əlaqə quraraq, onların tapşırığı ilə araşdırmalar aparıb və məqalələr hazırlayıb".

Hafiz Babalının iştirak etdiyi layihələrə Avropadakı azərbaycanlı siyasi mühacirlərin cəlb edilməsi barədə fikirlər də böhtan adlandırılıb.

Vəkil jurnalistin ünvanına ittihamların sübut edilmədiyini qeyd edib ki, bu da media orqanının məsuliyyətinə səbəb olur. 

Eyni zamanda, Cəfərov qeyd edib ki, "İki sahil" məsuliyyətdən azad edilə bilməz, çünki Babalıya qarşı ittihamlar dövlət orqanlarının və digər rəsmi mənbələrin, habelə informasiya agentliklərinin məlumatlarından götürülməyib.

Babalı deyib ki, redaksiya onun fikrini öyrənməyib, halbuki, KİV haqqında qanun bunu tələb edir. 

O qeyd edib ki, onun antikorrupsiya araşdırmalarının obyektləri yüksək vəzifəli şəxslər, deputatlar, məmurlar olub və heç kim heç vaxt irad irəli sürməyib, təkzib tələb etməyib, məhkəməyə verməyib.

Babalı məhkəmədən xahiş edib ki, nəşrdən böhtan xarakterli iddiaları təkzib etməyi, ondan üzr istəməyi və 9900 manat məbləğində kompensasiya  ödəməyi və məhkəmə xərclərini ödəməyi tələb etsin.

"İki sahil"in nümayəndəsi məhkəməyə gəlməyib.

Hakim Hacıyeva iddianı təmin etməyib. Qərarı elan edərkən bunu heç bir şəkildə əsaslandırmayıb.

Babalı "Qafqazinfo.az" saytına  və ATV telekanalına qarşı analoji iddialar irəli sürüb. 

ATV-yə qarşı iddia təmin edilməyib. 

"Qafqazinfo.az"a qarşı məhkəmə çəkişməsi davam edir.

Hafiz Babalı dekabrın 13-də saxlanılıb. Ona qarşı "xarici valyuta qaçaqmalçılığı" ittihamı irəli sürülüb. 

Məhkəmənin qərarı ilə üç ay müddətinə ilkin həbs cəzasına məhkum edilib. 

Hafiz Babalı "Abzas Media" işi üzrə cəlb edilib. 

Hüquq müdafiəçiləri Hafiz Babalını siyasi məhbus kimi tanıyıblar.