Məhkəmə jurnalisti yenə həbsdə saxladı

Məhkəmə jurnalisti yenə həbsdə saxladı

03-06-2024 22:57 / Bu xəbər 724 dəfə oxundu

Bazar ertəsi Bakı Apelyasiya Məhkəməsi jurnalist Nərgiz Absalamovanın həbs müddətinin uzadılmasından verilmiş şikayəti təmin etməyib.

Məhkəmə Xətai Rayon Məhkəməsinin jurnalistin həbs müddətinin daha 22 gün - iyunun 20-nə qədər uzadılması haqqında qərarını qüvvədə saxlayıb.

Vəkil Rövşanə Rəhimovanın "Turan"a verdiyi məlumata görə, məhkəmədə istintaq orqanı yenində həbsin uzadılmasını istintaq hərəkətlərinin aparılması zərurəti ilə əsaslandırıb. 

İstintaq orqanı hesab edir ki, Absalamova azadlıqda qalarsa təhqiqatın gedişatına təsir göstərə bilər.

Müdafiə tərəfi bu iddiaları əsassız adlandırıb. 

Vəkill istintaq başladıqda Absalamova şahid statusunda olduğu zamandan etibarən onun istintaqdan yayınmadığına diqqət çəkib. 

Saxlanıldığı gün o, özü dindirilmə üçün polis bölməsinə gəlib. 

Bundan başqa, jurnalist barəsində istintaq hərəkətləri aparılmır. Lakin Apelyasiya Məhkəməsi müdafiə tərəfin dəlillərini nəzərə almayıb və şikayəti təmin etməyib.

***

20 noyabr 2023-cü il tarixindən etibarən "Abzas Media"nın altı jurnalisti və mətbuat işçisi "valyuta qaçaqmalçılığı" ittihamı ilə həbs olunub. 

Onlar ittihamları qəbul etməyiblər, cinayət işini "Abzas Media"da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndiriblər.

Beynəlxalq KİV-i müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə və KİV-ə qarşı təzyiqlərə son qoymağa çağırıb.