Məhkəmə rüşvət almaqda ittiham olunan gömrükçüləri azadlığa buraxdı

Məhkəmə rüşvət almaqda ittiham olunan gömrükçüləri azadlığa buraxdı

16-03-2022 17:30 / Bu xəbər 633 dəfə oxundu

Azadlığa buraxılanlar arasında məhkəmə sədrinin kürəkəni, generalın yaxın qohumu da var

Bakı Baş Gömrük İdarəsinin rüşvət almaqda ittiham edilərək, ötən ilin mayında həbs olunan vəzifəliləri martın 16-da azadlığa buraxılıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub. 

Hakim Əli Məmmədovun sədrliyilə çıxarılan hökmə əsasən, 8 nəfər təqsirləndirilən şəxsdən 7-si məhkəmə zalından azadlığa buraxılıb, birinə isə 5 il həbs cəzası verilib.

7 nəfərdən də altısı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə təqsirli bilinib. 

Onlara münasibətdə Cinayət Məcəlləsinin 62-ci (qanunda nəzərdə tutulan cəzadan daha aşağı həddə cəza təyin olunması) maddəsi tətbiq olunub. 

Onlar 9 ay azadlıqdan məhrum edilib. 

Ötən ilin mayından həbsdə olduqlarına və cəza müddəti başa çatdığına görə hökmün elanından dərhal sonra məhkəmə zalından azadlığa buraxılıblar.

Azadlığa buraxılan daha bir nəfər – "İpək Yolu” gömrük postunun inspektoru Mirağa Ağayev haqqında bəraət hökmü çıxarılıb. 

Məhkəmə onun ümumiyyətlə, təqsirsiz olması qənaətinə gəlib.

Təqsirləndirilən şəxslər rüşvət almaqdan əlavə, həm də Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsilə ittiham olunurdu. 

Məhkəmə bu maddəni ittihamdan xaric edib. Ümumiyyətlə, hakimlər belə nəticəyə gəlib ki, sabiq gömrükçülərin işi üzrə prokurorluqda aparılan istintaq zamanı çoxsaylı nöqsanlara yol verilib.

Sabiq gömrükçülər özlərini təqsirli bilmirlər. Son sözlərində də məhkəmədən bəraət istəyiblər. Prokuror isə onlara 8 il ildən 8 il 6 aya qədər azadlıqdan məhrumetmə cəzası verilməsini istəmişdi.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2021-ci ilin mayında Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib. 

Saxlanılanlar arasında Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, bu qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, "İpək Yolu” gömrük postunun inspektoru Mirağa Ağayev, "Global Broker” MMC-nin direktoru, eyni zamanda, "D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanov və digərləri olub.

Martın 16-da məhkəmə zalından azadlığa çıxanlar arasında bir sıra yüksək vəzifəli şəxslərin qohumları da var. 

Orxan Zöhrabov Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərovun kürəkənidir. 

Emin Xəlilov isə gömrük sistemində çalışan generallardan birinin yaxın qohumudur. Naxçıvan MR-nın keçmiş Baş nazirinin (Baxşıyev) qardaşı oğlu və DİN-in Daxili Təhqiqat Baş İdarəsinin keçmiş rəisi Sahib Mirzəyevin qardaşı oğlu da tutulanlar arasında idi.(Meydan TV)