Məhkəmə şikayəti təmin etmədi: Navalnı ciddi rejimli koloniyaya köçürülür

Məhkəmə şikayəti təmin etmədi: Navalnı ciddi rejimli koloniyaya köçürülür

24-05-2022 15:50 / Bu xəbər 1218 dəfə oxundu

Moskva Şəhər Məhkəməsi müxalif lider Aleksey Navalnının dələduzluq və məhkəməyə hörmətsizlik işi üzrə hökmdən verdiyi şikayəti rədd edib.

"Radio svoboda”nın yazdığına görə, hökm - 9 il azadlıqdan məhrumetmə cəzası dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəyə minib. 

Navalnı ciddi rejimli koloniyaya köçürülməlidir.

Vladimir vilayətində başqa bir iş üzrə cəzaçəkmə müəssisəsində olan siyasətçi prosesdə videobağlantı vasitəsilə çıxış edib.

Navalnı keçən ilin fevralında "İv Roşer” işi üzrə şərti cəzasını real hökmlə əvəz edən digər hakim Natalya Repnikovanın da adını çəkib. 

Siyasətçinin sözlərinə görə, hakim "tanıdığı vəkillər vasitəsilə onun qərarından peşman olduğunu və onu "cəsur adam” adlandırdığını bildirib. 

"Bir müddət sonra Natalya Repnikova öldü", - deyən Navalnı bunun "formal olaraq" koronavirusdan baş verdiyini qeyd edib.

Navalnı Rusiya hakimiyyətini 2020-ci ilin avqustunda "Noviçok" zəhərindən istifadə edərək ona qarşı sui-qəsd təşkil etməkdə ittiham edir.

"Bellingcat” qrupunun məlumatına görə, daha bir neçə rusiyalı müxalifətçi və ictimai xadim "Noviçok" tərəfindən zəhərlənib, onlardan Navalnı kimi bəziləri sağ qalıb, bəziləri isə yox.

Navalnı son çıxışında Rusiya hakimiyyətini "rus xalqının düşmənləri, satqınları və qatilləri” adlandırıb və Ukraynadakı müharibəni tənqid edib: "Həmişə sizin dövranınız olmayacaq və dövranınız keçəcək. Siz hamınız cəhənnəmdə yandığınız zaman 21-ci əsrdə sizin yeni müharibələrə başlamanızı istəməyən babalarınız sizin ocağınıza odun atacaq".

Bu ilin martında Navalnı 9 il həbs və pul cəzasına məhkum edilib. 

O, böyük miqyasda dələduzluqda təqsirli bilinib. 

Navalnı ittihamları rədd edir və onları siyasi adlandırır.