Məhkəmə “Toplum TV işi” ilə bağlı saxlanılanları həbsdə saxlayıb
10-01-2025 03:04 / Bu xəbər 60 dəfə oxundu
Vəkillər ittihamın əsassız olduğunu, ortaya mötəbər sübutların qoyulmadığını deyiblər
"Toplum TV” ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərin istintaq dövründə həbsdə saxlanma müddətinin aprelinin əvvəlinə qədər artırılması barədə Xətai Rayon Məhkəməsinin dekabrın 27-də çıxardığı qərardan vəkillər apelyasiya şikayəti vermişdi.
Həmin şikayətlərə yanvarın 8-də və 9-da Bakı Apelyasiya Məhkəməsində baxılıb.
"Toplum TV” internet televiziyası və eyni adlı portalın təsisçisi, media üzrə ekspert Ələsgər Məmmədli, video-redaktoru Müşfiq Cabbar, III Respublika Platformasının spikeri, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov və digərlərinin məhkəmələri ayrı-ayrılıqda keçirilib.
Qapalı keçirilən məhkəmə proseslərində onların özləri də iştirak edib.
Vəkillər də, jurnalistlərin özləri də bildiriblər ki, "Toplum TV” ilə bağlı cinayət işi əsassızdır.
Məqsəd müstəqil medianı susdurmaqdır.
Jurnalistlər siyasi sifarişlə həbs olunduqlarını vurğulayıb, Azərbaycanda müstəqil məhkəmə sistemi olmadığına görə hakimlərdən də ədalətli qərar gözləmədiklərini deyiblər.
Vəkillər isə bildiriblər ki, "Toplum TV” işi üzrə 10 aydan çoxdur ki, istintaq gedir, bu qədər şəxs həbsdə saxlanılır.
Müstəntiq istintaqın davam etməsini əsas gətirərək həbs qətimkan tədbirinin müddətinin artırılmasını istəyir.
Xətai Rayon Məhkəməsi də müstəntiqin bu barədə vəsatətini və prokurorun təqdimatını təmin edib.
Vəkillər bildirib ki, 10 ay kifayət qədər uzun müddətdir və insanların ortaya mötəbər sübut-dəlil qoyulmadan həbsdə saxlanılması yolverilməzdir.
Müstəntiq isə bütün məhkəmə proseslərində müdafiə tərəfinin arqumentlərinə etiraz edib və həbs müddətinin uzadılması barədə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını istəyib.
Apelyasiya məhkəməsi də "Toplum TV” işi üzrə həbsdə olanlarla bağlı qərarların heç birini dəyişməyib.
Həbsdə olanlardan Müşfiq Cabbarın vəkili Nazim Musayev deyir ki, hüquqlarını müdafiə etdiyi şəxs qaçaqmalçılıqda ittiham edilir.
İttihama görə, o, ölkəyə qanunsuz valyuta gətirməkdə təqsirləndirilir.
Vəkilin sözlərinə görə, uzun illərdir xaricə gedib-gəlməyən Müşfiq Cabbarı ölkəyə qaçaqmalçılıq yolu ilə valyuta gətirməkdə ittiham etmək başadüşülən deyil:
"Üstəlik, bu adam 10 aydan çoxdur ki, həbsdədir. İstintaqın uzadılması, insanın barəsində həbs qətimkan tədbiri seçilməsinin əsaslandırması olmalıdır. Konkret Müşfiq Cabbarın özünə münasibətdə heç bir istintaq hərəkəti aparılmır”.
2023-cü il martın 6-da "Toplum” internet televiziyasının redaksiyasında və Demokratik Təşəbbüslər İnstitutunun ofisində polisin axtarışı olub və qapısı möhürlənib.
Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.
Həbs olunanlar arasında III Respublika Platformasının spikeri Akif Qurbanovdan başqa, qurumun Qurucu Heyət üzvü Ruslan İzzətli də var.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.
Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.
2023-cü ilin noyabrından bu yana ölkədə 30-dan artıq jurnalist və bloger həbs olunub.
Onların əksəriyyətinə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.
Həbs olunanların əksəriyyəti "Meydan TV”, "AbzasMedia”, "Toplum TV” əməkdaşlarıdır.
Jurnalistlər özlərini təqsirli bilmir, dövlət başçısı və digər məmurların korrupsiya əməlləri, digər qanunsuzluqlar haqda araşdırmalarına görə cəzalandırıldıqlarını bildirirlər.