Məhkəməyə etiraz: Tofiq Yaqublunun qeydləri, sualları, qələmi müsadirə edilib...
16-08-2024 18:55 / Bu xəbər 857 dəfə oxundu
Tofiq Yaqublunun bugünkü məhkəmə prosesi onun hakimlərə etirazı ilə başlayıb.
Bu barədə qızı Nigar Həzi "Facebook"da yazıb.
O bildirib ki, bu gün, avqustun 16-da keçirilən prosesdə Tofiq Yaqublu 1 saylı Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirilərkən özünümüdafiə üçün yazdığı qeydlər, "zərəkçəkən”ə verəcəyi sualları, qələmi, markeri əlindən alınıb:
"Bu, kobud qanun pozuntusudur. T.Yaqublunu şərləməkləri azmış kimi, indi də ona özünü müdafiə etməyə imkan vermirlər".
Nigar Həzinin sözlərinə görə, müstəntiq Abdulla Cəlilli işi elə bərbad ssenari əsasında yazıb ki, indi də işin içindən çıxa bilmir:
"T.Yaqublunun məhkəmədə səsləndirəcəyi sualları öyrənmək üçün əlindən alınır və qeydlərin bir nüsxəsi Abdulla Cəlilliyə ötürülür. O da bu yolla üzəduranları yönləndirir. Tofiq Yaqublunun özünümüdafiə üçün bütün imkanları əlindən alındığı üçün vəkil Aqil Layıc məhkəmədən yuxarıda qeyd etdiyim səbəbdən prosesin təxirə salınmasını və Bakı İstintaq Təcridxanasının bugünkü əməlinin araşdırılmasını vəsatət verərək tələb etdi".
"Bugünkü məhkəmədə üzəduran "zərərçəkən” Elşən Hüseynova jurnalistlərə müsahibə verməsini təklif etdim. Zərərçəkənsiz və Tofiq Yaqublunun dələduzluq edərək sizin pulları necə mənimsədiyini ictimaiyyətə də çatdırın. O isə dinmədən hakim qapısından məhkəmə zalını tərk etdi. 2020-ci ildəki şərləmədə də Tofiq Yaqublunun üzünə duranlar bu cür məhkəməyə gəlib-gedirdilər", - Nigar Həzi belə deyib.
Onun sözlərinə görə, son məhkəmələrdə hakim Elnur Nuriyev jurnalistlərin məhkəmə prosesində çəkiliş aparmasına icazə verməmişdi: "Bunu da onunla əsaslandırmışdı ki, yalnız akreditasiyadan keçmiş jurnalistlər məhkəmədə çəkiliş edə bilər. Bu gün Tofiq Yaqublu Mülki Prosesual Məcəlləyə istinad edərək qanunda belə bir şeyin yazılmadığı dedi və qanunu ona göstərdi. Bundan sonra hakim Elnur Nuriyev bildirdi ki, jurmalistlər ərizə ilə müraciət etsin, sonra biz baxaq.
Hakimiyyət bu saxta cinayət işinin daha çox ictimailəşməsini istəmir və ona görə də süni və absurd bəhanələr gətirərək əngəllər yaradır".
Tofiq Yaqublunun növbəti məhkəmə prosesi 23 avqust saat 16:00-a təyin olunub.
Tofiq Yaqublu dekabrın 14-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.
O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib.
5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb.
O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub.
İddia olunurdu ki, o, "8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib.
Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.
Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb.
Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb.
2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.
Tofiq Yaqublu etiraz aksiyalarında, mitinqlərdə iştirakına görə bir neçə dəfə inzibati qaydada 30 sutkalıq həbs olunub.












