Məhkumun atası prezidentə müraciət etdi

Məhkumun atası prezidentə müraciət etdi

14-12-2019 16:11 / Bu xəbər 971 dəfə oxundu

Gəncə Apelyasiya Məhkəməsinin hakimi Teyyub Muxtarovdan şikayət var.

Bu barədə məhkum Qasımov Bahadur Əli oğlunun 80 yaşlı atası, Şəmkir sakini Qasımov Əli Əmiraslan oğlunun Prezident İlham Əliyevə müraciətində qeyd olunur.

Nuh.az-a daxil olan müraciətdə deyilir:

"Möhtərəm Prezident! 

Rusiya vətəndaşı olan oğlum Qasımov Bahadur Əli oğlu ailəmizin şərəfi-namusu  ilə bağlı mübahisə zəminində Daşkəsən rayon  sakini Asəf İsayevi qətlə yetirib.  Belə ki Daşkəsəndə təyinat üzrə müəllimə işləyən qız  nəvəmi Asəf  İsayev zorla qaçırıb. Nəvəmin valideynləri övladlarını geri qaytarıblar. Ancaq  Asəf İsayev  nəvəmi yenidən zorla qaçıracağını təkidlə bildirib. Oğlum Bahadur məcbur olub məsələyə qarışıb və mübahisə zəminində Asəfi qətlə yetirib və könüllü olaraq polisə təslim olub. Mən oğlumun günasız olduğunu qəti iddia etmirəm. Bəli, oğlum ailə namusu zəminində  cinayət törədib və haqlı olaraq cəzasını almalıdır. Ancaq bu cəza haqlı və ədalətli olmalıdır. 

Birincisi, mənim oğlum oğurluq, qulduqluq səbəbi ilə cinayət törətməyib. Bu bir ailənin şərəf məsələsidir. Siz özünüz də dəfələrlə qeyd etmisiniz ki, biz bir millət olaraq bizə yad dəyərlərə, yabançı əxlaqa inteqrasiya edə bilmərik. Bizim dəfələrlə tələbimizə baxmayaraq  qarşı tərəf öz çirkin niyyətindən əl çəkməyib və oğlum məcburiyyət qarşısında  cinayətə yol verib. Əlbəttə, mən yenə də oğluma bəraət qazandırmıram. Amma, CƏZA-nın dərəcəsi CİNAYƏT   əməlinin dərəcəsinə uyğun olmalıdır. Yəni cəza nə artıq, nə də əskik olmalıdır. Mənim də tələbim və xahişim oğlumun ədalətlə mühakimə olunması və kimlərinsə tələbi və sifartişi  ilə deyil, qanunun tələbi ilə cəzalandırılmasıdır. Başqa xahişim yoxdur. 

Cənab Prezident! 

Siz özünüz də dəfələrlə  qeyd etmisiniz ki, məhkəmə-hüquq sistemində ciddi problemlər var və bunun üçün islahatlara ehtiyac var. Bizim bir ailə olaraq istəyimiz də oğlumun ədalətlə mühakimə olunmasıdır. Ancaq təəssüf ki,  09 dekabr 2019-cu il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin hakimi, Cinayət kollegiyasının sədri  Teyyub Muxtarovun  sədrliyi ilə appelyasiya şikayətinə  baxılıb  və  oğlum Bahadur Qasımovun cəzası 1  il artırılaraq  o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq adına ƏDALƏT məhkəməsi dediyimiz  qurum oğlumun söz demək haqqını tanımayıb və son  söz deməyə imkan verməyib. Heç orta əsrlərdə belə mühakimə olmayıb. Hətta ən qatı cinayətkarın  son söz demək haqqı var. 

Hakim oğlumun özünə yeni vəkil tutmaq tələbini qəbul etməyib. Əgər  hakim mənim oğluma  öz sözünü deməyə imkan vermirsə, hansı ədalətdən danışmaq olar? 
Oğlum öz vəkilindən imtina etdiyi və vaxt istəməsinə baxmayaraq hakim qanunları və ədalət hissini unudaraq  oğlumun hüquqlarını pozdu.  Yeri gəlmişkən, Təhsil Nazirliyi və  Daşkəsən Təhsil şöbəsi bugünədək  təyinatla ucqar dağ kəndinə göndərdiyi  öz kadrının talehi ilə maraqlanmayıb. 

Bir daha təkrar  edirəm ki, mənim və ailəmin məqsədi oğlumun cəzasını yüngülləşdirmək deyil. Mən istəyirəm ki, hər şey ədalətli və qanuna uyğun olsun. Biz Sizin ədalətinizə sığınırıq, cənab Prezident! 

Dərin hörmətlə, Qasımov Əli Əmiraslan oğlu ( AZE  01804808 ,  13.02.1940 Şəmkir RPŞ 05.02. 2004)".

Redaksiyadan: 

Məlumat üçün qeyd edək ki, 2018-ci ilin  sentyabr ayında  Daşkəsən rayonu Almalı kənd sakini  Asəf  İsayev  Şəmkir rayonundan olan qızı qaçırdaraq Daşkəsən şəhərində yaşayan nənəsigilə aparıb. Sonra qızın valideynləri ora gedərək  qızı geri qaytarıblar. Asəf İsayev isə onlara qızı yenə qaçırdacağını deyib.

Məsələyə qızın Şəmkir rayonunun Tatarlı kəndindən olan 39 yaşlı dayısı, Rusiya vətəndaşı Qasımov Bahadur Əli oğlu qarışıb və oğlana onunla görüşüb, söhbət etmək istədiyini bildirib. Onlar görüşüblər, aralarında mübahisə düşüb və nəticədə  B.Qasımov  onu  qətlə yetirib. Bir neçə gündən sonra  B.Qasımov  Şəmkir rayon Polis şöbəsinə gedərək törətdiyi cinayəti etiraf edib və könüllü şəkildə təslim olub. 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb. Sonra Bahadur Qasımovun barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinin  hakimi Faiq Mahmudovun icraatına verilib və məhkəmənin hökmü ilə Bahadur Qasımov 18 il azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan tərəflər Gəncə  Apelyasiya Məhkəməsinə müraciət edib. 

09 dekabr 2019-cu il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin hakimi, Cinayət kollegiyasının sədri  Teyyub Muxtarovun  sədrliyi ilə appelyasiya şikayətinə baxılıb və  Bahadur  Qasımovun cəzası 1  il artırılaraq  o, 19 il müddətinə azadlıqdan məhrum edilib.