Mehman Əliyev: ""Sərhədsiz Reportyorlar" Azərbaycanla bağlı daha sərt qiymətləndirmə aparmalı idi"
22-04-2021 16:16 / Bu xəbər 2113 dəfə oxundu
""Sərhədsiz Reportyorlar"ın media indeksində Azərbaycanın 167-ci yerdə qərar tutması çox üzücüdür. Təəssüf ki, Azərbaycan kimi potensialı olan bir ölkə bütün əlamətlərinə görə geridə qalmış və çox ciddi problemlər yaşayan ölkələrin kategoriyasında yer alır".
Bunu media hüququ üzrə ekspert Ələsgər Məmmədli təşkilatın "Dünyada mətbuat azadlığı indeksi”ni "Toplum TV"-yə şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan bu sahədə hətta qonşu ölkələrdən də çox geridə qalır: "Halbuki bu siyahıda qonşu Gürcüstan 60-cı, Ermənistan isə 63-cü yerdədir. Bu problemlər sistemli şəkildə zaman-zaman gündəmə gətirilsə də, təəəsüf ki, Azərbaycan höküməti media azadlığının təməl prinsiplərinə diqqətsiz yanaşır. Bu təməl elementlər ilk növbədə jurnalistlərin təhlükəsizliyidir, amma Azərbaycanda jurnalist və blogerlər ciddi təqib və basqılara məruz qalırlar".
Ələsgər Məmmədli: "Dövlət nə vaxt mediaya müdaxilə etməsə, onda problemlər həll olunacaq"
Ekspert deyir ki, digər əsas problem diffamasiyaya ilə bağlıdır: "Jurnalistlər uzun illər böhtan və təhqirə görə məsuliyyətə cəlb olunublar. İnformasiyaya çıxış problemi media nümayəndlərinin üzləşdiyi bir başqa problemdir. Halbuki jurnalistlərin rəsmi və dövlət qurumlarının əlində olan informasiyaya çıxışları olmalı, istər şifahi, istərsə də yazılı sorğular zamanında və adekvat cavablandırılmalıdır. Təəssüf ki, Azərbaycanda bu istiqamətdə də xeyli problemlər var. Belə ki, lazımi informasiyalar rəsmi qurumların internet resurslarına yerləşdirilmir, sorğulara zamanında və doğru cavab verilmir. Bu mövzuda olan mübahisələrə isə nə Ombudsman, nə də məhkəmələr effektiv reaksiya verir".

"Azərbaycanın bu hesabatda geridə qalmasının başqa bir səbəbi isə internet resurslarına olan basqılardır. Bundan dörd il öncə Azərbaycan media sahəsində azad olmayan ölkələr kateqoriyasında görünsə də, internet sahəsində qismən azad olmayan ölkə siyahısında idi. Lakin 2017-ci ildən sonra qanunvericiliyə gətirilən dəyişikliklərdən sonra bu sahədə də geriləmələr oldu. Burada internetin zəifliyi, regionlara fiberoptik internetin çatdırılmaması və internetin paylanmasında yaranan monopoliya da önəmli rol daşıyır", - Ələsgər Məmmədli belə deyir.
O hesab edir ki, dövlət medianın fəaliyyətinin tənzimlənməsinə müdaxilə etməməlidir: "Dövlətin media sahəsini tənzimləməyə çalışması bir başqa önəmli məsələlərdən biridir. Teleradio sferası istisna olmaqla, dövlət kütləvi informasiya vasitələrinin, o cümlədən onlayn medianın tənzimləməsinə müdaxilə etməməli və bu, özünü tənzimləmə çərçivəsində olmalıdır. Lakin bu ilin yanvarında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunin adının dəyişdirilərək Medianın İnkişafı Agentliyinə çevrilməsi, həmin agentliyin tənzimləmə səlahiyyəti baxımından kütləvi informasiya vasitələri və onlayn medianı da əhatə etməsi, mediaya inzibati sanksiyalar tətbiqetmə hüququnu əldə etməsi mətbuat azadlığına müdaxilədir. Ona görə də nə vaxt Azərbaycanda dövlət medianın tənzimlənməsindən imtina edəcəksə, mətbuatın fəaliyyətinə qarışmayacaqsa, onda problemlər də həllini tapacaq".
Mehman Əliyev: "Hesabatı yetərincə obyektiv sayıram"
"Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev də mətbuat azadlığı ilə bağlı problemləri siyasi idarəetmədə görür: " Azərbaycan hakimiyyəti azad sözü, azad medianı görmək istəmir və ona görə də belə hallar yaranır. Azərbaycandaki medianın 99 faizi hakimiyyətin təsiri altındadır. Medianı əbəs yerə "dördüncü hakimiyyət" adlandırmırlar. Medianın həm hakimiyyət üzərində nəzarət funksiyası olmalı, həm də cəmiyyətlə dövlət arasında körpü rolu oynamalıdır. Hakimiyyət isə medianın bu funksiyalarının olmasını istəmir, çünki bu halda korrupsiya olmayacaq. Ona görə də 20 ildən artıqdır ki, medianın susdurulması siyasəti aparılır".

Azərbaycanda mətbuat azadlığının qonşu ölkələrlə müqayisəsinə gəlincə, Mehman Əliyev hesab edir ki, bu da məhz siyasi idarəetmə ilə bağlıdır: "Gürcüstan və Ermənistanda seçkilər demokratik yolla baş tutur. Yaxşı və ya pis - fərq etməz, seçilənlər xalqın səsi ilə seçilir. Azərbaycanda isə azad seçki yoxdur, seçimlər siyasi qərarlar əsasında gerçəkləşir. Demokratik yolla seçimlərin üstünlüyü ondadır ki, siyasi arenada rəqabət və mübarizə gedir, dövlətin idarəsində hər kəsin rolu olur, yəni hamı bir-birinə nəzarət edir. Belə bir şəraitdə onlar medianın susdurulmasında deyil, əksinə fəal olmasını maraqlı olurlar. Qonşu ölkələrin bu hesabatda daha üst sıralarda olmasının səbəbi budur. Hesabatı yetərincə obyektiv sayıram, hətta deyərdim ki, hələ yumşaqdır. Çünki bu hesabatı hazırlayanlar uzaqdan izləyirlər və rəy formalaşdırırlar. Biz isə bunları yaşayırıq. Mən olsaydım, Azərbaycanla bağlı daha sərt qiymətləndirmə edərdim".
Zahid Oruc: "Azərbaycan 167-cı yerdə deyil"
Deputat Zahid Orucov isə hesab edir ki, Azərbaycanın media indeksində 167-ci yerdə göstərilməsi yanlışdır: "Biz çox yaxşı bilirik ki, Azərbaycan 167-cı yerdə deyil. Amma bizi bəzi inkişafdan geridə qalmış ölkələrlə eyni sıraya qoyublar. Halbuki Azərbaycan yüz illərin mətbuat ənənələrinə sahibdir. Hətta SSRİ-nin tərkibində olduğumuz zamanlarda belə, azsayılı mətbuat orqanları vaistəsilə janr müxtəlifliyini, ixtisaslı kadrları, çap mediasının müsbət ənənələrini qoruya bilmişik".

O, media sahəsindəki problemlərin aradan qaldırılması ilə bağlı islahatların aparıldığını da bildirib: "İlk növbədə əvvəlki zamanlarda yol verilən səhvlərin aradan qaldırılması hədəf götürülüb. Yəni media məkanı hər bir ölkənin iqtisadi, siyasi, hərbi imkanlarının güzgüsüdür. Medianın iqtisadi bazisi, reklam bazarı, onun ixtisaslaşması, çeşitlənməsi beynəlxalq əlaqələri və digər sahələrdə problemləri görürüksə, bu, şübhəsiz ki, narahatedici haldır. Amma buna baxmayaraq, dövlətin media məkanına informasiya siyasəti baxımından dəstəyi, Medianın İnkişaf Agentliyinin yaranması, düzgün analizlərin aparılması, müstəqilliyi yönündə atılan addımlar sayəsində qısa bir müddətdə güclü dəyişiklər olacaq. Ümid edirik ki, o zaman beynalxalq reytinq təşkilatları düzgün dəyərləndirmələr edib Azərbaycanın atdığı addımlara müsbət qiymət verəcəklər".
Xatırlatma
Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) 2021 - Dünya mətbuat azadlığı indeksini açıqlayıb. Sənəddə Azərbaycan 180 ölkə arasında 167-ci sıradadır.
Ölkə ötən ilə müqayisədə bir pillə irəliləyib, belə ki, 2020-ci ildə Azərbaycan sıralamada 168-ci yerdə idi.
Sənədin Azərbaycanla bağlı hissəsində bildirilir ki, ölkədə müstəqil jurnalistlər, blogerlər təhdidə, şantaja, rüşvətə məruz qalırlar.
RSF bildirir ki, Azərbaycan hökumətinin 2019-cu ilin sonlarında elan etdiyi islahat gözləntiləri suya düşüb: "Azərbaycandan mühacirət edən jurnalistlər, blogerlər yaşadıqları ölkələrdə rahat buraxılmır, onları susdurmaq üçün Azərbaycandakı yaxınları, ailə üzvləri basqı altında saxlanılır. Müstəqil xəbər saytları bloklanıb”.
Hesabatda keçmiş SSRİ ölkələrindən ən pis göstərici Türkmənistana aiddir: 178-ci yer.
Azərbaycanla qonşu Gürcüstan 60-cı, Ermənistan 63-cü sıradadır.
Mətbuatın azad olduğu ölkələrə gəlincə, ilk üçlükdə Norveç, Finlandiya, İsveç gəlir.












